Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti: “Azərbaycan dünya çempionatının təşkili ilə bağlı dünyaya böyük mesaj verdi”

Xəbərlər
21 Oktyabr 2023 11:13
170
Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti: “Azərbaycan dünya çempionatının təşkili ilə bağlı dünyaya böyük mesaj verdi”

“Bakıda keçirilən dünya çempionatı son illərdə keçirilən ən möhtəşəm mundial oldu. Buna görə Azərbaycan Atıcılıq Federasiyasına xüsusi təşəkkürümü bildirmək istəyirəm”.

İdman.biz xəbər verir ki, bunu Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasından öncə jurnalistlərin suallarını cavablandıran Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi deyib.

O, atıcılıq üzrə son dünya çempionatının Azərbaycanda təşkilindən növbəti dəfə razılıq ifadə edib. Rossinin sözlərinə görə, Azərbaycan yarışın təşkili ilə nəinki bizi, federasiya olaraq dünyaya böyük mesaj verib: “Ölkəniz öz mədəniyyətini, öz qonaqpərvərliyini yüksək şəkildə nümayiş etdirdi. Gələn il üçün də xüsusi tədbirlər planı hazırlayırıq. Dünya kubokunu və Yay Olimpiya Oyunlarına hazırlıq dönəmini Bakıda keçirtmək istəyirik. Paris-2024-dən sonra qaliblərin iştirakı ilə dünya çempionatı tərzində bir yarışı da Azərbaycana həvalə istəyirik”.

Federasiya prezidenti bildirib ki, Bakıdakı Atıcılıq Mərkəzi çox gözəldir: “Nəinki Avropada, hətta dünyada ən yaxşılarından biri sayılır. Təkcə dünya çempionatı deyil, Avropa çempionatının da Bakıda keçirilməsi çox yaxşı olardı. Düşünürəm ki, bu istiqamətdə çalışmaq olar”.

Rossi Azərbaycanda atıcılıq idmanın daha inkişafı üçün öz töhfələrini verməyə hər zaman hazır olduqlarını bildirib: “Azərbaycanda atıcılıq inkişaf dönəmindən keçir. Artıq bu sahə üzrə çox böyük addımlar atılıb. Azərbaycan Atıcılıq Federasiyasının rəhbər şəxsləri ilə görüşlərimiz olub. Onlar bu sahənin inkişafı üçün çox böyük addımlar atırlar. Mən də Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti olaraq bu işdə öz töhfəmi verməyə hazıram. Bunun həm mədəni, həm texniki inkişafı üzərində işlər görülür. Layihələr üzərində çalışırıq ki, Azərbaycan daha gözəl nəticələr versin. İnanıram ki, Paris-2024 Yay Olimpiya Oyunlarından sonra Azərbaycan artıq müəyyən nəticələr əldə edə biləcək”.

Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti hətta gələcəkdə ölkəmizin Yay Olimpiya Oyunlarını təşkil etməyə qadir olduğunu da sözlərinə əlavə edib: “Azərbaycan I Avropa Oyunlarını təşkil edib. Bu təşkilatçılığı çox uğurla həyata keçirmişdi. Ölkənizin Yay Olimpiya Oyunlarını təşkil etməyə potensialı var. Dünya çempionatının açılış mərasimində cənab prezident İlham Əliyevə bu təşkilatçılıq ilə bağlı təşəkkürümü bildirmişəm. Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi mümkünsüz bir şey deyil”.

Qeyd edək ki, Avropa Atıcılıq Konfederasiyasının Assambleyaları hər 2 ildən 1 keçirilir.

Emin Ağa

İdman.biz