Azərbaycanın 10 atıcısı hədəfə doğru

Xəbərlər
3 May 2024 10:31
Azərbaycanın 10 atıcısı hədəfə doğru

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün daha iki növdə mübarizəyə start veriləcək.

Həm kişilər, həm qadınlar pnevmatik tapançadan 10 m məsafədən atəş açmada təsnifat mərhələsində dəqiqliklərini yoxlayacaqlar. Azərbaycanın 10 atıcısı hədəf önünə keçəcək.

Lakin yalnız 3 kişi və 3 qadın snayperimiz finala vəsiqə qazanmaq və medallar üçün mübarizə aparacaq. Digərləri yalnız reytinq xalları qazanmaqla kifayətlənəcəklər.

Kişi atıcıların yarışı saat 11:15-də başlayacaq. Ruslan Lunyov, Vladislav Kalmıkov və Rəsul Məmmədov finala vəsiqə üçün hədəf önünə keçəcəklər. Hacı Musayev və Elvin Astanov yalnız reytinq xalı üçün mübarizə aparacaqlar.

Saat 15:15-də xanımlar yarışa qoşulacaqlar. Sofiya Barxalova, Leyli Əliyeva və Nigar Nəsirova final, Nəzrin Abbaslı ilə Zeynəb Sultanova reytinq xalı üçün atəş açacaqlar.

Qeyd edək ki, Bakıdakı ilk mükafatçılar bu gün qarışıq komandaların pnevmatik tapançadan 10 m məsafədən atəş açma yarışında müəyyənləşəcək.

İdman.biz

Məqalədə: