İradə Aşumova: “İrəvandakı Avropa çempionatına qatılmayacağıq”

Xəbərlər
6 Yanvar 2026 11:12
56
İradə Aşumova: “İrəvandakı Avropa çempionatına qatılmayacağıq”

“İrəvanda keçiriləcək Avropa çempionatına getməyi heç fikrimizdən belə keçirmirik”.

Bunu güllə atıcılığı üzrə millimizin baş məşqçisi İradə Aşumova deyib.

27 fevral - 5 mart tarixlərində 10 metr məsafədən güllə atıcılığı üzrə Avropa çempionatı Ermənistanın paytaxtı İrəvanda keçiriləcək. Hazırda Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərdə istiləşmə hiss olunur. Bəs Azərbaycan millisi Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının 2026-cı ildə ilk mötəbər yarışında iştirak edəcəkmi?

Olimpiya, üçqat dünya mükafatçısı olmuş 67 yaşlı İradə Aşumova isə bildirib ki, həmin yarışa qatılmayacaqlar.

“Biz tərəfindən III MDB Oyunları zamanı erməni idmançılara dövlət tərəfindən təhlükəsizlik zəmanəti verilmişdi. Onlar gəlib burada yarışmadı. Ona görə də biz də qərar verdik ki, həmin Avropa çempionatında iştirak etməyək. Bunun üçün heç dövlət qurumuna müraciət də etmədik”, - deyə o, prosport.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycan Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdur. O, ötən ayın 18-də ikinci dəfə federasiya prezidenti seçilib.

İdman.Biz