Sabiq cüdoçu sambo üzrə Avropa çempionatında qızıl medal qazandı - Federasiyadan İDMAN.BİZ-ə AÇIQLAMA

24 Aprel 2026 14:23
220
Sabiq cüdoçu sambo üzrə Avropa çempionatında qızıl medal qazandı - Federasiyadan İDMAN.BİZ-ə AÇIQLAMA

Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmələr və gənclər arasında sambo üzrə Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

İdman.Biz bu barədə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədova istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan samboçuları yeniyetmələr arasında üç bürünc medal qazanıblar. Gənclər kateqoriyasında isə bir qızıl, iki gümüş və bir bürünc medal əldə olunub.

“Yeganə Avropa çempionumuz 98 kq çəki dərəcəsində çıxış edən Tuncay Şamil oldu. Elcan Ələkbərov (58 kq) və Mikayıl Əmirov (71 kq) gümüş medal qazandılar. Hacıbaba İmaməliyev (+98 kq) isə bürünc medala sahib çıxdı. Yeniyetmələr arasında isə Abdullətif Musayev (53 kq), Yusif Hüseynov (58 kq) və Elşən Fərzəliyev (+98 kq) bürünc medal əldə etdilər”, - deyə Ceyhun Məmmədov bildirib.

Federasiya rəhbəri xüsusilə qızıl medal qazanan idmançının çıxışını yüksək qiymətləndirib:

“Tuncay üçün çox sevinirəm. O, cəmi 20 yaşındadır, amma artıq böyüklər arasında ölkə çempionatının bürünc mükafatçısı olmağı bacarıb. Düşünürəm ki, cüdo idman növündən samboya keçidi həm onun özü, həm də bizim idman növümüz üçün uğurlu alındı”.

Qeyd edək ki, ötən il Azərbaycan Cüdo Federasiyası nizam-intizam qaydalarını pozan Tuncay Şamili 10 il müddətinə diskvalifikasiya etmişdi.

İdman.Biz