Avropa Kanoe Assosiasiyasının prezidenti: “Azərbaycanı avarçəkmənin inkişaf mərkəzinə çevirəcəyik” - İDMAN.BİZ POLŞADAN

1 Sentyabr 2026 15:16
146
Avropa Kanoe Assosiasiyasının prezidenti: “Azərbaycanı avarçəkmənin inkişaf mərkəzinə çevirəcəyik” - İDMAN.BİZ POLŞADAN

Avropa Kanoe Assosiasiyası (Paddle Europe) ilə Azərbaycan arasında sıx tərəfdaşlıq münasibətləri formalaşıb.

Bu barədə Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrnana İdman.Biz-ə açıqlamasında bildirib.

O, bu ilin martında Azərbaycana səfər etdiyini və Azərbaycan Su İdmanı Federasiyası ilə Qarşılıqlı Anlaşma Memorandumu imzaladığını xatırladıb. Tərəflər ölkədə Avropa və mümkün olduğu halda Asiya ölkələrini də birləşdirəcək regional inkişaf mərkəzi yaratmağı planlaşdırırlar.

“Bu yaxınlarda oktyabr ayında Azərbaycanda təlim-məşq toplanışlarının təşkili məsələsini də müzakirə etdik. Avropa ölkələrindən olan idmançıları bir araya gətirmək imkanımız yaranacaq. Bundan əlavə, bəzi Asiya ölkələri ilə tərəfdaşlığımızı genişləndirə bilib-bilməyəcəyimizi müəyyənləşdirməyi planlaşdırırıq. Həmin ölkələrin nümayəndələri də Azərbaycandakı toplanışa qoşula bilərlər. Bizim ideyamız Azərbaycanda inkişaf mərkəzi yaratmaq və regionda avarçəkmə idmanının inkişafına töhfə verməkdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq, digər amillərlə yanaşı, ölkənin Avropa ilə Asiyanı birləşdirməyə imkan verən coğrafi mövqeyi ilə də bağlıdır:

“Azərbaycan bir növ Asiyaya açılan qapıdır. Buna görə də burada Asiya qitəsi ilə əlaqələr qurmaq daha asandır. Amma başqa bir məqam da var. Bizim idman növümüz Mərkəzi Avropada yaxşı inkişaf edib, lakin Şərqi Avropada da fəaliyyət göstərmək üçün məkanlara və imkanlara ehtiyacımız var. Bu, bizim strateji konsepsiyamızın bir hissəsidir. Bunun üçün güclü federasiya lazımdır və Azərbaycan Su İdmanı Federasiyası həqiqətən də yaxşı tərəfdaşdır”.

Jan Zunqrnana Azərbaycana daha bir neçə səfər etməyi planlaşdırdığını da bildirib. Onun səfərlərindən birinin, böyük ehtimalla, planlaşdırılan təlim-məşq toplanışları zamanı baş tutacağı gözlənilir. Bundan başqa, gələn ilin martında o, Beynəlxalq Kanoe və Kayak Federasiyasının (Paddle Worldwide) nümayəndələri ilə birlikdə idarə heyətinin iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

“Azərbaycana qayıtmaqdan həmişə məmnunuq, çünki münasibətlərimiz əladır. Federasiya və hökumət tərəfindən böyük dəstək görürük”, - deyə o qeyd edib.

Zunqrnana Azərbaycanda avarçəkmə idmanının daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu potensialın reallaşdırılmasında çətin sulu idman növləri üçün stadionun tikintisi layihəsi mühüm rol oynaya bilər.

“Layihə reallaşarsa, Azərbaycanda çətin sulu idman növləri, məsələn, ikinci olimpiya istiqaməti olan slalom üzrə yarışlar keçirə biləcəyik. Raftinq də var. Beləliklə, bizim idman növündə hələ görüləsi çox iş var. Belə bir obyektin mövcudluğu isə idmanımızın gələcək inkişafı üçün əla vasitə olacaq”, - deyə Avropa Kanoe Assosiasiyasının prezidenti fikirlərini yekunlaşdırıb.

İdman.Biz