Azərbaycan təmsilçiləri “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin üçüncü gününü üç qızıl, üç gümüş və beş bürünc medalla başa vurublar.
İdman.Biz xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kayak qayığında 500 metr məsafəyə yarışda Əlimurad Hacızadə qızıl medal qazanıb. Eyni kateqoriyada Qiyas Əhmədov gümüş, Tengiz Qaqnidze isə bürünc medala sahib çıxıb.
Həmin yaş qrupunda bir nəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda Hüseyn Səmədli üçüncü yeri tutaraq bürünc medal əldə edib.
İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2008-2009-cu il təvəllüdlü idmançıların yarışında Qiyas Əhmədov və Tengiz Qaqnidze qızıl medal qazanıblar. Eyni kateqoriyada Sabir Ağayev və Mikayıl Vəliyev cütlüyü üçüncü olaraq bürünc medala sahib çıxıb.
2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində iki nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Nizami Kərimov və Maqsud Mantaşev üçüncü yeri tutaraq bürünc medal əldə ediblər.
Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə həmin yaş qrupunun yarışında Mustafa Vəlizadə qızıl medal qazanıb.
İki nəfərlik kayak qayığında 500 metr məsafəyə 2010-2011-ci il təvəllüdlü idmançıların yarışında Elmir Tarverdiyev və Mustafa Vəlizadə ikinci olaraq gümüş medala sahib çıxıblar.
Bundan başqa, iki nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Azər İlyasov və İsabala Dadaşzadə gümüş medal qazanıblar. Eyni kateqoriyada Tunar Məmmədzadə və İsmayıl Şirinov cütlüyü isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri turnirin ilk iki günündə də 11 medal qazanıblar. Beləliklə, üç günün yekununda yığmamızın hesabında ümumilikdə 22 medal var.
11:15
Azərbaycan təmsilçiləri “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin üçüncü günündə bir qızıl və iki bürünc medal qazanıblar.
İdman.Biz xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində iki nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Qiyas Əhmədov və Tengiz Qaqnidze bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə ediblər.
Eyni kateqoriyada Sabir Ağayev və Mikayıl Vəliyev cütlüyü üçüncü olaraq bürünc medala sahib çıxıb.
2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində isə iki nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Nizami Kərimov və Maqsud Mantaşev finişə üçüncü çataraq bürünc medal qazanıblar.
Yarış davam edir və günün proqramına uyğun olaraq, hələ altı final mərhələsi keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın gənc avarçəkənləri yarışın Füzuli və Mingəçevirdə keçirilən ilk iki günündə 11 medal qazanıblar.
09:45
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində bu gün son yarışlar keçiriləcək.
İdman.Biz-in yarışa ezam olan əməkdaşının məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkil etdiyi turnirin yekun mərhələsi Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Azərbaycanın gənc avarçəkənləri yarışın Füzuli və Mingəçevirdə keçirilən ilk iki günündə 11 medal qazanıblar.
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı iştirak edir.
Humay İsgəndərova
