Kayak üzrə Azərbaycan milli komandası "Mingəçevir Reqatası-2026" turnirində beynəlxalq yarışlarda qazandığı qızıl medalların sayına görə öz rekordunu qırdı.
Bunu İdman.Biz-ə kayak üzrə Azərbaycan millisinin məşqçisi Mirnazim Cavadov deyib.
Onun sözlərinə görə, təmsilçilərimiz reqatada yeddi deyil, səkkiz qızıl medal da qazana bilərdilər:
"Mustafa Vəlizadə ilə Elmir Tarverdiyevin ikinəfərlik qayıqla 1000 metr məsafəsində ikinci olmaları məni məyus etdi. Çünki onlar, demək olar ki, üç-dörd santimetr fərqlə finişə ikinci çatdılar. Əlavə bir qızılımız da ola bilərdi.
Eyni zamanda Mustafa Vəlizadənin birnəfərlik qayıqla 500 metr məsafəsində çıxışı məni yaxşı mənada təəccübləndirdi. Bundan əvvəlki yarışlarda o, psixoloji cəhətdən rəqiblərinə uduzurdu. Amma bu dəfə öz gücünü tam göstərə bildi və rəqibinin önə çıxmasına imkan vermədi".
Cavadov qeyd edib ki, komanda şəklində çalışıldıqda Mustafa Vəlizadə və Elmir Tarverdiyev kimi idmançılarımız daha böyük arenalarda medal uğrunda mübarizə aparmaq potensialına malikdirlər.
"Bunun üçün çox çalışmaq lazımdır. Məşqçilər heyəti və idmançılar öz bacarıqlarını ortaya qoymalıdırlar. Mustafa Vəlizadə, Elmir Tarverdiyev, Amil Ramazanov və Əlimurad Hacızadə perspektivli idmançılardır. Onlara dəstək olmağa və onlarla işləməyə dəyər. Onlardan dünya və Avropa səviyyəsində yüksək nəticələr gözləmək olar", - deyə o vurğulayıb.
Mütəxəssis bildirib ki, milli komandamızın bu il daha bir turniri qalıb:
"Gürcüstandakı yarışda Azərbaycanı 2010-2011-ci il təvəllüdlü idmançılar təmsil edəcəklər. İlk dəfə deyil ki, biz həmin yarışda iştirak edirik. Ötən illərdə həmin reqatada idmançılarımız yaxşı nəticələr göstəriblər.
Bundan sonra qış hazırlığı olacaq. Növbəti ilin ilk yarışı Prezident Kuboku reqatası olacaq və ona hazırlaşacağıq. Daha sonra isə xaricdə keçiriləcək böyük yarışlar - Avropa və dünya çempionatları var. Çox güman ki, yaxın zamand rəhbərliklə növbəti ilinin planını hazırlayacayıq".
