Kayaklar, keçilər və gur tribunalar: Poznandakı dünya çempionatı nə ilə yadda qaldı - İDMAN.BİZ-in POLŞADAN REPORTAJI + FOTO/VİDEO

30 Avqust 2026 20:51
131
Kayaklar, keçilər və gur tribunalar: Poznandakı dünya çempionatı nə ilə yadda qaldı - İDMAN.BİZ-in POLŞADAN REPORTAJI + FOTO/VİDEO

Polşanın Poznan şəhərində kayak və kanoe üzrə dünya çempionatı başa çatıb.

İdman.Biz Polşadan xəbər verir ki, avarçəkmə yarışlarını adi stadionlarda keçirilən turnirlərlə müqayisə etmək çətindir. Burada əsas arena təbiətdir. Poznanda çempionata Malta gölü ev sahibliyi edirdi - meşə ilə əhatə olunmuş, gəzinti yolları və istirahət zonaları olan mənzərəli su hövzəsi. Yaxınlıqdan çay axır, meşənin özündə isə uşaqlar və böyüklər üçün əyləncə zonaları yaradılıb.

Amma yarış ərazisinə yaxınlaşdıqca kurort ab-havası tez yox olur.

Əvvəlcə həqiqətən də ətrafın turist zonası olduğu təsəvvürü yaranır: suvenirlər, idman geyimləri, avarlar, şişmə SUP lövhələri. Sonra isə tamamilə başqa bir dünya başlayır. Çadırların arasından başlarının üzərində kayak daşıyan idmançılar bir neçə nəfərlik qruplarla keçirlər. Kənardan onlar demək olar ki, sinxron şəkildə bir-birinin ardınca hərəkət edirlər - özünəməxsus idman “tırtılı”. Bir tərəfdə avarlar və avadanlıqlar qurudulur, ətrafda çoxlu qayıq və müxtəlif ləvazimatlar var.

Sonra isə starta hazırlıq başlayır.

Kimsə elə quruda məşq edir: trenajorlar, dartınma hərəkətləri, ağır alətlərlə çalışmalar. Kimsə artıq suya çıxıb və yarışdan əvvəl son dəqiqələri qayıqda keçirir. Burada dünyanın ən güclü avarçəkənləri və paraavarçəkənləri toplaşıblar və Malta gölünün zahirən sakit atmosferinin arxasında böyük fiziki iş dayanır.

Amma bu idman ciddiliyinin içində çempionatın məhz Poznanda keçirildiyini daim xatırladan daha yüngül bir detal da var - keçilər.

Əlində avar olan ağ keçi dünya çempionatının simvoluna çevrilib: onu bannerlərdə, suvenirlərdə, yumşaq oyuncaqlar şəklində, bəzən isə yarış ərazisində gəzən insan boyda maskot kimi görmək mümkündür.

Keçilər Poznanın özünün də ən məşhur simvollarından biridir.

Şəhər əfsanəsinə görə, 16-cı əsrdə ratuşanın yenidən qurulmasından sonra şəhərdə böyük bayram süfrəsi hazırlanırdı. Əsas ət yeməyi - maral əti - yanır və aşpaz xarab olmuş əti əvəz etmək üçün köməkçi oğlanı iki keçi gətirməyə göndərir. Amma keçilər qaçaraq ratuşanın qülləsinə çıxır və toplaşan qonaqların gözü qarşısında bir-birinə buynuz vurmağa başlayırlar. Voyvoda bu mənzərəni görüb oğlanı cəzalandırmaq əvəzinə bağışlayır. Gülməli hadisə şəhər sakinlərinin yaddaşında o qədər qalır ki, ratuşanın saat mexanizminə iki keçi fiquru əlavə edilir. Onlar bu gün də qüllədə peyda olur və buynuzlarını bir-birinə vururlar.

Bu dünya çempionatında diqqət çəkən daha bir qeyri-adi məqam Polşa hərbçilərinin çoxluğu idi. Onları yarış ərazisinin müxtəlif yerlərində görmək mümkün idi. Bu da təsadüfi deyildi: Polşa ordusu çempionatın keçirilməsinə rəsmi dəstək verib, təşkilati işlərə isə Mərkəzi Hərbi İdman Komandası cəlb olunub.

Polşa mənbələrinin məlumatına görə, Poznandakı dünya çempionatı şəhərdə kayak və kanoe üzrə Polşa Silahlı Qüvvələrinin rəsmi şəkildə təşkilata qoşulduğu ilk dünya birinciliyi olub.

Hərbçilər tamaşaçılar üçün keçirilən tədbirlərdə iştirak edir, azarkeşlər üçün müxtəlif fəaliyyətlərin hazırlandığı fan-zonada çalışırdılar. Burada pulsuz əsgər noxud şorbasını dadmaq da mümkün idi.

Çempionatda hərbçilərin xüsusilə çox olmasının başqa bir səbəbi də var idi. Turnirdə Polşanı təmsil edən idmançıların arasında hərbçilər də yer alırdı.

Amma çempionatın əsl atmosferini, əlbəttə ki, təkcə idmançılar yaratmırdı. Burada azarkeşlərin də böyük rolu vardı.

Onların dəstəyi bütün yarışlar boyunca eşidilirdi. Bəlkə də çempionatın ən parlaq xüsusiyyətlərindən biri məhz onların səsi idi.

Tribunalar adi stadionlardakı kimi yerləşmirdi. Orada idmançılar daim tamaşaçılardan cəmi bir neçə on metr aralı olur. Burada isə azarkeşlərlə avarçəkənlər arasındakı məsafə xeyli böyükdür, buna görə də öz idmançılarını dəstəkləmək üçün səsi son həddə çatdırmaq lazım gəlir. Azarkeşlər də buna çalışırdılar.

Kimsə dibsiz stəkandan səsi gücləndirmək üçün özünəməxsus vasitə kimi istifadə etməyi düşünüb. Kimsə isə ümumiyyətlə yarışı velosipedlə müşayiət edir, gölün kənarı ilə idmançıların ardınca hərəkət edirdi.

Yeri gəlmişkən, burada velosiped həqiqətən hər kəsə lazım ola bilərdi. Malta gölü böyükdür və yarışın bir nöqtəsindən digərinə getmək üçün bəzən xeyli yol qət etmək lazım gəlir. Amma məsafədən şikayət etmək çətindir: demək olar ki, hər hissədə gözəl mənzərə açılır.

Azarkeşlər demək olar ki, istənilən hava şəraitində tribunalarda qalırdılar. Polşa havası da bu günlərdə sanki çempionatda iştirak etməyə qərar vermişdi.

Günlərin birində telefonlara güclü leysan və mümkün subasma ilə bağlı xəbərdarlıqlar gəldi. Belə bir məlumatı böyük gölün düz yanında olarkən almaq xüsusilə simvolik idi. Xoşbəxtlikdən ciddi fəsad baş vermədi. Leysan həqiqətən yağdı, amma bir müddət sonra günəş elə parlaq çıxdı ki, az əvvəl burada əsl tufan olduğuna inanmaq çətin idi.

Bununla belə, hava yarışların özünə təsir göstərdi. Külək bəzən o qədər güclənirdi ki, idmançılar startda qayıqları saxlamaqda çətinlik çəkirdilər. Hətta bəzən kayakı start mövqeyinə düzgün yerləşdirməkdə problemlər yaranırdı.

Yağış başlayanda isə yarış daha da baxımlı görünürdü: milyonlarla damcı suyun səthinə düşür, avarlar isə demək olar ki, eyni anda suya dəyərək yarışa əlavə ritm verirdi.

Tamaşaçı üçün bu, gözəldir. İdmançı üçün isə daha bir sınaqdır. Amma məhz belə anlarda məsafədəki bir neçə dəqiqə, hətta saniyənin arxasında nə qədər böyük fiziki və psixoloji iş dayandığını daha yaxşı anlayırsan.

Azərbaycan bu çempionatda yeganə idmançı - Tatyana Smilovenko ilə təmsil olunurdu. Onu suda parlaq çəhrayı kayakı ilə asanlıqla tanımaq mümkün idi.

Bu çempionat idmançı üçün böyüklər kateqoriyasında ilk startlardan biri oldu. Nəticə onun gözlədiyi kimi alınmadı: 500 metr məsafədə 11-ci yer və 200 metr məsafədə finala çıxa bilməmək. Amma yarışlardan sonra Tatyana məyus görünmürdü. Əksinə, idmançının irəli getmək əzmində olduğu hiss olunurdu.

Doğrudur, əvvəlcə o, çempionatdan əvvəl özünü göstərən çiyin zədəsindən sonra bərpa olunmalıdır.

Bu arada, Azərbaycan bu turnirdə təkcə Smilovenkonun çıxışı sayəsində səslənmirdi.

İdman.Biz kayak və kanoe üzrə beynəlxalq və Avropa federasiyalarının – “Paddle Worldwide” və “Paddle Europe”un prezidentləri ilə söhbət etməyə nail olub. Onlarla aparılan söhbətlər göstərdi ki, burada Azərbaycana böyük maraq var: beynəlxalq strukturların ölkədə bu idman növünün inkişafı ilə bağlı artıq müxtəlif layihə və təşəbbüsləri mövcuddur.

Daha bir görüş isə xüsusilə xoş oldu. Artıq mükafatlandırma mərasimi ərəfəsində çexiyalı kanoeçi Martin Fuksa sözün əsl mənasında azarkeşlərin əhatəsində qalmışdı. Tribunadan ona köynəklər atılırdı ki, üzərinə avtoqraf yazsın.

İdman.Biz olimpiya çempionu ilə həm başa çatan dünya çempionatı, həm də Azərbaycan barədə danışıb. Fuksa 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarını və həmin vaxtkı rəqibi - azərbaycanlı kanoeçi Valentin Demyanenkonu xatırlayıb. Onlar həmin yarışda fəxri kürsünü bölüşmüşdülər.

Poznandakı çempionatın iştirakçıları arasında vaxtilə tarixdə ilk dəfə Bakıda keçirilən Avropa Oyunlarında çıxış edən bir çox digər tanınmış avarçəkən də var idi. Bu illər ərzində onlar böyük idman yolu keçib, olimpiya və dünya titulları qazanıb və bu gün dünya avarçəkməsinin əsas simalarından sayılırlar.

Ümid etmək qalır ki, bir gün bu hekayə yenidən Azərbaycanda davam edəcək və bu gün Poznanda söhbət etməyə nail olduğumuz idmançılar ölkəmizə bu dəfə kayak və kanoe üzrə yeni beynəlxalq yarışlara gələcəklər.

İdman.Biz