Beynəlxalq Kayak və Kanoe Avarçəkmə Federasiyasının (Paddle Worldwide) prezidenti Tomas Konetsko Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatını izləyənlərin sırasındadır.
Yarışları hadisə yerindən işıqlandıran İdman.Biz Konetsko ilə görüşüb və Azərbaycanda avarçəkmənin inkişaf perspektivlərini müzakirə edib.
Beynəlxalq Kayak və Kanoe Avarçəkmə Federasiyasının Azərbaycanla bağlı böyük planlarının olduğu görünür. Tomas Konetsko bu ilin martında Mingəçevirə, Suqovuşan və Sərsəng su anbarlarına səfər edib. Səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla da görüşüb.
Konetsko İdman.Biz-ə müsahibəsində Azərbaycanda beynəlxalq turnirlərin keçirilməsi planlarından, Mingəçevirin təlim-məşq mərkəzi kimi inkişafından, həmçinin Qarabağda avarçəkmənin perspektivlərindən danışıb.
– Hazırda dünya çempionatındayıq. Poznandakı yarışların səviyyəsini və miqyasını necə qiymətləndirirsiniz?
– Düşünürəm ki, bu, əla yarışdır. Burada çoxlu sayda milli federasiya – təxminən 90-a yaxın, dünyanın beş qitəsindən 1000-ə yaxın idmançı iştirak edir. Bu dünya çempionatı göstərir ki, bizim idman növümüz inkişaf edir və həqiqətən qlobal xarakter alır. Burada, Poznanda təşkilatçılar əla iş görüblər və dünyanın ən yaxşı idmançıları üçün çox peşəkar yarış meydanı yaradıblar.
– Bu yaxınlarda Azərbaycanda səfərdə olmusunuz və ölkəmizdə beynəlxalq yarışların keçirilməsi perspektivlərini müzakirə etmisiniz. Bu səfərdən hansı təəssüratlarla qayıtdınız?
– İstəsəniz sözümə inanın və ya inanmayın, amma Qarabağın möhtəşəm mənzərəsi hələ də gözümün qarşısındadır. Arxa plandakı bu dağlar, səfər etdiyimiz gözəl göl və orada beynəlxalq yarışlar keçirə biləcəyimizi müzakirə etməyimiz...
Bu danışıqların nəticəsi olaraq təşkilat daxilində belə qənaətə gəldik ki, Sərsəng su anbarı həqiqətən marafon, dünya reytinqi yarışı və ya digər beynəlxalq yarışın keçirilməsi üçün uyğundur. Bu region buna layiqdir və biz ölkənizə onu idman istiqaməti kimi inkişaf etdirməyə kömək etmək istəyirik.
– Qarabağda avarçəkmə üzrə ilk beynəlxalq yarışların nə vaxt keçirilə biləcəyi artıq məlumdurmu?
– Hələlik yox, amma mütəxəssislərin obyektə səfəri artıq oktyabr ayında baş tutacaq. Bundan sonra sədrimiz komitə ilə Qarabağda hansı yarışları keçirə biləcəyimizi müzakirə etməlidir.
Təbii ki, orada hələ lazımi infrastruktur yoxdur. Buna görə də müvəqqəti qurğulara ehtiyacımız olacaq. Bu isə həllini gözləyən çoxsaylı təşkilati məsələlər deməkdir. Amma bizim niyyətimiz yarışları bu gözəl məkana gətirmək və idman növümüzü burada populyarlaşdırmaqdır.
Biz həmçinin Mingəçevirdə hansı yarışları keçirə biləcəyimizi müzakirə edirik. Bu şəhər, şübhəsiz ki, istənilən turnir üçün uyğundur. Bundan əlavə, sizin möhtəşəm paytaxtınız Bakıda slalom arenası yaradılacaq. Əminəm ki, bu kanal tam hazır olduqdan sonra tezliklə orada slalom üzrə Dünya Kubokunun mərhələlərini keçirə biləcəyik.
– Sizcə, Azərbaycanın bu idman növünün inkişafında aparıcı mərkəzlərdən birinə çevrilmək potensialı varmı?
– Əlbəttə. Azərbaycanın avarçəkmədə zəngin tarixi və çoxlu sayda uğurlu idmançısı var. Təəssüf ki, son illərdə dünya çempionatlarında medal qazanmaq sizə nəsib olmayıb.
Lakin ölkə rəhbərliyiniz düzgün addımlar atıb: gənc nəslə sərmayə qoyub. Səfərim zamanı Mingəçevirdə nə qədər çox gənc idmançının məşq etdiyini görmək məni heyran etdi. Təbii ki, idmançının dünya səviyyəsinə yüksəlməsi üçün vaxt lazımdır. Amma siz düzgün istiqamətdə irəliləyirsiniz və dərindən əminəm ki, artıq yaxın gələcəkdə azərbaycanlı idmançılar beynəlxalq yarışlarda medallar uğrunda mübarizə aparacaqlar.
Bu istiqamətdə hərəkəti davam etdirin. Gənclərə və yeniyetmələrə sərmayə qoyun. Bir gün mütləq mükafat uğrunda mübarizə apara biləcək elit səviyyəli avarçəkənləriniz olacaq.
– Azərbaycan yalnız beynəlxalq yarışların keçirilməsi üçün məkan kimi deyil, həm də idmançıların inkişaf mərkəzi kimi nəzərdən keçirilirmi?
– Mingəçevirdə hələ Sovet İttifaqı dövründən qış təlim-məşq toplanışlarının keçirilməsi ənənəsi var. Rusiya və sovet komandaları, həmçinin Bolqarıstan və ADR-dən olan idmançılar təlim-məşq toplanışları üçün Mingəçevirə gəlirdilər. Sizin burada gözəl şəraitiniz var.
Burada hovuz, obyektin yaxınlığında bütün zəruri idman zalları mövcuddur. Biz Beynəlxalq Federasiya olaraq Mingəçeviri idman növümüzün inkişaf mərkəzlərindən biri və digər ölkələrin komandalarının qış təlim-məşq toplanışları keçirə, səviyyələrini yüksəldə biləcəkləri məkan kimi tanıtmağa kömək etmək istəyirik və artıq bunu edirik.
– Paddle Worldwide idmanın inkişafında və idarə edilməsində müasir texnologiyalardan nə dərəcədə fəal istifadə edir? Məsələn, hakimlikdə və yarışların təşkilində süni intellektdən istifadə olunurmu?
– Bu, yaxşı sualdır. Burada inzibati fəaliyyətlə birbaşa yarış prosesini ayırmaq lazımdır. İnzibati sahədə yeni texnologiyalardan və süni intellektdən istifadə edirik. İştirakçıların qeydiyyatı üçün rəqəmsal sistemə sərmayə qoymuşuq, yeni internet saytlarını istifadəyə vermişik. Tam məlumat bazaları yaratmaq istəyirik.
Amma birbaşa yarış meydanında innovasiyaların daha da geniş tətbiqinin tərəfdarı deyiləm. Çünki texniki innovasiyalar avadanlıqları bahalaşdırır. Federasiyalarımızın heç də hamısı yeni avadanlıq almağa və ya yeni texnologiyaları tətbiq etməyə imkan tapmır. Onların bunun üçün maliyyə imkanları yoxdur.
Ona görə hesab edirəm ki, qayıqlar necədirsə, elə də qalmalıdır. Avarlar da olduğu kimi qalmalıdır və müəyyən mənada innovasiyaların daha da geniş tətbiqini dayandırmalıyıq. Çünki sonda hər şey məsafənin son hissəsində idmançının gücü ilə həll olunmalıdır, qayığın və avarın forması və ya texnologiyası ilə yox.
Əgər biz qayıq, avar və texnologiyalara həddindən artıq diqqət yetirsək, idmanımızı bu qədər güclü edən əsas xüsusiyyəti – idmançıların öz gücünü və imkanlarını itirəcəyik.
– Su idman növləri birbaşa ətraf mühitin vəziyyətindən asılıdır. Paddle Worldwide təbiətin qorunması məsələsinə necə yanaşır?
– Bu, əsas məsələlərdən biridir, çünki su bizim idman növümüzün meydanıdır. Bu gün dünyanın hər yerində həm suyun səviyyəsinin aşağı düşməsi, həm də həddindən artıq yüksəlməsi ilə qarşılaşırıq. Buna görə də icmamızda ətraf mühitə düzgün münasibət formalaşdırmaq və onu qorumaq, təbiətə məsuliyyətlə yanaşmaq üçün çox şey edə biləcəyimizi göstərmək istəyirik.
Hər şey sadə məsələlərdən başlayır. Məsələn, zibillərimizi özümüzlə aparmalıyıq. Bunlar kiçik addımlardır, amma birlikdə böyük effekt yaradır. Buna görə də prioritetlərimizdən biri idman növümüzü dayanıqlı şəkildə inkişaf etdirmək, həmçinin karbon qazı emissiyalarını mümkün qədər azaltmaqdır.
Məsələn, avtomobildən istifadə etmək əvəzinə piyada gəzmək və ya velosiped sürmək, arxamızda böyük ekoloji iz buraxmamaq lazımdır.
