Əbülfəz Abuzərli: “Sona 20 saniyə qalmış bir qədər tələsdim” - MÜSAHİBƏ

Müsahibə
25 Sentyabr 2023 13:55
184
Əbülfəz Abuzərli: “Sona 20 saniyə qalmış bir qədər tələsdim” - MÜSAHİBƏ

Meksikada dünya çempionatında bürünc medal qazanan Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərlinin (80 kq, K-44) İdman.biz saytına müsahibəsi

- Dünya çempionatında bürünc medal qazandın. Mükafatın əyyarının daha yaxşı olmasına nə mane oldu?

- Özbəkistan parataekvondoçusu ilə yarımfinal görüşdə 5 dəqiqənin yarısından çoxu bərabər gedirdi. Sona 20 saniyə qalmış bir qədər tələsdim. Xal götürüb irəli keçmək istədim. Lakin rəqib bundan istifadə edib vəziyyəti xeyrinə dəyişdi və qalib gəldi.

- Mundialda rəqabəti necə dəyərləndirirsən?

- Bu, Paris-2024 Yay Paralimpiya Oyunlarından öncə son dünya çempionatıdır. Hər kəs burda var gücü ilə döyüşürdü. Rəqiblər çox güclü idi. Gərgin görüşlər keçdi. Birinci rəqibim Kosta-Rika idmançısı Tokio-2020-nin iştirakçısı idi. Ardınca böyük britaniyalı ilə üz-üzə gəldim. O, son Avropa çempionu və reytinqdə də 3 nömrə idi. Döyüşüm gərgin alındı, 3-cü duelimizdə ikinci qələbəmi qazandım. Yarımfinalda bizim çəkidə dünya reytinqinin 1-cisi olan özbəkistanlı idmançıya uduzdum və bürünc medala layiq görüldüm.

- Bundan öncə Qran-pridə də bürünc medal əldə etmişdin. 2 mükafata sahib olduğun Meksika səfərini necə qiymətləndirirsən?

- Qənaətbəxş hesab edirəm. 3 idmançı ilə gəlmişdik və komanda hesabında dünya çempionatında 3-cü olduq. Qran-pridə də hər birimiz medal qazandıq.

- Yarışların ardıcıl olmasının mənfi və müsbət cəhətləri nədir?

- Yarışların ardıcıl olması bir tərəfdən yaxşıdır ki, təcrübəmiz daha da artır. Hər yarış ayrı-ayrılıqda bir təcrübədir. Digər tərəfdən, zədə baxımından çətinliklər yarada bilir. 1-ci yarışda böyük zədə olanda 2-ci turnirdə bütün gücünü ortaya qoya bilmirsən. Şükür ki, bizdə elə bir ciddi zədə olmadı.

- Paris-2024 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanmaq şansların nə qədərdir?

- Paralimpiadaya reytinqdə ilk “altılıq”da olan idmançılar birbaşa lisenziya qazanırlar. Mən hazırda “altılıq”dayam. Bu yarışlarda topladığım xallarla yerim bir qədər də möhkəmlənir.

- Qarşıdakı yarışlarda əsas hədəfin nədir?

- Hədəfimiz Çində keçiriləcək Qran-pri və Mançesterdə olacaq bu yarışların final mərhələsidir. Orda medal qazanıb reytinq xalımı bir qədər də yuxarı qaldırmaq istəyirəm. Əsas məqsədim isə Paris Paralimpiadasında medal qazanmaqdır.

Emin Ağa

İdman.biz