Azərbaycanın ikiqat Paralimpiya, üçqat dünya və onqat Avropa çempionu İlham Zəkiyev hərbi xidmətdə aldığı ağır yaradan sonra yaşadığı çətinliklər və idmana qayıdışı barədə danışıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Əməkdar idman ustası agentliyin “Onun hekayəsi” videolayihəsinin növbəti qonağı olub.
1999-cu ildə hərbi xidmətdə olarkən düşmən snayperinin gülləsinə tuş gələn Zəkiyev beş gün komada qalıb. Həkimlərin sağ qalacağına ümid etmədiyi idmançı həyatda qalsa da, görmə qabiliyyətini tamamilə itirib.
Birinci qrup Qarabağ müharibəsi əlili kimi evə qayıdan Zəkiyev bütün çətinliklərə baxmayaraq, idmana dönmək arzusundan vaz keçməyib.
“2002-ci il noyabrın 1-dən yenidən məşqlərə başladım. Həyatımda yeni bir səhifə açıldı. Mən yenidən həyata bağlandım və sevdiyim işə, idmana qayıtdım. Görmə qabiliyyətimi itirsəm də, qələbəyə və həyata inamımı itirmədim”, - deyə o bildirib.
İlham Zəkiyev 2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında Azərbaycanın cüdo üzrə ilk Paralimpiya çempionu olub. Dörd il sonra Pekində bu uğurunu təkrarlayaraq ikinci dəfə qızıl medal qazanıb.
Təcrübəli idmançı müsahibəsində görmə məhdudiyyətli cüdoçuların kateqoriyalara ayrılması təşəbbüsündən və bununla bağlı Beynəlxalq Cüdo Federasiyası ilə apardığı işdən də söz açıb.
Gənclərə müraciət edən Zəkiyev onları çətinliklər qarşısında təslim olmamağa və məqsədlərinə doğru inamla irəliləməyə çağırıb:
“İnsan qarşısına məqsəd qoyubsa, o məqsədə gedən yol heç də həmişə hamar deyil. Orada eniş də var, yoxuş da, yıxılmaq da var, durmaq da. Mübariz olsalar, mütləq gec-tez məqsədlərinə çatacaqlar”.
