Oktyabrın 23-də Milli Olimpiya Komitəsində (MOK) Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar və məşqçilərlə maarifləndirici görüş təşkil olunub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov yeniyetmə idmançılara Oyunlar zamanı Olimpiya kəndində yerləşmə, yaşayış, qidalanma və nəqliyyat şəraiti barədə ətraflı məlumat verib. MOK rəsmisi yarana biləcək problemlərin vaxtında aidiyyəti şəxslərə çatdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin yarış məkanlarına məsafələrin idman növlərinə uyğun dəyişdiyini qeyd edərək, idmançıların rahatlığının təmin olunması baxımından nəqliyyat məsələlərinin əhəmiyyətinə toxunub.
Olimpiya komandasının həkimi Ruslan Şərifov isə idmançıların sağlamlığının qorunması və tibbi təminat məsələlərindən danışıb. O, hər hansı sağlamlıq problemi yarandıqda bunun dərhal tibb heyətinə bildirilməsinin, eləcə də həkim tövsiyələrinə əməl olunmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra MOK-un təhlükəsiz idman üzrə ekspertləri Vaqif Əliyev və Ayan Xankişiyeva yeniyetmə idmançılara təhlükəsiz idman prinsipləri barədə məlumat veriblər. Onlar təhlükəsiz idman mühitinin zorakılığın və qısnamanın bütün formalarından uzaq, ədalət və bərabərlik prinsiplərinə əsaslanan şərait olduğunu bildiriblər. Ekspertlər idmançıların Oyunlar zamanı davranış qaydalarına riayət etmələrinin, ev sahibi ölkənin mədəniyyətinə və adət-ənənələrinə hörmətlə yanaşmalarının vacibliyini vurğulayıblar.
MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva çıxışında idmançı və nümayəndə heyəti üzvlərini sosial mediadan istifadə zamanı etik qaydalara riayət etməyə, məxfi və dəqiqləşdirilməmiş məlumatları paylaşmamağa, həmçinin Azərbaycanı və Milli Olimpiya Komitəsini layiqincə təmsil etməyə çağırıb. O, komanda ruhunun qorunmasının, idmançıların bir-birinə dəstək göstərməsinin vacibliyini vurğulayıb, eyni zamanda MOK-un kommunikasiya komandasının sosial media üçün keyfiyyətli kontentin hazırlanmasında idmançılara dəstək göstərməyə hazır olduğunu bildirib.
Tədbirdə çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, qurumun Elm, Tibb və Təhsil şöbəsinin müdiri Səmra Mirzəyeva Dakar-2026-da mübarizə aparacaq idmançıları antidopinq qaydaları ilə bağlı təlimatlandırıb və idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunları oktybarın 31-dən noyabrın 13-dək Seneqalın paytaxtı Dakarda keçiriləcək.
