Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, BC2 kateqoriyasında mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Cənubi Koreya təmsilçisi Ahyonq Çoya qalib gəlib.
Bu, Azərbaycanın paralimpiya hərəkatı tarixində boccia idman növündə Avropa və dünya çempionatlarında qazanılan ilk medal olub.
Qeyd edək ki, boccia dəqiqliyə əsaslanan paralimpiya idman növüdür. O, müəyyən mənada kerlinqi xatırladır, lakin burada daşların əvəzinə toplardan istifadə olunur.
İdmançılar növbə ilə qırmızı və mavi topları atır və ya diyirlədirlər. Məqsəd topları kiçik ağ topa – “cek”ə mümkün qədər yaxın yerləşdirməkdir. Bununla yanaşı, rəqibin toplarını vuraraq kənarlaşdırmaq və ya “cek”in yerini dəyişmək də mümkündür. Bu səbəbdən bocciada təkcə dəqiqlik deyil, taktiki düşüncə də mühüm rol oynayır.
