Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov və bocciaçı Sona Ağayeva beynəlxalq turnirlərdə qazandıqları qələbələrdən sonra Vətənə qayıdıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. Dünya və Avropa çempionu 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq birinci yeri tutub.
Sona Ağayeva isə Misirin paytaxtı Qahirədə təşkil olunan boccia üzrə Çellencer turnirində qalib olub. O, yarışda BC2 kateqoriyasında mübarizə aparıb.
İdmançılar komanda yoldaşları və məşqçiləri ilə birlikdə Azərbaycana qayıdıblar.
