Qaşim Maqomedovdan Qran-pridə bürünc medal - YENİLƏNİB + FOTO

7 İyun 2026 21:44
361
Qaşim Maqomedovdan Qran-pridə bürünc medal - YENİLƏNİB + FOTO

Azərbaycan taekvondo millisinin üzvü Qaşim Maqomedov İtaliyanın Roma şəhərində keçirilən Dünya Taekvondo Qran-pri turnirində medal qazanıb.

İdman.Biz xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışı bürünc medalla başa vurub.

Maqomedov fəxri kürsüyə gedən yolda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb. Bu nəticə ilə Azərbaycan millisi Roma turnirində medal hesabını açıb.

Təmsilçimiz turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət alıb. Dünya Taekvondo Qran-pri seriyası bu idman növünün ən nüfuzlu yarışlarından biri sayılır.

Romadakı yarış 5-7 iyun tarixlərində “Foro Italiko”da keçirilib. Turnirdə 58 ölkədən 369 idmançı iştirak edib.

Qeyd edək ki, Qran-pri seriyasında qazanılan nəticələr idmançıların dünya reytinqinə və Olimpiya təsnifatı xallarına təsir edir.

18:13

Taekvondo üzrə Azərbaycan millisinin üzvü Qaşim Maqomedov Dünya Taekvondo Qran-pri turnirində uğurlu çıxışını davam etdirir.

İdman.Biz xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İtaliyanın Roma şəhərində keçirilən yarışda ardıcıl üç qələbə qazanıb.

Maqomedov müvafiq olaraq İtaliya, Yunanıstan və Çin idmançılarını məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu nəticə ilə Azərbaycan taekvondoçusu turnirdə medal şansını qoruyub.

Qeyd edək ki, Roma Qran-prisinə bu gün yekun vurulur. Turnirdə Azərbaycanı Qaşim Maqomedovla yanaşı, Cavad Ağayev və Eltac Qafarov da təmsil edir.

İdman.Biz