“Stadionlar səssiz olanda” filminin premyerası keçilib.
İdman.biz xəbər verir ki, məşhur futbolçu, hazırda ölkəmizin ən uğurlu məşqçilərindən sayılan Qurban Qurbanova həsr olunmuş idman dramı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunub.
Filmdə Qurbanovun 20-ci əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.
Filmi izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, federasiyaların rəhbərliyi, klubların rəsmiləri, idmançılar və idman ictimaiyyətinin nümayəndələri olub.
Yekunda filmin yaradıcı heyəti təqdim olunub və onların gördükləri iş alqışlarla qarşılanıb.
Filmin qəhrəmanı Qurban Qurbanov əməyi olan hər kəsə təşəkkür edib. O bildirib ki, burada elə məlumatlar var ki onları az insanlar bilir: "Filmin çəkilişlərində cəmi bir dəfə görüşümüz oldu. Getmirdim, belə bir şeyin olmasını istəmirdim. Sonda belə bir gözəl mənzərə yarandı. Mən futbola, idmana çox bağlıyam. Filmdə çoxları üçün bəlli olmayan məqamlar ola bilər. Amma məni illər əvvələ apardı".
Təcrübəli çalışdırıcısı qeyd edib ki, insan əziyyət çəkdikdə Allah onun əvəzini artıqlaması ilə verir: "Mənim üçün daha çox maraqlı qardaşım Musa ilə bağlı epizod oldu. Yaxşı məşqçi olmaq üçün yaxşı bir komandaya sahib olmalısan. Bu sahədə mənim bəlkə də bəxtim çox gətirib. Yaxşı işçilər, köməkçilər, rəhbərlik, futbolçularla çalışıram".
Qurbanov Azərbaycanda idmanın bütün növlərinə dövlət qayğısı olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkəmizdə peşəsini sevən hər bir kəsin əməyinə qiymət verilir: "Bu, mənim üçün ikinci oldu. 50 illiyimdə cənab prezident məni Şöhrət ordeni ilə təltif etdi. Fərid Qayıbov idman və gənclər naziri olduqdan bu sahəyə diqqət, maraq daha da artıb. İdmançı, həkim olmaq mümkündür. Ən əsası, daha güclü olmaq üçün vətənpərvərlik lazımdır. Mən həmişə ailəmi, dostlarımı, yaxınlarımı sevmişəm. Amma inanın ki, Vətənimi daha çox sevmişəm. Qələbələrimiz də, məğlubiyyətlərimiz də olub. Amma həmişə ən yaxşısını etməyə çalışmışıq".
O, bütün çətinliklərə baxmayaraq Qarabağ işğaldan azad olunduğu üçün Prezident İlham Əliyevə təşəkkür edib:
"Tarixi torpaqlarımız artıq bizdədir. Hamı başıdik gəzir. Bu bizim üçün daha önəmlidir".
O, filmdəki epizodları dəyərləndirərkən kövrəlib və hətta çıxışında bir neçə saniyə pauza verib.
"Keçmişimə qayıtdım. İnanıram ki, yaralı yerimiz olan futbolumuzda da böyük nailiyyətlər olacaq, uğurlar gələcək. Futbolçularıma bəzən döyüşçülərin deyirəm. Bu gün döyüşçülərimlə daha irəli getmək istəyirik. Ürəkdən oynayırıq, heç vaxt uduzmaq istəmirik. Azərbaycana, xalqımıza ancaq qələbə yaraşır".
Qeyd edək ki, film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
İdman.biz