Fərid Qayıbov: “Azərbaycanın idman ölkəsi kimi mövqeyi daha da möhkəmlənir”

1 Oktyabr 2026 15:47
101
Fərid Qayıbov: “Azərbaycanın idman ölkəsi kimi mövqeyi daha da möhkəmlənir”

“Sentyabr ayı bir daha sübut etdi ki, 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakının idman ekosistemi dünyanın milyonlarla izləyici auditoriyasının diqqətini cəlb etmək və ən fərqli idman növlərində yarışlara ev sahibliyi etmək gücündədir. Paytaxtımızda keçirilən beynəlxalq yarışlar, yeni layihələr, idman infrastrukturunun genişlənməsi və digər təşəbbüslər Azərbaycanın idman ölkəsi kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir”.

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ənənəvi “Nazirin Nöqteyi-Nəzəri” qeydlərində bildirib.

Fərid Qayıbov xatırladıb ki, Bakının ənənəvi və nüfuzlu yarışlarından birinə çevrilmiş “Formula-1” üzrə Azərbaycan Qran-prisi bu il 10-cu dəfə baş tutdu:

“Yubiley Qran-prisinin “Dünya İdman Paytaxtı” statusu ilə eyni vaxta təsadüf etməsi tədbirə əlavə məna qazandırdı. “Formula-1” artıq yalnız idman yarışı deyil. Bu, Azərbaycanın beynəlxalq idman və turizm imkanlarının təqdimatı, yerli biznes üçün yeni imkanlar, milyonlarla insanın diqqətinin ölkəmizə yönəlməsi deməkdir. Sentyabrda Bakıda ilk dəfə keçirilən “ALUFAR IRONMAN 70.3 Baku” triatlon yarışı, “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turniri, həvəskarları və peşəkar idmançıları bir araya gətirən “Urban Fest” və digər tədbirlər də paytaxtımızda idmanın müxtəlif istiqamətlərinin inkişafı, o cümlədən peşəkar və həvəskar idmançılar üçün kütləvi idman potensialını nümayiş etdirdi”.

Nazir idman infrastrukturunun inkişafına da toxunub:

“İdmanın inkişafı, ilk növbədə, onun üçün yaradılan şəraitdən başlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana qayğısı, idman infrastrukturunun inkişafına, eləcə də regionlarda yaşayan əhalinin sosial həyatının dolğunluğuna göstərdiyi diqqətin növbəti nümunəsi olaraq Qaradağ rayonunun Puta qəsəbəsində “Puta” idman zalı və minifutbol meydançasını istifadəyə verdik. Burada müxtəlif idman növləri üzrə məşq və yarışların keçirilməsi üçün yaradılmış şərait həmin ərazidə yaşayan uşaqların və gənclərin sağlamlığına, idmana daha geniş cəlb olunmasına imkan verəcək”.

Nazir beynəlxalq əlaqələrin güclənməsinə vurğu edərək həm gənclər, həm də idman sahələri üçün beynəlxalq əlaqələrin güclənməsini mühüm faktor kimi qeyd edib.

“Sentyabr ayında “SportAccord”un prezidenti Uğur Erdener, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judan, Serbiyanın idman naziri Zoran Qayiç, Şimali Makedoniyanın idman naziri Borko Ristovski, Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli və digər nümayəndələrlə görüşlər keçirdik. Şimali Makedoniya ilə idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bütün bunlar idman uğurlarımızın institusional əməkdaşlığa konvertasiyasıdır”.

Fərid Qayıbov vurğulayıb ki, müasir dövrdə idmanda nəticələr həm də düzgün təhsildən, peşəkar kadr hazırlığından, idman elminin inkişafından asılıdır:

“Bu amillərin hər biri diqqət mərkəzindədir. Yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan İdman Akademiyasının tələbələri ilə görüşümüz keçirildi. Akademiyaya yüksək balla qəbul olan tələbələrin sayının artması idman təhsilinin prestijinin artmasını göstərir. Bu tendensiya bizi sevindirir və eyni zamanda qarşıdakı dövrdə üzərimizə daha böyük məsuliyyət qoyur. İdmanda keyfiyyətcə yeni mərhələnin - elmə əsaslanan yanaşmanın əsasları yaradılır. “AzerFit” proqramı ölkə miqyasında istedadlı idmançıların müəyyənləşdirilməsini təmin edəcək. Proqramın pilot mərhələsi çərçivəsində Azərbaycan İdman Akademiyasında Uşaq-Gənclər İdman Məktəblərindən seçilmiş 9-15 yaşlı 488 şagird 10 fiziki test üzrə qiymətləndirilib. Bununla ölkədə uşaq və yeniyetmələrin fiziki inkişaf profilinin ilk rəqəmsal xəritəsi yaradılır. Bu isə idmanda istedadların axtarışı və onların elmə əsaslanan idman inkişaf trayektoriyasını müəyyən etmək imkanını yaradır. Ay ərzində idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşümüzü keçirdik, beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarımızla və nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşdük”.

Gənclərlə iş istiqamətində görülən işlərə gəlincə, nazir bildirib:

“Gənclərlə iş istiqamətində də sentyabr fəal ay oldu. Məqsədimiz bütün sosial-demoqrafik qruplardan olan gənclərin ahəngdar inkişafına yönəlmiş layihələrin həyata keçirilməsidir. Gənclərin vətənpərvərlik ruhunu və vətəndaşlıq mövqeyini möhkəmlədən 32-ci “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi və şəhid və qazi övladlarının iştirak etdiyi “Xarıbülbül” yay düşərgəsi təşkil edilib. Beynəlxalq əməkdaşlıq və sosial inteqrasiyanı inkişaf etdirmək istiqamətində III Azərbaycan-Gürcüstan Beynəlxalq Gənclər Düşərgəsi və “Kəndə gəl” ekoturizm və dayanıqlı inkişaf düşərgəsi, inklüziv yay düşərgələri, “Media Akademiya” kənd gəncləri üçün təlim keçirilib. Bu formatdakı tədbirlər müxtəlif sosial qruplardan olan gənclərin asudə vaxtının səmərəli təşkilinə, yeni bilik və bacarıqlar qazanmasına, həmçinin həmyaşıdları ilə ünsiyyət imkanlarının genişlənməsinə xidmət etdi”.

F.Qayıbov qrant müsabiqəsi və intellektual oyunlar barədə mühüm məqamlara toxunub. O, bu ay gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə növbəti qrant müsabiqəsini elan edildiyini bildirib:

“Müsabiqə çərçivəsində gənclərin ictimai fəallığının artırılmasına, onların təşəbbüslərinin dəstəklənməsinə və cəmiyyət üçün aktual olan məsələlər üzrə layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstəriləcək. Burada əsas məqsəd gənclər təşkilatlarının daha çox təşəbbüs göstərməsinə və konkret nəticələrə yönəlmiş layihələr həyata keçirməsinə şərait yaratmaqdır. Bizim üçün vacib olan yalnız layihələrin sayının artırılması deyil, onların gənclərin inkişafına, ictimai iştirakçılığın genişlənməsinə və cəmiyyət üçün faydalı nəticələrin əldə olunmasına xidmət etməsidir. Ölkədə intellektual oyunlar bir hərəkata çevrilib. Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunan “GİNius 86.600” intellektual-əyləncəli oyunu bütün ölkə coğrafiyasını əhatə edib. Gənclərin həm intellektual, həm də ictimai fəallığının artırılması belə layihələrin əsas məqsədlərindəndir”.

Fərid Qayıbov son olaraq fikrini belə yekunlaşdırıb:

“Bütün bu fəaliyyətləri birləşdirən əsas məqsəd eynidir: yaradılmış imkanlardan daha geniş istifadə etməklə sağlam, fəal, savadlı və vətənpərvər gənc nəslin yetişməsinə, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə və ölkəmizdə idman mühitinin daha da inkişafına töhfə vermək”.

İdman.Biz