2032-ci ildə Avstraliyanın Brisben şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi loqoları təqdim olunub.
İdman.Biz xəbər verir ki, təqdimat mərasimi Brisben şəhərində keçirilib.
Olimpiya və Paralimpiya Oyunları üçün ayrı-ayrı loqolar hazırlanıb. Dizaynın əsasını Avstraliyaya xas kakadu quşu təşkil edir. Olimpiya loqosu çəhrayı, Paralimpiya loqosu isə sarı təpəli kakadudan ilhamlanıb.
Loqolarda Kvinslend ştatının konturu və Olimpiya, eləcə də Paralimpiya məşəlləri əks olunub. Dizaynın müxtəlif elementləri regionun təbiətini, mədəniyyətini və özünəməxsus ruhunu ifadə edir.
Təşkilatçıların sözlərinə görə, kakadunun seçilməsi quşun oynaq və maraqkeş xarakteri ilə Kvinslendin ruhunu əlaqələndirmək məqsədi daşıyır.
Qeyd edək ki, Brisben 2032-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək üçüncü Avstraliya şəhəri olacaq. Daha əvvəl Melburn 1956-cı, Sidney isə 2000-ci ildə bu mötəbər yarışları qəbul edib.
Növbəti Yay Olimpiya və Paralimpiya Oyunları 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək.
