Azərbaycan Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Yay Universiadasını dörd medalla - iki qızıl və iki gümüşlə başa vurub. Komandamız bu göstərici ilə Kanada, Finlandiya, Portuqaliya, Gürcüstan, Belçika, İsveç, Qazaxıstan və digər ölkələri qabaqlayaraq ümumi medal sıralamasında 24-cü yeri tutub.
İdman.biz-in məlumatına görə, uğurun əsas mənbəyi bədii gimnastika üzrə qrup hərəkətləri komandası olub.
Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət yığma dünya lideri statuslarını təsdiqləyiblər.
Azərbaycan gimnastları çoxnövçülük üzrə finalda qalib gələrək, beş lentlə hərəkətdə qızıl əldə edib, üç top və iki halqa ilə çıxışda ikinci olublar.
2025-ci il Universiadasında medalların əsas tədarükçüsünə çevrilən Azərbaycan gimnastları liderlik keyfiyyətlərini nümayiş etdirərək, yeni olimpiya dövrü üçün ciddi iddia ilə çıxış ediblər. Bundan əlavə, qrup hərəkətləri komandası bədii gimnastikanın Azərbaycan idmanının vizit kartlarından biri olduğunu ortaya qoyub.
Medal kolleksiyasına cüdoçumuz Elcan Hacıyev (90 kq) da gümüş əlavə edib. 23 yaşlı idmançı üçün bu, ardıcıl ikinci Universiada mükafatıdır: 2023-cü ildə Çenduda bürünc medal qazanıb və indi o, bir pillə irəliləyərək nəticəni yaxşılaşdırmağa nail olub.
Almaniyada medalları qazanacağı gözlənilənlər əldə etdi, baxmayaraq ki, bu, daha çox ola bilərdi. Lakin başa düşməliyik ki, 2025-ci il Universiadasında Azərbaycanı təmsil edənlərin böyük əksəriyyəti öz idman növləri üzrə hələ lider olmayan və genişmiqyaslı beynəlxalq yarışlarda lazımı təcrübə toplamayan idmançılardır.
Məsələn, cüdo üzrə Azərbaycan milli komandası əsasən yüksək səviyyəli yarışlarda az təcrübəyə malik idmançılardan formalaşıb. Təbii ki, Elcan Hacıyev istisnadır - yaşına baxmayaraq, o, artıq Olimpiya Oyunlarında iştirak etməyi, Avropa çempionu adını qazanmağı və dünya çempionatının bürünc mükafatçısı olmağı bacarıb.
Üstəlik, Almaniyada keçirilən yarışın nəticələri ilə 2023-cü ildəki Universiadanın nəticələrini müqayisə etsək, keyfiyyət baxımından irəliləyişi görməmək mümkün deyil. Həmin yarışda azərbaycanlı tələbələr doqquz medal (0-3-6) qazansalar da, qızıl medalsız 38-ci yeri tutmuşdular.
İndi artıq dörd medal, o cümlədən, iki ən yüksək medal onlara 14 pillə yüksəlməyə imkan verib. Məlum olduğu kimi, medalların hesabında məhz qızıl həlledici rol oynayır - on, hətta yüz gümüş medal heç vaxt bir qızılı üstələyə bilməz. Beləliklə, Azərbaycan gimnastlarının qızıl medallarını qiymətləndirməmək qətiyyən mümkün deyil.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, həqiqətən də medallar daha çox ola bilərdi. Bütün hallarda 2025-ci il Universiadası ölkədə tələbə idmanının inkişafının vacibliyini bir daha vurğulayıb. Belə turnirlər onların idman karyerasında mühüm mərhələyə çevrildiyindən Azərbaycanda universitetlərin tələbə idmançıların yetişdirilməsinə diqqəti artırması zəruridir. Yeni Olimpiya dövrü və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda mübarizə fonunda tələbə idmanı milli komandaların gələcək liderlərinin formalaşmasında əsas rol oynaya bilər.
Teymur Tuşiyev
İdman.biz