Argentina Dieqo Maradonanın 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında İngiltərə yığmasının qapısına vurduğu məşhur ikinci qola həsr olunmuş xatirə sikkəsi buraxılıb.
İdman.Biz xəbər verir ki, sikkənin buraxılışı həm həmin tarixi epizodun 40 illiyi, həm də 2026 dünya çempionatına hazırlıq çərçivəsində FIFA-nın beynəlxalq xatirə sikkələri proqramı daxilində həyata keçirilib.

Gümüş versiya 925 əyarlı metaldan hazırlanıb, çəkisi 27 qram, diametri isə 40 millimetrdir. Sikkənin ön tərəfində futbolun simvolu olan top, arxa tərəfində isə Maradonanın İngiltərəyə vurduğu tarixi qola aparan kombinasiyanın sxematik təsviri, habelə 10 peso nominalı və 2025-ci il zərb tarixi əks olunub.

Bundan əlavə, 6,75 qram çəkidə və 23 millimetr diametrdə qızıl sikkə də buraxılıb. Qızıl versiya yalnız beynəlxalq kolleksiya bazarı üçün nəzərdə tutulub və Argentina daxilində satışa çıxarılmayacaq.
Maradonanın həmin qolu futbol tarixinin ən yadda qalan anlarından biri kimi bu gün də “futbolun poetik zirvəsi” sayılır və dünya futbolunun simvolik mirası hesab olunur.
