Üç idman növü, güclü çempionatlar və hamı üçün ORTAQ PROBLEM - İDMAN.BİZ-in TƏHLİLİ

Təhlil
29 Oktyabr 2025 17:31
65
Üç idman növü, güclü çempionatlar və hamı üçün ORTAQ PROBLEM - İDMAN.BİZ-in TƏHLİLİ

Son illər Azərbaycanda komanda idman növləri aktiv şəkildə inkişaf etməyə başlayıb. Xüsusilə bu, basketbol, voleybol və həndbol sahəsində özünü göstərir ki, bu da, təbii ki, sevindirici haldır.

İdman.Biz-in məlumatına görə, hər üç idman növü üzrə milli federasiyalar güclü çempionatların formalaşdırılması istiqamətində ciddi səylər göstərir və əksər hallarda buna nail olublar.

Məsələn, artıq üçüncü ildir ki, Azərbaycan Basketbol Liqasının mövsümü keçirilir. Bütün klublar legionerlərlə gücləndirilib, oyunlar isə gərgin və maraqlı mübarizə şəraitində, son saniyələrdə dramatik sonluqlarla başa çatır. Bir sözlə, matçlar həqiqətən basketbola xas şəkildə baxımlıdır və tam əminliklə demək olar ki, Azərbaycanda bu səviyyədə basketbol çempionatı indiyə qədər keçirilməyib.

Qadınlar arasında voleybol üzrə Yüksək Liqa isə formalaşma və əvvəlki ənənələrə qayıdış mərhələsindədir. Bir vaxtlar Azərbaycanda legionerlərlə gücləndirilmiş çoxsaylı güclü klublar mövcud idi, “Azərreyl” və artıq fəaliyyətini dayandırmış “Rabitə” isə Çempionlar Liqasında Avropanın nəhəng komandaları üçün ciddi rəqib sayılırdı. Məsələn, əgər ötən mövsüm ölkə çempionatında altı klub iştirak edirdisə, bu il onların sayı doqquza çatıb – və görünür, bu da son hədd deyil.

Azərbaycan həndbolunda da irəliləyiş müşahidə olunur: həm kişi, həm də qadın çempionatlarında altı klub mübarizə aparır, dörd klub isə avrokuboklarda iştirak üçün qeydiyyatdan keçib. Adı çəkilən üç idman növü arasında bu, Azərbaycanın avrokuboklarda ən geniş təmsilçiliyidir.

Lakin bütün bu üç idman növünü birləşdirən ortaq bir problem var və bu, onların daha da aktiv inkişafına müəyyən dərəcədə mane olur. Sadalanan çempionatların heç birinin öz rəsmi saytı yoxdur - elə bir platforma ki, orada xəbərlər, nəticələr, statistika, foto və video materiallar mütəmadi, oyunlar zamanı isə onlayn rejimdə paylaşılardı.

Bütün bu funksiyanı hazırda milli federasiyaların saytları daşımağa məcburdur. Lakin, idarəçilərə olan bütün ehtiramımızdan dolayı, demək istəyirik ki, bu resurslar ölkə çempionatlarının gedişatını dolğun şəkildə işıqlandırmaq üçün nəzərdə tutulmayıb. Onlar üçün bu, sadəcə rəsmi saytın bir bölməsidir, əsas prioritet deyil.

Aydındır ki, sosial şəbəkələr dövründə bu istiqamətin inkişafı vacibdir və federasiyalar həqiqətən öz səhifələrini aktiv şəkildə idarə edirlər. Amma başa düşmək lazımdır ki, bu səhifələr federasiyalara məxsusdur, Azərbaycan Basketbol Liqasına, Voleybol üzrə Yüksək Liqaya və ya Azərbaycan Həndbol Çempionatına yox.

Komanda idman növlərinin spesifikası belədir ki, onlara milli birinciliklər barədə bütün məlumatları - nəticələrdən və statistikadan tutmuş oyunların maraqlı məqamlarınadək - bir araya gətirən müstəqil onlayn resurs lazımdır. Liqanın saytı keyfiyyətli media məhsulu kimi formalaşmalı, çempionat brendini təbliğ etməli və azarkeşlər üçün cəlbedici mərkəzə çevrilməlidir. Burada hər kəs axtardığı bütün məlumatı tapa bilməlidir.

Ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycan Basketbol Liqasının ayrıca onlayn səhifəsi var, lakin onu tamhüquqlu sayt adlandırmaq çətindir. Bu, əslində, Beynəlxalq Basketbol Federasiyasının (FIBA) keçmiş Azərbaycan Basketbol Federasiyasının saytına yerləşdirdiyi bir bölmədir. Burada statistika və məlumatlar yenilənir, amma səhifənin öz domeni yoxdur və o, müstəqil resurs sayılmır.

Beləliklə, Azərbaycanın idman infrastrukturu inamla inkişaf edir, lakin onun rəqəmsal komponenti hələlik çempionatların böyümə tempi ilə ayaqlaşa bilmir. Müasir azarkeş rahatlığa öyrəşib - o, hər şeyi bir məkanda görmək istəyir: cədvəlləri, statistikanı, təqvimi, yayımları, ən yaxşı epizodları və oyunçuların emosiyalarını. Bunsuz daxili liqalara davamlı maraq formalaşdırmaq çətindir, xüsusilə də onlayn məkanı əsas informasiya və emosiya mənbəyi kimi qəbul edən gənclər arasında.

Liqaların rəsmi saytlarının, gələcəkdə isə bəlkə də mobil tətbiqlərinin yaradılması təkcə texniki addım deyil, həm də Azərbaycan idmanının imicinə strateji investisiyadır. Bu, daxili çempionatları azarkeşləri birləşdirən, klubların tanınmasını artıran və yeni sponsorları cəlb edən güclü brendə çevirmək üçün bir imkandır.

Artıq növbəti addımı atmağın vaxtıdır: əgər federasiyalar güclü çempionatların əsasını qoyublarsa, indi onların ətrafında tam rəqəmsal sistem qurmaq lazımdır. Axı müasir idman təkcə meydandakı mübarizə deyil, həm də azarkeş diqqəti uğrunda yarışdır. Və bu yarışda qalib gələnlər - yalnız parlaq oynayanlar deyil, həm də öz oyunları haqqında hamıya danışmağı bacaranlardır.

Teymur Tuşiyev

İdman.Biz