Sumo idmanı Azərbaycanda necə inkişaf edir? - Elşad Kərimovun İDMAN.BİZ-ə GENİŞ MÜSAHİBƏSİ

Xəbərlər
30 Oktyabr 2025 11:58
322
Sumo idmanı Azərbaycanda necə inkişaf edir? - Elşad Kərimovun İDMAN.BİZ-ə GENİŞ MÜSAHİBƏSİ

Sumo Yaponiyanın ən qədim idman növlərindən biridir və bu idman növü milli mədəniyyət, eləcə də əsrlər boyu formalaşmış ənənələrlə sıx bağlıdır. Sumo, ruhlara ibadət və təbiətin ilahiləşdirilməsinə əsaslanan Yapon inancı Şintoizmin dini ritualı olaraq yaranmışdır. Bu gün sumo təkcə Yaponiyanın milli simvolu deyil, eyni zamanda bütün dünyada, o cümlədən Azərbaycanda idman növü kimi məşğul olunan bir sahədir.

Sumonun ölkəmizdə necə inkişaf etdiyini İdman.Biz-ə Azərbaycan Yaponiya Döyüş Sənətləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov danışıb.

- Sumonu yaxşı tanımayanlara məlumat verərdiniz, bu idman növü digər döyüş növlərindən nə ilə fərqlənir?

- Sumo digər döyüş növləri ilə həm oxşar, həm də fərqli cəhətlərə malikdir. Məsələn, güləşdə idmançının qələbə qazanmaq üçün məhdud vaxtı olur və xal fərqini bərpa etmək mümkündür. Sumoda isə hər bir hərəkət və təmas döyüşün nəticəsini müəyyən edə bilər. Əgər idmançının bədəninin ayaqdan başqa hər hansı hissəsi - əl, dirsək və ya diz - yerə dəyərsə və ya o, dairənin hüdudlarından çıxarsa, bu, məğlubiyyət sayılır. İkinci şans yoxdur: qalib və ya məğlub dərhal müəyyən olunur. Bundan başqa, sumo çox dinamikdir - döyüşlər bəzən cəmi bir neçə saniyə davam edir.

- Sumoya neçə yaşdan başlamaq olar?

- Ən uyğun yaş 13–14-dür. Bununla belə, idmançının yaşına uyğunlaşdırılmış tədris proqramına ciddi əməl etmək vacibdir.

- İdmançının çəkisi nə dərəcədə önəmlidir?

- Peşəkar yapon sumosunda çəki kateqoriyaları yoxdur: yüngül çəkili idmançı özündən xeyli ağır rəqiblə qarşılaşa bilər. Bu, sumoda təkcə gücün deyil, həm də texnika, sürət və tarazlığın yüksək qiymətləndirilməsi ilə izah olunur.

Beynəlxalq sumo yarışlarında isə əksinə, döyüşlərin bərabərliyini təmin etmək üçün çəki dərəcələri müəyyən edilib. Bununla yanaşı, çəki məhdudiyyəti olmayan “absolyut” kateqoriya da mövcuddur. Beynəlxalq sumoda kişilər üçün standart kateqoriyalar - 85 kiloqrama qədər, 115 kiloqrama qədər və 115 kiloqramdan yuxarı olur, qadınlar üçün isə 65 kiloqrama qədər, 80 kiloqrama qədər və 80 kiloqramdan yuxarı nəzərdə tutulur.

- Sumoçular necə qidalanırlar?

- Yaponiyada ənənəvi sumo ustaları səhər yeməyində 10-15 bişmiş yumurta yeyə bilirlər. Bəziləri bu qədər qidanın və çəkinin sağlamlığa zərərli olduğunu düşünür, lakin əslində sumo məşqləri çox enerji tələb edir və kütləni, gücü qorumağa hesablanıb.

Azərbaycanda milli yığmanın sumoçuları gündə iki dəfə - səhər və axşam - məşq edirlər. Qidalanma rejimi sərt qaydalarla tənzimlənmir, lakin əsasən zülalla zəngin qidalar – ət, yumurta və düyü üstünlük təşkil edir.

-Sumonun dini kökləri var. Azərbaycanda bu idman növünün ənənəvi ritualları qorunurmu?

- Xeyr. Azərbaycanda sumoya yalnız idman növü kimi yanaşılır. Bununla belə, bu sahənin estetikası qorunur - məsələn, döyüşün əvvəlində əllərin yerə toxundurulması və salam zamanı dərin təzim edilməsi. Klassik sumo müxtəlif ölkələrin mədəniyyətinə uyğunlaşdırılıb. Məsələn, Avropa və Azərbaycanda idmançılar ənənəvi şortun üzərindən mavasi(bel örtüyü – red.) taxırlar.

- Sumonun Azərbaycanda inkişafı hansı mərhələdədir?

- Assosiasiyamız 2022-ci ildə akkreditasiyadan keçib və biz həmin vaxtdan etibarən Azərbaycanda sumonu sıfırdan inkişaf etdirməyə başlamışıq. Üç il ərzində əldə etdiyimiz nəticə qənaətbəxşdir. Ən böyük uğurumuz - Azərbaycanda sumo üzrə dünya çempionatının keçirilməsi üçün lisenziya almamızdır. Hazırda Gənclər və İdman Nazirliyi ilə yarışların keçiriləcəyi arenanın razılaşdırılması mərhələsindəyik. Tezliklə yarışların harada və nə vaxt baş tutacağı rəsmən elan ediləcək. İdmançılarımızdan böyük ümidlərimiz var və medal qazanmaq şansımızın olduğuna inanırıq.

Yaxınlarda biz “Sumo Expo 2025” sərgisində iştirak etdik, burada Azərbaycanın pavilyonu qurulmuşdu. Həmin sərgidə nümayəndə heyətimiz 2026-cı ildə keçiriləcək sumo üzrə dünya çempionatının rəsmi maskotu – AZUMO-nu təqdim etdi. Həmçinin, səfər çərçivəsində Azərbaycan tarixində ilk dəfə Yaponiya universitetlərarası sumo çempionatında iştirak etdi. İdmançılarımızdan biri ilk görüşündə ölkənin ən güclü məktəblərindən birinin yapon idmançısını məğlub etdi.

- Azərbaycanda Sumoya maraq varmı?

- Sumonun populyarlaşdırılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. İdman növünə maraq tədricən artır. Biz KİV-lə fəal əməkdaşlıq edirik. Yaxınlarda Yaponiyadan bir televiziya kanalı Azərbaycana gəlib və ölkəmizdə döyüş sənətləri və yapon mədəniyyətinin inkişafı barədə süjet hazırlayıb.

Bununla yanaşı, bölgələrdə də maarifləndirmə işləri aparırıq. Məsələn, ötən il Oğuzda sumo döyüşlərinin nümayiş etdirildiyi kiçik bir təqdimat keçirdik. Tədbirdən sonra iki idmançı bizə müraciət etdi və hazırda onlar həvəskar səviyyədə sumo ilə məşğul olurlar.

Həmçinin, tədricən böyük çəkili atletləri sumoya cəlb etməyə başlamışıq. Bu, asan deyil, çünki sumoçunun tarazlığı saxlamaq üçün güclü ayaqlara və müəyyən bədən quruluşuna ehtiyacı var. Beynəlxalq yarışlarda sumoçuların toqquşma qüvvəsi çox böyük olur, buna görə də fiziki hazırlığı zəif olan idmançı ciddi zədə riski ilə üzləşə bilər.

- Azərbaycanda sumoçuların fiziki vəziyyətini kim qiymətləndirir?

- Bununla xüsusi komissiya məşğul olur, həmçinin Yaponiyadan mütəxəssislərlə məsləhətləşirik. Əgər idmançı sumo ilə ciddi məşğul olmaq istəyir, amma fiziki göstəricilər buna imkan vermirsə, o zaman hər kəs üçün açıq olan həvəskar qruplarımız mövcuddur.

- Azərbaycanda qadın sumoçular varmı?

- Bu istiqamətdə hələ ilk addımları atırıq. Bu il Tailandda keçirilən dünya çempionatında ölkəmizi idmançı Mədinə Qasımova təmsil etdi. Bu, onun beynəlxalq arenadakı debütü idi. O, layiqli çıxış etdi, baxmayaraq ki, medal qazana bilmədi. Düşünürəm ki, qadın sumo Azərbaycanda da qadın güləşi kimi inkişaf edəcək, lakin bu proses zaman tələb edir.

- Milli yığma komandamızı kim məşq etdirir?

- Hələlik xarici, o cümlədən yapon məşqçilər bizə gəlməyiblər, amma danışıqlar aparılır. Zərurət yarandıqda xarici mütəxəssislərlə daimi onlayn əlaqə saxlayırıq.

Hazırda idmançılarımızı yerli mütəxəssis Ülvi Ağamirov çalışdırır. O, aykido ustasıdır, lakin sumonun prinsiplərini də yaxşı bilir. Çünki bütün yapon döyüş sənətlərinin ümumi əsası var - hərəkətlər yer səviyyəsindən başlayır və düzgün duruş çox önəmlidir.

Biz həmçinin idmançılarımızı təlim üçün Yaponiyaya göndəririk. Adətən, Yaponiyada peşəkar zallara əcnəbilər buraxılmır, lakin sıx əlaqələr sayəsində Azərbaycan sumoçularını orada təcrübə keçməyə göndərə bilirik.

- Azərbaycanda yerli çempionatlar keçirilirmi?

- Bu il əsas diqqət dünya çempionatına hazırlığa yönəlib, buna görə də yerli turnirlər hələ keçirilməyib. Bundan başqa, yarışların tam şəkildə təşkili üçün hər çəki dərəcəsində kifayət qədər iştirakçı olmalıdır. Hazırda idmançıların sayı azdır və hamısı böyüklərdir. Bununla belə, 2026-cı ilin ortalarında ölkə çempionatı keçirməyi planlaşdırırıq.

Hazırda sumoda uşaqlar və yeniyetmələr azdır, amma gələn il gənc azərbaycanlı sumoçunu hər il keçirilən “Hakuho Cup” turnirinə göndərməyi planlaşdırırıq. Bu turnirin təşkilatçısı Hakuho Şo – sumonun ali divizionunda qalibiyyət sayına görə rekordçu, tarixdə bu zirvəyə çatan 69-cu idmançı, ikinci monqol və dördüncü əcnəbidir. Qeyd edim ki, bu il Hakuho Şo Bakıya səfər edib və ona dünya çempionatına hazırlıq barədə məlumat təqdim olunub. Daha bir uğurumuz - “Hakuho Cup” tarixində ilk dəfə iki il ardıcıl olaraq əcnəbi hakim dəvət olunub və həmin şəxs milli yığmamızın məşqçisi Ülvi Ağamirovdur.

- Bəs sumo qonşu ölkələrdə necə inkişaf edib?

- Qonşu ölkələr arasında sumo xüsusilə Gürcüstanda geniş yayılıb. Bu idman növü orada çoxdan məşğul olunan sahədir. Hətta Yaponiyaya köçərək məşhurlaşmış gürcü sumoçusu da var. Güclü sumo məktəbləri həmçinin Ukrayna və Özbəkistanda fəaliyyət göstərir. Azərbaycanda sumonun inkişafı üzrə strateji plan çərçivəsində bu ölkələrlə əməkdaşlıq etməyi planlaşdırırıq.

Leyla Eminova

İdman.Biz

Məqalədə: