“Azərbaycanda idman psixoloqunun nə olduğunu bilmirdilər, indi isə federasiyalar özləri məni axtarır” - Gülbəniz Məmmədlinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
29 Oktyabr 2025 11:09
321
“Azərbaycanda idman psixoloqunun nə olduğunu bilmirdilər, indi isə federasiyalar özləri məni axtarır” - Gülbəniz Məmmədlinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Yəqin ki, Gülbəniz Məmmədli Azərbaycanda yeganə peşəkar idman psixoloqudur. O, Karate Federasiyasında çalışır, eyni zamanda ölkənin digər idman qurumları və milli yığma komandaların ayrı-ayrı idmançıları ilə əməkdaşlıq edir. Mütəxəssis həmçinin 2024-cü il Paralimpiya Oyunlarında da idmançılarımıza müşayiət edib.

Gülbəniz xanımın bu sahəyə gəlmək yolu asan olmayıb. O, bakalavr təhsilini “psixologiya”, magistraturanı isə “idarəetmə psixologiyası” ixtisası üzrə başa vurub. Özünü idman psixologiyasına həsr etməyə qərar verdiyi vaxt, Azərbaycanda bu sahə üzrə təhsil mövcud deyildi, bu ixtisasa tələbat isə son dərəcə az idi. Tez-tez məşqçilərin və federasiyaların tərəddüdü, bəzən də laqeyd münasibəti ilə üzləşməli olurdu. Lakin bu, onu dayandırmayıb. Gülbəniz Məmmədli Türkiyəyə gedərək “Fənərbağça” və “Beşiktaş” klublarının idman psixoloqlarından təhsil alıb, eyni zamanda bir çox beynəlxalq proqramlarda iştirak edib.

Vətənə qayıtdıqdan sonra o, bu sahədə peşəkar reputasiyasını sıfırdan qurmalı olan yeganə mütəxəssis olub.

İdman.biz Gülbəniz Məmmədli ilə Azərbaycan idmançılarının əsas psixoloji problemləri və onların yüksək nailiyyətlər əldə etməsinə mane olan amillər barədə söhbət edib.

- İdman psixologiyası istiqamətindən necə xəbər tutdunuz?

- Mən beynəlxalq platformaları izləyirdim. Orada tez-tez idman psixologiyasına dair podkastlar və qısa mühazirələrə rast gəlirdim. Bu sahə məni çox maraqlandırdı. Lakin bu istiqamətə dərinləşməzdən öncə qərara aldım ki, əvvəlcə öyrənim, görüm Azərbaycanda belə bir sahə varmı. Bu barədə federasiyalara və tanış idmançılara müraciət etdim. Əksər hallarda mənə cavab verirdilər ki, belə bir mütəxəssis yoxdur, bəziləri isə ümumiyyətlə bu ixtisasın nədən ibarət olduğunu bilmirdilər. Bəzən deyirdilər ki, yarışlar ərəfəsində adi psixoloqları dəvət edirlər.

İdman psixologiyası üzrə təhsil aldıqdan sonra bu sahəni Azərbaycanda öz gücümlə tanıtmalı oldum. Əvvəlcə pulsuz müayinə və təlimlər keçirir, bu istiqamət barədə məlumat verirdim. Başqa yol yox idi: məşqçilər məni qəbul etmirdi, idman mərkəzlərində isə bu fəaliyyət üçün şərait yox idi ki, reklam verib peşəmi icra edə bilim.

Paralel olaraq aşağı divizionlarda çıxış edən uşaqlarla və özəl klublarla işləməyə başladım. Onlar bizim seanslardan sonra yaxşı nəticələr göstərməyə və yarışlarda qalib gəlməyə başlayanda, müxtəlif federasiyaların diqqətini cəlb etdim. Onlar anladılar ki, idman psixologiyası fərdi psixologiyadan fərqlidir və böyük fayda verir. O vaxtdan etibarən məni getdikcə daha çox əməkdaşlığa dəvət etməyə başladılar.

- Tələbatın az olması sizi bu işi buraxmaq fikrinə salmırdı ki?

- Təsəvvürünüzə gətirə bilməzsiniz, ilk vaxtlar nə qədər çətinliklərlə üzləşirdim. Çox vaxt pulsuz işləməli olur, bəzən ay ərzində 30-40 idmançı ilə işləyərək cəmi 180 manat qazanırdım. Bütün bunları tanınmaq, öz adımı formalaşdırmaq üçün edirdim. Halbuki eyni zamanda ixtisasartırma üçün xarici kurslara minlərlə manat xərcləyirdim.

Xatırlayıram, bakalavr və magistratura illərində birgə oxuduğum həmkarlarıma təklif etmişdim ki, gəlin, idman psixologiyasını Azərbaycanda birgə inkişaf etdirək. Amma mənim nə qədər qazandığımı gördükdən sonra onlar daha sabit və yüksək maaşlı sahələri seçdilər.

Lakin mən bilirdim ki, gec-tez bu sahəyə tələbat yaranacaq və o zaman ölkədə bu istiqamətdə yeganə mütəxəssis olmaq imkanım olacaq. Amma bu yolda özümü tənha hiss etdiyimi danmıram. Xaricdə keçdiyim kurslar istisna olmaqla, fikirlərimi bölüşəcəyim və ya dəstək alacağım həmkarım yox idi. Məni ən çox sıxan da bu idi - inkişaf edə biləcəyim bir mühitin olmaması. Amma inanırdım ki, bir gün əməklərim tanınacaq və dəyərləndiriləcək. Məhz bu inam məni geri çəkilməyə qoymadı. Və mən haqlı çıxdım - əvvəllər federasiyalara öz xidmətlərimi təklif edirdimsə, indi onlar mənə müraciət edirlər.

- Hazırda Azərbaycanda sizdən başqa idman psixoloqu varmı?

- Öz təcrübəmdə hələlik başqa idman psixoloqu ilə rastlaşmamışam. Amma yaxınlarda idman liseyində psixoloq kimi çalışan Fatimə xanımla tanış oldum. O, fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır.

- İdman psixologiyası klassik psixologiyadan nə ilə fərqlənir?

- İşimizin təxminən 30-40 faizi fərdi psixologiya ilə bağlıdır. Qalan hissə isə sırf idman terapiyasıdır. Biz yalnız idmançıların şəxsi hiss və təcrübələri ilə işləmirik, onların yarış, komanda və idman məqsədləri kontekstindəki psixoloji durumunu da tənzimləyirik. Onlara “burada və indi” anında necə davranmağı, stresi və bədən hərəkətlərini idarə etməyi, ümumi vəziyyətə nəzarət etməyi, eləcə də beyin fəaliyyətini sabitləşdirməyi öyrədirik.

Bu aspektlərin hər birinə yanaşma idman növündən asılı olaraq dəyişir. Məsələn, karateçilərlə işlədiyimiz metodika basketbolçular üçün yararlı olmaya bilər. Buna görə də fərdi psixologiya bu sahədə idman psixologiyası qədər effektiv deyil. Maariflənmə artdıqca, artıq bu iki sahə bir-birinə qarışdırılmır. İndi həm federasiyalarda, həm də idman mərkəzlərində bu istiqamət inkişaf etdirilir və dəstəklənir.

- İdman psixoloqu kimi idmanı yaxından bilmək vacibdirmi?

- Əlbəttə. İdman psixoloqu olmaq o deməkdir ki, konkret idman növünün özəlliklərini, taktikasını və qaydalarını da başa düşməlisən. Əgər idmançı sənə öz növü barədə sual verir və sən düzgün cavab verə bilmirsənsə, onun sənə olan etimadı azalır. Bu inamı qorumaq üçün mən daim onların məşqlərində iştirak edir, yarışlarını izləyir, qaydaları və prosesi daxildən öyrənirəm. Bunsuz peşəkar inkişaf mümkün deyil.

- İdman psixoloqu ilə işləmək bahadırmı?

- Federasiyalarla əməkdaşlıqda bu, onların büdcəsindən asılıdır. Əgər fərdi seanslardan söhbət gedirsə, onda mən problemin xarakterinə baxıram və daha sonra məbləğ barədə razılaşırıq. Amma ümumilikdə, bu sahənin reallıqları çərçivəsində qiymətlər o qədər də yüksək deyil.

- Müəyyən psixoloji problemləri aradan qaldırmaq üçün nə qədər vaxt lazımdır?

- Hər şey idmançının müraciət səbəbindən asılıdır. Əgər idmançı yarışdan cəmi bir ay əvvəl bizə müraciət edirsə, biz ona təcili psixoloji dəstək göstəririk - konkret problemin həllinə və vəziyyətin sabitləşdirilməsinə yönəlmiş qısamüddətli metodlardan istifadə edirik. Əgər müraciət daha yüngül çətinliklərlə bağlıdırsa - məsələn, həyəcan və ya əsəbi reaksiyaları idarə etməkdə çətinlik çəkirsə - onda da qısamüddətli kursla kifayətlənirik.

Başqa bir iş formatı isə federasiyalarla apardığım uzunmüddətli terapiyadır. Bu müddətdə biz idman növünün spesifikasına uyğun psixoloji dayanıqlıq və xarakter formalaşdırırıq. Bu proses altı ay və ya bir il davam edir.

- İdmançılar sizə ən çox hansı problemlərlə müraciət edirlər?

- Bizim idmançılarda ən böyük problemlərdən biri, diqqətin yalnız texniki və fiziki hazırlığa yönəlməsidir. Onlar bəzən anlamırlar ki, psixoloji inam və öz vəziyyətinə nəzarət bacarığı nəticəni ikiqat artıra və sabitlik gətirə bilər. İdmançının özünü göstərə bilməməsinə çoxlu amillər mane olur - zədələr, yorğunluq və sair. Mən onlara öyrədirəm ki, daxili vəziyyətiniz rəqibinizdən daha yaxşı ola bilər və bu, həlledici amilə çevrilə bilər. Ona görə də özünüzə əvvəlcədən “uduzaram” qorxusunu yeritməməlisiniz.

Yaxınlarda Gəncədə keçirilən MDB Oyunlarında idim və gördüm ki, komandalarımız birinci mərhələdəki uğursuzluğu ikinci mərhələyə daşıyırlar, çünki səhvlərinə ilişib qalırlar. Bu, xüsusilə gənc idmançılarda özünü göstərir. Əminəm ki, bütün idmançılarımız psixoloqla çalışsaydılar, ölkəmizdə daha çox medal olardı. Axı fiziki baxımdan bizim idmançılar digər ölkələrin nümayəndələrindən geri qalmır. Sadəcə, biz emosional xalqıq və bu enerjini düzgün istiqamətə yönəltməyi öyrənməliyik.

Başqa bir problem isə məşq ilə real yarış arasındakı psixoloji baryerdir. Buna görə idmançılar yarış zamanı məşqdəki potensiallarının yalnız 50 faizini göstərə bilirlər. Təbii ki, məşq şəraiti yarışdan fərqlənir: orada nə tamaşaçı, nə hakim təzyiqi var, nə də fərqli arena. Üstəlik, rəqib çox vaxt komanda yoldaşı olur. İdmançı bu fərqi çox ciddi qəbul etdikdə, beyin “çaşır” - məşqdə öyrəndiyi bacarıqları yarışa köçürə bilmir, özünəinam azalır. Amma idmançı şəraitdən, rəqibdən və meydançadan asılı olmayaraq hər vəziyyətdə maksimum nəticəyə fokuslana bilsə, beyin sabit qalır, nəzarət və uyğunlaşma yüksək səviyyədə olur.

- Uşaqlıqdan “çempion düşüncəsini” formalaşdırmaq mümkündürmü?

- Əgər idmançı gənc yaşlarından prosesin ciddiliyini anlayır, bədəni düzgün inkişaf edir, qidalanması və məşqləri düzgün qurulubsa, intizam tədricən onun xarakterinin bir hissəsinə çevrilir. Yorğunluq və motivasiyanın müvəqqəti azalması olsa belə, daxili dəyərlər və idmana bağlılıq itməz. Bu, çempionun psixoloji düşüncəsinin əsasını təşkil edir.

Çempionluğun əsası həm də özünə inamdır. Əgər idmançı özünü kürsüdə görür, qələbəni təsəvvür edir və çətinlikləri uğuru canlandıraraq aşırsa, onun əsl çempion olma şansı demək olar ki, təmin olunur. Mən bunu praktikada dəfələrlə görmüşəm - fərqli idman növlərində çalışan, yüksək özünəinam, intizam və nəzarət sahibi olan idmançılar məhz qalib gəlirlər. Lakin bütün bunlar yalnız idmana olan sevgi ilə mümkündür. Bu sevgi daxili motivator rolunu oynayır.

- Tez-tez görürük ki, böyük qələbələrdən sonra məşhur idmançılar bir-birinin ardınca məğlubiyyətlərlə üzləşirlər. Bunun səbəbi nədir?

- Böyük yarışlardan sonra idmançılar adətən fasilə götürürlər. Bu zaman beyin yüksək fokuslanma və stres vəziyyətindən tədricən rahatlıq mərhələsinə keçir. Diqqət dağılır, fikirlər mükafatlara, gündəlik işlərə və ya sadəcə istirahətə yönəlir. Aktivliyə və dopaminə öyrəşmiş idmançı beyni qəfildən “boşluq” vəziyyətinə düşür, konsentrasiya hissi itir. Bu halı idarə etmək idman psixoloqunun əsas vəzifələrindən biridir. Hətta idmançı müvəqqəti məşq etməsə də, kiçik və mütəmadi məqsədlərlə aktivliyi qorumaq vacibdir. Əks halda, əvvəlki ritmə qayıtmaq prosesi daha çox vaxt aparır.

- Məğlubiyyətlər zamanı idmançı ailələri onları necə dəstəkləməlidirlər?

- İlk növbədə, məğlubiyyət zamanı yaranan neqativ emosiyalar tamamilə normal reaksiyadır. Yaxınlar idmançıya bir müddət tək qalmağa və bu hissləri “yaşamağa” imkan verməlidirlər. Adətən buna bir-iki gün, bəzən böyük yarışlarda bir həftə kifayət edir.

Daha sonra ailə və məşqçilər idmançıya göstərməlidirlər ki, onlar yanında və dəstəkdədirlər. Gənc idmançılara valideynlər yarışın və rəqibin hərəkətlərini birlikdə analiz etməyi təklif edə bilərlər. Bu, onların yenidən motivasiyanı bərpa etməsinə kömək edir. Həmçinin vacibdir ki, uşağın yaşı və yarış səviyyəsindən asılı olmayaraq, ona peşəkar idmançı kimi yanaşılsın. Heç bir halda məğlubiyyəti tez-tez xatırlatmaq, emosional təzyiq göstərmək və ya tənqid etmək olmaz.

- Məşqçilərlə də işləyirsinizmi?

- Bəli. Biz idmançı barədə məlumat toplayıb onun nəticə profilini formalaşdırdıqdan sonra, baş məşqçi ilə birlikdə bu nəticələri müzakirə edirik. Məqsəd - problemin sistemli olub-olmadığını müəyyənləşdirməkdir. Məşqçi ilə birgə idmançının hansı tədbirləri görməli olduğunu planlaşdırırıq, eyni zamanda məşqçilərin özlərinə də tövsiyələr veririk.

- Deyirlər ki, idmançını yalnız məşqçi anlaya bilər…

- Bu, doğrudur. Amma mən bir az əlavə edərdim: idmançını yalnız məşqçisi və idman psixoloqu anlaya bilər. Üstəlik, məşqçi ilə idmançısı arasında bəzən ünsiyyət problemi yaranır. Məhz bu zaman bizim kimi mütəxəssislər köməyə gəlir. İnanın, zaman keçdikcə idman psixoloqu idmançı üçün məşqçi qədər vacib fiqura çevrilir. Xaricdə bu, çoxdan formalaşmış praktikadır – təkcə federasiyaların deyil, hər bir komandanın müxtəlif yaş qrupları ilə işləyən ayrıca psixoloqu olur. İdman psixoloqu, məşqçi və idmançının işi sıx qarşılıqlı əlaqə üzərində qurulmalıdır. Əgər söhbət yeniyetmələrdən gedirsə, bu prosesə çox vaxt valideynlər də cəlb olunur.

Amma etiraf edim ki, bu ifadə çox vaxt elə məşqçilərin özlərində də rezonans yaradır. Xüsusilə orta və yaşlı nəsil məşqçilər hesab edirlər ki, öz idmançısını onlardan yaxşı heç kim tanıya bilməz. Onlarda eqo yüksək olur. Lakin biz elmi yanaşmanı əsaslandırıb tövsiyələrimizi izah etdikdə, əməkdaşlıq daha asan gedir.

- Sizcə, məşqçi etik normalara riayət etməlidirmi, yoxsa idmanda məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur?

- Peşəkar idmanda və federasiya daxilində etik normalar sistemi və müəyyən bir mədəniyyət mövcuddur ki, onlara əməl etmək vacibdir. Məsələn, karatedə bir-birinə hörmət göstərmək bu idman növünün ənənələrinin bir hissəsidir. Belə yanaşma avtomatik şəkildə intizamı, idmançının motivasiyasını və ümumi psixoloji durumunu gücləndirir. Hətta azyaşlı uşaqlar da bu strukturlaşdırılmış münasibəti görərək məşqlərə maraqla gəlirlər, özlərini narahat və ya təzyiq altında hiss etmirlər.

Əgər bu normalara riayət olunmursa, idmançı prosesin dəyərini dərk etmir. Bu xüsusilə uşaqlar və yeniyetmələrlə iş zamanı özünü daha çox göstərir. Ümumilikdə hesab edirəm ki, hər bir məşqçi psixologiya sahəsində təlim keçməli və qiymətləndirmədən keçməlidir. Bu, təkcə baş məşqçilərə yox, onların köməkçilərinə də aiddir. Bəzi ölkələrdə məşqçilər üçün məcburi akkreditasiyalar mövcuddur. Bu cür prosedurlar vasitəsilə mütəxəssisin idmançının psixoloji xüsusiyyətlərini nə dərəcədə nəzərə ala bilməsi və işi düzgün qurması yoxlanılır.

- Təcrübənizdə elə hallar olubmu ki, məşqçilər sizinlə əməkdaşlıqdan qəti şəkildə imtina etsinlər?

- Belə hallar olub. Məsələn, 2024-cü il Paris Oyunlarından əvvəl bəzi məşqçilər mənim xəbərdarlıqlarıma baxmayaraq qaydaları pozurdular. Bu zaman biz birbaşa Federasiyaya şikayətlə müraciət etmişdik. İdmanda söhbət idmançının həyatı və əməyi barədə gedir, və məşqçinin şəxsi prinsiplərə əsaslanan yanlış davranışı idmançının səylərini təhlükə altına salır, bu isə olduqca qeyri-peşəkar sayılır. Belə hallarda Federasiya sərt tədbirlər görür: yoxlamalar aparılır, ən yaxşı halda işdə lazımi düzəlişlər edilir, ən pis halda isə məşqçi dəyişdirilir.

- Sonda 2024-cü il Paralimpiadasındakı iş təcrübənizdən danışın…

- Paralimpiyaçılarımızla - istər İlham Zəkiyevlə, istər Lamiyə Vəliyeva ilə, istərsə də digərləri ilə - işimiz çox yaxşı keçdi. Paraatletlərlə seanslar demək olar ki, fərqlənmir. Hər bir idmançı unikal şəxsiyyətdir və hər birinə fərdi yanaşma tələb olunur. Biz terapevtik prosesi həm psixoloji, həm də fiziki amilləri nəzərə alaraq formalaşdırırıq. Seansların və məşqlərin cədvəli maksimum səmərə əldə olunacaq şəkildə tənzimlənir. Bu proseslər uzunmüddətlidir və ciddi diqqət tələb edir.

Amma başa düşmək ki, bu idmançılar medal uğrunda mübarizə aparacaq və ölkənin bayrağını qaldıracaqlar. Üstəlik, yarışlardan sonra idmançıların mənə yaxınlaşıb işimə görə təşəkkür etmələri, bu prosesin ən qiymətli anlarından biridir. Hətta mən şəxsən yarışlarda iştirak etməsəm də, idmançılar çox vaxt məşqçilərlə birlikdə yanıma gəlirlər, təəssüratlarını bölüşürlər, medallarını, şəkillərini göstərirlər - bu, mənim günümü sözün əsl mənasında gözəlləşdirir. Belə diqqət və minnətdarlıq mənim motivasiyamı artırır, mənə enerji və ilham verir. Və ən əsası: bu təcrübənin dəyəri nə mükafatla, nə də maaşla ölçülmür.



Leyla Eminova

İdman.Biz