"Avropa Oyunları Azərbaycanın idman ölkəsi olmasının sübutu idi".
İdman.biz "Report"a istinadən xəbər verir ki bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
O, İcraiyyə Komitəsinin iclasında aparılan müzakirələrlə bağlı fikirlərini bölüşüb: "Süni intellekt və idmanda innovasiya" müsabiqəsi elan etmişik. Bütün ölkələrdən istənilən şəxslər qoşula bilər. Toplantıda münsiflər heyətinin üzvlərini təsdiq etdik. Münsiflər heyətində Avropa Olimpiya Komitəsinin və Türkiyə Olimpiya Komitəsinin nümayəndələri də olacaq. Çünki növbəti Oyunlar Türkiyədə keçiriləcək. Eyni zamanda Milli Olimpiya Komitəsinin nümayəndəsi və Avropa Oyunlarının səfiri olan Tünzalə Ağayeva, həmçinin güləş üzrə Avropa çempionu Rəsul Çunayev də bu heyətə daxil edilib".
Hüseynzadə Avropa Gənclər Olimpiya Festivalı (EYOF) barədə də danışıb: "İyulda Skopye şəhərində Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Biz bu yarışda böyük komanda ilə iştirak edəcəyik. Bununla əlaqədar cari məsələlər müzakirə olundu".
MOK-un vitse-prezidenti əlavə edib ki, komitə Azərbaycan idmançılarının keyfiyyətini itirən və geri qaytarılan medalları ilə bağlı Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsindən konkret cavab almayıb.
O, Paris-2024-də verilən medalların dəyişdirilməsi ilə bağlı lazımi işləri gördüklərini bildirib: "Proseslə bağlı lazımi işləri görmüşük. Bütün məlumatları Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmişik. Beynəlxalq Olimpiya Komitəsi bu məsələni Paris-2024-ün Təşkilat Komitəsinə yönəldib. Təşkilat Komitəsi, demək olar ki, artıq fəaliyyət göstərmir. Onun bəzi qurumları qalıb. İndi bu qurumlar məsələ ilə məşğuldurlar. Biz hələ konkret cavab almamışıq. Amma söz veriblər ki, bu məsələni həll edəcəklər".
Qeyd edək ki, Paris-2024-də mükafat qazanan 7 idmançımızdan beşinin medalında nəzərəçarpan dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.
İdman.biz