Federasiya prezidenti: "Düzgün strategiya Azərbaycan motoidmanında yeni səhifə açacaq" - MÜSAHİBƏ

Müsahibə
5 İyun 2025 16:54
48
Federasiya prezidenti: "Düzgün strategiya Azərbaycan motoidmanında yeni səhifə açacaq" - MÜSAHİBƏ

Motosiklet İdman Federasiyasının yeni prezidenti Fuad Bağırov və I vitse-prezident Sabir Babayevin AZƏRTAC-a müsahibəsi

- Əvvəlcə özünüz haqqında ətraflı məlumat verərdiniz...

- F.B: 1978-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmişəm. Son olaraq, Fövqəladə Hallar Nazirliyində çalışmışam.

- Bu sahədə hansı təcrübələriniz var və federasiyaya rəhbərlik etməyə necə qərar verdiniz?

- F.B: Artıq 10 ildir Motoidman Klubunun prezidentiyəm. Bu illər ərzində çox böyük nailiyyətlər qazanmışıq. Motosikletlə 6 dəfə Azərbaycandan Avropaya keçid etmişik. Hər gediş və gəlişimizdə 14-15 min kilometr yol qət etmişik. Almaniya, İtaliya, Fransa, Niderland və Macarıstanda olmuşuq. Orada topladığımız təcrübəni Azərbaycanda tətbiq etmək istəyirik.

- Yeni rəhbərliyin dövründə federasiyanın əsas prioritetləri nələr olacaq?

- F.B: Əsas prioritetimiz federasiyanın infrastrukturunun inkişafı və kütləviliyin artırılmasıdır. Bu idman növünü nəinki ölkədə, həm də beynəlxalq səviyyədə dirçəltmək istəyirik. İnanıram ki, federasiyamızın düzgün strategiyası nəticəsində motosiklet idmanında yeni səhifə açılacaq.

- Sabir müəllim, bilirik ki, uzun illər motoidmanla məşğul olmusunuz. Bu idman növünə marağınız nə vaxtdan və necə başlayıb?

- S.B: Bu idmana başlamağım təxminən 1985-ci illərə təsadüf edir. O vaxtlar 10-11 yaşım var idi. 3 yaşım olarkən velosiped sürməyə başladım. Mənim yaşadığım məhəllədə motoidmanla məşğul olanlar var idi. Məndən yaşca böyük idilər. Onlara baxaraq həvəsləndim. Təcrübə artdıqca velosipeddən motosikletə keçdim. Artıq 51 yaşım olmasına baxmayaraq, hələ də motoidmana ilk günkü kimi həvəsliyəm. "Motomondo" adlı motosiklet məktəbinin təsisçisi və rəhbəriyəm. Məktəb daxilində peşəkar mütəxəssislər fəaliyyət göstərir. Həmçinin burada təlim-tədris mərkəzi, yarış meydançaları var. Həmin meydançalarda həm məşqlərimizi, həm də yarışlarımızı keçiririk. Onu da qeyd etmək istərdim ki, qadınlardan ibarət klubumuz da var.

- Qadınlarda motoidmana maraq hansı səviyyədədir?

- S.B: Əslində, maraq göstərənlər çoxdur. Onlar elə də gənc deyillər. Sadəcə, motoidmandakı dinamikanı görürlər və bu, onları cəlb edir. Yeni rəhbərliklə birgə gələcəkdə xanımlar üçün də layihələrimiz olacaq. Azərbaycanda hazırda qadınlardan ibarət iki klub var. Həmin klublar da günü-gündən inkişaf edirlər.

- Azərbaycan Motosiklet İdman Federasiyasının hazırkı vəziyyəti ilə bağlı fikirləriniz necədir?

- S.B: Yeni layihələrimiz var. Artıq müzakirələr gedir. Ölkəmizdə bu sahəni təkmilləşdirməyə çox ehtiyac var. İnanıram ki, motoidmanı Azərbaycanda dirçəldəcəyik.

- Gənc motosikletçilərin yetişdirilməsi üçün hansı layihələr və ya proqramlar nəzərdə tutulur?

- S.B: Bizim bununla bağlı bir neçə layihəmiz var. Ancaq indi yalnız biri haqqında məlumat verə bilərəm. Kimsəsiz uşaqlar evindən həddi-buluğa çatmış uşaqları motoidmana cəlb etmək istəyirik. Uşaqlar yalnız motosikleti sürməyi öyrənməyəcək, həmçinin onun mexanizmi ilə də tanış olacaqlar. Bu layihə sayəsində həmin gənclər gələcəkdə ya yaxşı motosikletçi, ya da yaxşı usta olacaqlar.

- Azərbaycanda motosiklet idmanını inkişaf etdirmək üçün hansı işlər görüləcək?

- S.B: Bildiyiniz kimi, bu federasiya ictimai birlikdir. Bilavasitə hər hansı qurumla bağlılığı yoxdur. Hazırda yeganə çətinliyimiz maliyyə ilə bağlıdır. Düzgün bünövrə qurduqdan, öz vəsaitimizi əldə etdikdən sonra inkişaf üçün hər hansı maneə görmürük. Hər şeydən öncə platformamızı inkişaf etdirmək və möhkəmləndirmək üçün görüşlər keçirəcək, müəyyən layihələri müzakirə edəcəyik.

- İdmançıların beynəlxalq yarışlara qatılması və federasiyanın beynəlxalq idman təşkilatları ilə əməkdaşlığı istiqamətində planlarınız varmı?

- S.B: Seçkilərdən öncə Avropa Motosiklet Assosiasiyanın icraçı nümayəndəsini ölkəmizə dəvət etdik. O, seçkilərə qatılaraq, gedişatı müşahidə etmişdi. Təbii ki, gələcək üçün də müəyyən planlarımız var.

- Yaxın zamanda Azərbaycanda hər hansı beynəlxalq və ya yerli yarış təşkil etmək planınız var?

- S.B: Öncə federasiyanın öz bünövrəsini möhkəmləndirmək lazımdır. Həmin yarışları təşkil etmək üçün bizə müəyyən qədər vəsait lazım olacaq. Həmin vəsaiti əldə edə bildikdən sonra ölkəmizdə bir sıra turnirlərin təşkili nəzərdə tutulub. Sentyabr ayında respublika turniri keçirmək, oktyabrda isə beynəlxalq yarışlarda iştirak etmək niyyətindəyik. Hər ilin noyabr ayında isə ənənəvi olaraq Zəfər gününə həsr olunmuş yarış keçiririk. Təbii ki, bunları bütün problemlərimizi həll etdikdən sonra gerçəkləşdirə bilərik.

- Gənclərə və bu sahəyə maraq göstərənlərə hansı tövsiyələri verərdiniz?

- S.B: Gənclər tələsməsinlər. İlk növbədə, federasiyamıza müraciət edərək bizdən tövsiyə alsınlar. Çünki bizim bu sahədə təcrübəmiz çoxdur. İkincisi, yol nəqliyyat qaydalarına riayət etsinlər. Üçüncüsü, onu deyə bilərəm ki, təhlükəsizliklərini təmin etmək üçün düzgün geyinsinlər. Siz motosikletə necə yanaşırsınızsa, o da sizə eyni şəkildə yanaşacaq.

İdman.biz