Fərid Qayıbov: “Zaman keçdikcə, tələblər və hədəflər də dəyişir”

Xəbərlər
2 İyul 2024 12:54
315
Fərid Qayıbov: “Zaman keçdikcə, tələblər və hədəflər də dəyişir”

“İlin geridə qalan ilk yarısında həm gənclər, həm də idman sahəsində tarixi anların, yadda qalacaq uğurların şahidi və iştirakçısı olduq. İyun ayı da əlamətdar hadisələr, uğurlar baxımından zəngin oldu”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov iyun ayını dəyərləndirərkən deyib.

O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə də görüşü maraqlı keçib: “İdmançılarımızın iştirak etdikləri yarışlar, qazandıqları qələbələrlə bağlı təəssüratlarını dinlədik və gələcək yarışlara hazırlıqları ilə əlaqədar yığma komandaların məşqçiləri ilə fikir mübadiləsi apardıq. Bütün dünyanın 4 il hazırlaşdığı və səbirsizliklə gözlədiyi növbəti Olimpiada start ərəfəsindədir. Paris Olimpiadasına bir aydan da az vaxt qaldı. İdmançılarımız lisenziya mübarizəsini iyunda da davam etdirdilər. Kamandan oxatmada Yaylagül Ramazanova, üzgüçülükdə Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə, Parisə lisenziya qazanmış 9 cüdoçumuzun da adları məlum oldu. Beləliklə, ölkəmiz idman tarixində ilk dəfə olaraq 15 idman növündə təmsil olunacaq. 48 idmançıdan ibarət heyətdə təcrübəli olimpiyaçılarımız olsa da, Parisə yollanan idmançılarımızın əksəriyyəti ilk dəfə Olimpiada iştirakçısı olacaqlar. İyulun 26-dan avqustun 11-dək davam edəcək Oyunlara lisenziya qazanmış bütün idmançıları və onların məşqçilərini, təmsil etdikləri federasiyaları təbrik edir, uğurlar arzulayıram”.

O, idmanda kütləviliyin artırılması və əhalinin sağlam həyat tərzinə cəlb olunması məqsədilə fəaliyyətin davam etdiyini vurğulayıb: “Bu dəfə daha bir kütləvi tədbirin miqyasını genişləndirməyə nail olduq. Sağlamlıq üçün ən faydalı idman növlərindən biri olan üzgüçülüyə əhalinin, xüsusən də uşaq və gənclərin marağını artırmaq istiqamətində görülən işlərin davamı olaraq Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında 2023-cü ilin dekabrında start verdiyimiz “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsini keçirdik. Bakıda 2 gün davam edən yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Turnirin təşkilində əməkdaşlığa görə Azərbaycan Üzgüçülük Federasiyasına təşəkkür edirəm”.

Nazir 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçilmiş Bakı iyunda bir sıra mötəbər idman tədbirinə də ev sahibliyi etdiyini də xatırladıb: “Paytaxtımızda keçirilən çövkən üzrə dünya çempionatında çövkən yığmamızın dünya çempionu olması bu idman növünün azarkeşləri üçün ikiqat sevindirici oldu. “Baku Open 2024” Beynəlxalq Şahmat Festivalı da dünyanın müxtəlif ölkələrindən 300-dən çox şahmatçını paytaxtımızda görüşdürdü. Şahmat Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan FIDE prezidenti Arkadi Dvorkoviçlə də ikitərəfli görüşümüz oldu. Son illərdə Azərbaycanda şahmatın inkişafı istiqamətində görülən işlər, qazanılan və qarşılıqlı əməkdaşlıq perspektivlərini birgə müzakirə etdik. İyunda ölkəmiz bir sıra multi-idman yarışlarında da təmsil olunub. Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında 11 idman növündə, Saxa Respublikasının Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında isə 17 idman növündə ölkəmizi təmsil edən idmançılarımız uğurla çıxış ediblər. İdman yarışlarını azarkeş və könüllülər olmadan təsəvvür etmək çətindir. Son illərdə bu iki sahəni özündə birləşdirən “İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin fəaliyyəti təqdirəlayiqdir. Bu günlərdə iki illik hesabatını verən təşkilat yenidən seçki konfransı keçirdi. Quruma bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram”.

Qayıbov bildirib ki, zaman keçdikcə, tələblər və hədəflər də dəyişir: “Həm gənclər siyasəti, həm də idman tədbirləri baxımından məsuliyyətli və əhəmiyyətli olan 2024-cü ilin ikinci yarısında bizi daha mühüm fəaliyyət gözləyir. Hələlik isə diqqət bu ay start götürəcək Paris Olimpiadasına yönəlir. Federasiyalarla birgə aparılan islahatlar, qurulan düzgün strategiya sayəsində lisenziyaların qazanılması mərhələsi uğurla başa çatdı. Uğurun davamı zirvəyə aparır. Bunun davamlı olması üçün isə dayanmadan çalışmalı, təcrübə ilə enerjini doğru istiqamətə yönəltməliyik”.

İdman.biz

Məqalədə: