“Şuşaya qayıdış” devizi ilə seminar keçirilib - FOTO

Xəbərlər
20 May 2024 16:31
222
“Şuşaya qayıdış” devizi ilə seminar keçirilib - FOTO

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Şuşanın 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bir zamanlar bu şəhərin işğal günü kimi qeyd olunan 8 mayın məhz 2024-cü ildə geriyə köç tarixi ilə əvəzlənməsi münasibətilə baş tutub.

Birliyin prezidenti Aqil Acalov da seminardakı çıxışında bu məqama toxunub. O, bu tarixin artıq "Şuşaya qayıdış" günü kimi qeyd edildiyini vurğulayıb. Acalov ilk məqsədlərinin Azərbaycan gənclərində vətənpərvərlik hissinin aşılanmasına, bədən tərbiyəsinin inkişafına və idmanın kütləviliyinin artırılmasına xidmət etmək olduğunu bildirib və idmançılara uğurlar arzulayıb: "Hər il keçirilən tədbirlərimiz müxtəlif devizləri ilə yadda qalır. Bu dəfə isə seçdiyimiz şüar "Şuşaya qayıdış" oldu. Uzun illər boyu biz 8 may tarixini Şuşanın işğal günü kimi qeyd edirdik. Amma Vətən müharibəsindən sonra bu, "Şuşaya qayıdış" günü olaraq tarixə düşdü. Məhz buna görə də seminarımızın devizi "Şuşaya qayıdış" oldu".

Azərbaycanda Braziliya ciu-citsu sənətinin Azərbaycanda banisi Taleh Həsənov seminarın məqsədindən və idmançıların beynəlxalq yarışlara hazırlıq prosesindən danışıb. O bildirib ki, əsas məqsəd idmançılar arasında təcrübə mübadiləsi aparmaq, müəllim və idmançıları yeni beynəlxalq qaydalar ilə tanış etməkdir.

Tədbirdə Kapoeyra Federasiyasının vitse-prezidenti Elgiz Əlizadə və idmançılar da qonaq qismində iştirak ediblər. Qurum rəsmisi ciu-citsu və kapoeyranın həmrəyliyi, ortaq maraqlar və birlikdə görüləcək işlərdən danışıb.

İctimai Birliyin sədr müavini Anar Səfərov filialların aktivliyini, idmançıların beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətləri vurğulayıb, yeni qaydalar və gələcək planlardan danışıb. O qeyd edib ki, belə seminarların tez-tez təşkil olunması idmançıların və müəllimlərin bir arada olmasına, bir-birini yaxından tanımasına şərait yaradır. Tədbirdə Kapoeyra Federasiyasının idmançıları öz bacarıqlarını sərgiləyiblər.

Qeyd edək ki, Həsənovun təşkilatçılığı ilə ərsəyə gələn seminarda uşaq, yeniyetmə və böyüklər də olmaqla ümumilikdə 100 idmançı iştirak edib. Onlar attestasiyadan keçərək müxtəlif kəmər və idman dərəcələri alıb, diplomlarla təltif olunublar.

İdman.biz

Məqalədə: