Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə dünyaca məşhur fizioterapevt, “ComplexCore” təşkilatının təsisçisi Roman Yahodanın birgə layihəsi olan “Basics to spesifics” kitabının təqdimat mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə ASAPES-in rektoru Fuad Hacıyev, Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədli, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Təhminə Tağı-Zadə, akademiyanın üzvləri və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən ASAPES-in rektoru Fuad Hacıyev bildirib ki, “ComplexCore” təşkilatı yüksək səviyyəli idmanın tədrisi və dəstəklənməsi sahəsində əsaslı təcrübəyə malik dünyaca məşhur qurumdur. O, qeyd edib ki, bu təşkilatla Akademiyanın birgə layihəsi olan “Basics to spesifics” kitabı fiziki məşq prinsiplərinin, məşq və bərpa prosesinin, proqramlarının tərtib edilməsi barədə geniş məlumatlar toplusudur.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Təhminə Tağı-Zadə kitabının təkcə tələbələr üçün deyil, eyni zamanda idman sahəsində fəaliyyət göstərən hər kəs üçün etibarlı məlumat mənbəyi olacağını deyib.
Daha sonra kitabın müəllifi, “ComplexCore” təşkilatının təsisçisi və icraçı direktoru Roman Yahoda bildirib ki, “Basics to spesifics” reabilitasiya sahəsinin bütün aspektlərini əhatə edən unikal bir vəsaitdir. Müəllifin sözlərinə görə, kitab 802 min tapşırığı əhatə edir. Bu səbəbdən də sağlamlıq, idman və reabilitasiya sahəsində çalışan hər kəs üçün lazımlı ədəbiyyatdır.
Qeyd edək ki, Roman Yahoda 2003-cü ildən fizioterapevt, 2007-ci ildən müxtəlif universitetlərdə və təhsil müəssisələrində, o cümlədən milli idman komandalarında və federasiyalarda fizioterapiya, fiziki məşqlər üzrə beynəlxalq ekspertdir. 2008-ci ildən UEFA-nın Elit hakimlərinin tibb və məşqçilik üzrə heyətinin üzvüdür. Roman Yahoda, həmçinin ASAPES-də “Bədən tərbiyəsi və idmanda reabilitasiya” proqramı üzrə məsul şəxsdir.
Banuçiçək Hüseynli
İdman.biz
