Fərid Qayıbovdan ÇAĞIRIŞ

Xəbərlər
5 Mart 2024 10:08
184
Fərid Qayıbovdan ÇAĞIRIŞ

“Gənclər həftəsi” ilə başlanıb, “İdman həftəsi” ilə başa çatan fevral ayı hər iki sahə üçün çox uğurlu oldu. Xüsusən də idmançılarımızın möhtəşəm qələbələri hər birimizi sevindirdi”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov fevral ayını dəyərləndirərkən deyib.

O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, fevralın ən əlamətdar hadisəsi, şübhəsiz, xalqımızın qələbələrin davamı üçün çox mühüm və tarixi seçimi olub: “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi gənclərimizin və idmançılarımızın da qələbəsidir. Seçkilərdə fəal iştirak edən idmançı və gənclərimiz qalib xalqın qalib liderinə öz təşəkkürlərini seçkiyə fəal şəkildə iştirak etməklə bildirdilər. Hətta müxtəlif ölkələrdə yarışlarda və təlim-məşqlərdə olan idmançılarımız da səfirliklərə gedərək səsvermədə iştirak etdilər. Fəallığa görə hər bir gəncə, hər bir idmançıya təşəkkür edirəm. Andiçmədən sonra dövlətimizin başçısının yenidən təsdiqlədiyi Hökumət üzvləri siyahısında olmaq mənim üçün qürurdur və yenidən göstərilən etimadı doğrultmaq üçün #birkimibirlikdə fəaliyyətimizi daha da məsuliyyətlə davam etdirəcəyik”.

Onun sözlərinə görə, fevralın ən uğurlu idman xəbərləri Rumıniya və Bolqarıstandan gəlib: “Yunan-Roma güləşçilərimiz Murad Məmmədov, Nihat Məmmədli, Həsrət Cəfərov, eləcə də qadın güləşçilərimiz Mariya Stadnik və Alyona Kolesnik Avropa çempionu adını qazandılar. Yunan-Roma güləşi üzrə yığma komandamız medalların əyarına görə (3 qızıl, 2 gümüş və 1 bürünc) Avropa çempionatları tarixində özünün ən yaxşı nəticəsinə imza ataraq ilk dəfə bir qitə birinciliyində 3 qızıl medal qazandı. Daha bir möhtəşəm xəbər isə 12 ildən sonra ağırlıqqaldırma idman növündən gəldi. Həm təkanla, həm birdən qaldırmada, həm də iki hərəkətin cəmində bütün rəqiblərindən güclü olan idmançımız Dadaş Dadaşbəyli 3 qızıl medalla Avropa çempionluğuna yüksəldi. Bu uğur ölkəmizdə ağırlıqqaldırmanın dirçəlişinin bariz nümunəsidir. Növbəti uğurlar gimnastlarımızdan gəldi. İdman gimnastımız Nikita Simonov Almaniyada keçirilən Dünya Kubokunda qızıl medal qazandı. Digər idmançımız Mixail Malkin isə Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qalibi oldu. Yeri gəlmişkən, Mixail Malkin 2023-cü il üçün Avropanın ən yaxşı gimnastı seçildi, məşqçisi Adil Hüseynzadə də qitənin ən yaxşı məşqçisi seçildi”.

O, UEFA Avropa Liqasının pley-off mərhələsində tarixi uğura nail olan “Qarabağ” futbol komandasını çətin “Braqa” səddini aşaraq 1/8 finala yüksəlməsi münasibətilə təbrik edib: “120 dəqiqəlik mübarizədə əsl əzmkarlıq göstərən komandamıza Almaniyanın ən güclü klublarından olan “Bayer” ilə oyunda uğurlar arzulayıram. Futboldan söz düşmüşkən, UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümü püşkatmasında C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya, Estoniya yığmaları ilə mübarizə aparacaq milli komandamıza da uğurlar arzulayıram. Komanda yarışlarında kişi basketbolçularımız və qadın həndbolçularımız sayəsində qələbə sevinci yaşadıq. Basketbolçulardan ibarət milli komandamız DÇ-2027-nin seçmə mərhələsində Kosovo yığması üzərində inamlı qələbə qazandı. Həndbol yığma milli komandamız isə 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Bakıda Litvaya qalib gəldi”.

Nazir ölkəmizin ay ərzində bir sıra nüfuzlu tədbirlərə də ev sahibliyi etdiyini də vurğulayıb: “Batut gimnastikası üzrə Dünya Kuboku 7-ci dəfə Bakıda keçirildi. Həmçinin cüdo üzrə “Böyük Dəbilqə” yarışı, badminton üzrə beynəlxalq turnir və digər yarışları idman azarkeşlərimiz tribunadan izləmək imkanı qazandılar”.

O bildirib ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə fevralın 27-dən start verilən “İdman həftəsi” bir-birindən maraqlı tədbirlərlə davam edir: “Bu tədbirlər sırasında bir tarixi hadisə ilk dəfə Xankəndi – Bakı ultra marafonuna start verməyimiz oldu. Fevralın 29-da Xankəndi şəhərindən start götürən ultra marafon iştirakçıları 380 km qət edərək Bakıda finişə çatmaq üçün 5 mərhələdə yarışdılar və dünən ultra marafonun qaliblərini Bakıda – finişdə qarşılayıb təltif etdik. Ənənəvi olaraq, qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşümüz fevralda da davam etdi. İdmançılarımızın iştirak etdikləri yarışlar, qazandıqları qələbələrlə bağlı təəssüratlarını dinlədik və gələcək yarışlara hazırlıqlarını yığma komandaların məşqçiləri ilə müzakirə etdik. Ənənəvi vətəndaş qəbulunda Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinləri ilə görüşdük və onları narahat edən məsələlərlə maraqlandıq. Milli idman növlərinə maraq ilbəil təkcə ölkəmizdə deyil, bütün dünyada artmadadır. Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak etdim. "Ənənəvi idman növlərinin dirçəlişi" devizi altında baş tutan Forumun panel iclaslarda müzakirələrlə yanaşı, Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanla və bir sıra ölkələrdən olan nazir həmkarlarımla ikitərəfli görüşlərim oldu. Yeri gəlmişkən, milli idman növümüz olan çövkən artıq beynəlxalq müstəvidə rəsmiləşdi və layiq olduğu statusu aldı. Yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyası paytaxtımızda baş tutdu və rəhbər orqanlara seçkilər də keçirildi. Ümid edirəm ki, federasiyanın fəaliyyəti bu qədim idman növünün bütün dünyaya yayılmasına və inkişafına təkan verəcək”.

Qayıbov Türkan qəsəbəsində idman zalının istifadəyə verildiyini də xatırladıb: “İdman zalının binasında yarışların və məşqlərin keçirilməsi üçün universal idman zalında oyun idman növləri, eləcə də digər zallarda güləş, cüdo, taekvondo, boks, karate, aerobika məşqlərinin keçirilməsi üçün şərait var. Kompleksin həyətində, açıq havada trenajor, şahmat və basketbol meydançaları da quraşdırılıb. Ümid edirəm ki, Türkan sakinləri bu imkandan səmərəli şəkildə istifadə edə biləcəklər. Bu günlərdə cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin fəaliyyəti ilə də tanış olub, idmançıların məşq prosesi ilə maraqlandıq. Həmçinin Beynəlxalq Cüdo Federasiyası Akademiyasının (BCF) proqramında iştirak edən məşqçilərə sertifikatların verilməsində iştirak etdim. Beynəlxalq təcrübənin öyrənilməsində və mütəxəssislərin yetişməsində bu cür fəaliyyəti bütün federasiyalara tövsiyə edirəm. Lənkəran şəhərinə səfərim çərçivəsində “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış oldum, məşqçilərlə fikir mübadiləsi apardım, idmançıların məşq prosesini izləyib, onlarla söhbət etdim. Regionlarda mütəxəssislərin fərdi qaydada idman bölmələrinin fəaliyyətini təşkil etmələri uşaq-gənclərin fiziki sağlamlığı, gələcək çempionların yetişməsi baxımından perspektivli bir fəaliyyətdir. Dövlət qurumlarının əməkdaşları arasında keçirdiyimiz müxtəlif turnirlər də maraqlı olmaqla yanaşı həm də vacibdir. Artıq üzgüçülük və bilyard yarışlarını yüzlərlə əməkdaşın təşkil etdik. Qarşıda il ərzində daha 18 növdə, daha 26 turnirin təşkili nəzərdə tutulub. İdmanın kütləviliyini artırmaq və sağlam həyat tərzinin təbliği baxımından bu cür yarışlar çox faydalıdır və dövlət qurumlarında çalışan hər kəsi bu yarışlara fəal qoşulmağa dəvət edirəm”.

Fərid Qayıbov çağırış da edib: "Ölkədə idmanla məşğul olanların sayı artır. Bu isə birgə fəaliyyətin, görülən işlərin nəticəsidir. Xankəndi – Bakı ultra marafonunun iştirakçılarından biri olan 68 yaşlı Hüseynağa Səfərovun dünən finişə çatanlar arasında olması bir daha göstərdi ki, idmanla hər yaşda məşğul olmaq olar. Yaşından asılı olmayaraq, hər kəsi idmanla məşğul olmağa dəvət edirəm”.

İdman.biz

Məqalədə: