Bakıda antidopinqlə bağlı elmi-praktik konfrans öz işinə başlayıb - FOTO

Xəbərlər
21 Fevral 2024 10:39
158
Bakıda antidopinqlə bağlı elmi-praktik konfrans öz işinə başlayıb - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı elmi-praktik konfransın açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev, Azərbaycan Mili Antidopinq Agentliyinin(AMADA) icraçı direktoru Təhminə Tağı-zadə, AMADA İdmançılar Məsləhətçi Komissiyasının sədri İlham Zəkiyev iştirak ediblər.

Mərasimdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, konfrans hər kəs üçün maraqlı keçəcəyinə ümid edir: “İstərdim ki, bu konfranslar davamlı olaraq ölkəmizdə keçirilsin. Əsas məqsədimiz cəmiyyətimizin sağlam olmasıdır. Bu istiqamətdə nazirlik müxtəlif tədbirlər görür. İdmanı təbliğ etmək üçün bizə ulduzlar lazımdır. Həmişə çalışırıq ki, idmanımız təmiz olsun. Bunun üçün müəyyən çevrə yaratmalıyıq. Dövlət və nazirlik tərəfindən də bu yöndə işlərimiz davam edir. Olimpiya ilidir. Konfransımız da Olimpiadaya həsr olunub. İdman paytaxtımız Qubada da idmançılarımız üçün tədbir təşkil ediləcək. İşimiz öyrənmək və inkişaf etməkdir”.

Daha sonra ASAPES-in rektoru Fuad Hacıyev ölkəmizdə idman siyasətinin vacib bir amil olduğunu deyib: “Bu gün biz idmanımızda antidopinqə qarşı birgə mübarizə aparırıq. Daima AMADA ilə əməkdaşlıq edərək, idmançılarımızın düzgün maarifləndirilməsi istiqamətində işlər görürük. Biz AMADA ilə memorandum imzalamışıq. Qarşımızda mühüm məsələlər dayanır. İldə 1700-dən artıq məzun idman sahəsində fəaliyyətə başlayır. Böyük ordumuz təmiz idman ideologiyasının daşıyıcılarıdır. İdmanımızı düzgün təşkil edən şəxslər məzunlarımızdır”.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə sağlam idmanın düzgün şəkildə inkişafından və maarifləndirilməsindən söhbət açıb: “Bu gün məsuliyyətli müzakirələr keçirəcəyik. Biz dopinqə qarşı mübarizədə birgə səylərin əhəmiyyətini vurğulamaq üçün toplaşmışıq. İdmançılar üçün ədalətli şəraitlər yarada bilərik. Konfransın təşkilində dəstək göstərən hər kəsə təşəkkür edirəm. Onlar əllərindən gələn dəstəyi əsirgəməyiblər".

AMADA İdmançılar Məsləhətçi Komissiyasının sədri İlham Zəkiyev isə vurğulayıb ki, biz hər zaman təmiz qələbələr qazanmağa çalışmışıq: “Azərbaycan idmançıları daima ədalətli və düzgün qalibiyyətin tərəfdarı olub. Mən özüm də bir çox Yay Paralimpiya Oyunlarının iştirakçısı və mükafatçısı olmuşam. Hazırda da Fransada keçiriləcək Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlaşıram. Sonuncu Paralimpiya Oyunları 1 il sonra baş tutdu. Bir çoxları buna mənfi hal kimi yanaşa bilər. Amma düşünürəm ki, həmin illərdə bizim müzəffər ordumuz böyük Zəfər qələbəmizi qazandı. Bu tarixi qalibiyyətimiz bütün idmançılara böyük ruh yüksəkliyi verdi”.

Rəsmi çıxışlardan sonra konfrans açıq elan edilib.

Banuçiçək Hüseynli
İdman.biz