Fərid Qayıbov: “Olimpiyaçımız rəqiblərini məğlub etməklə özünə və digər idmançılarımıza əsl motivasiya oldu”

Xəbərlər
5 Fevral 2024 12:22
126
Fərid Qayıbov: “Olimpiyaçımız rəqiblərini məğlub etməklə özünə və digər idmançılarımıza əsl motivasiya oldu”

“Qələbələrlə başa vurduğumuz ötən ili daha məsuliyyətli olacaq Olimpiada ili əvəz etdi. Yeni il əhvalını 2024-cü ilin ilk ayında idmançılarımız yarış meydanlarında da uğurla davam etdirdilər”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov yanvar ayını dəyərləndirərkən deyib.

O bildirib ki, Xorvatiyada qazanılan 2024-cü ilin ilk qızıl medalı digər idmançılarımıza da motivasiya olub: “İlin ilk qızıl medalını Paris-2024 lisenziyasının sahibi, güləşçimiz Sənan Süleymanov qazandı. Olimpiyaçımız Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bütün rəqiblərini məğlub etməklə özünə və digər idmançılarımıza əsl motivasiya oldu. Ənənəvi olaraq qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançılarımızla görüşümüz yanvarın ilk günlərinə təsadüf etdi. Ötən ili qələbələrlə başa vurmuş idmançılarımızı dinlədik, onların gələcək yarışları və hazırlıqları ilə maraqlandıq”.

Nazir qeyd edib ki, idman infrastrukturunun və yeni idman bölmələrinin açılması gələcək potensialın artırılması baxımından çox önəmlidir: “Yanvarda bir sıra idman zallarının açılışında iştirak etdik. Heydər Əliyev adına İdman-Konsert Kompleksində MMA zalının, elektron idman növləri üçün “GMT Arena”nın, Xaçmaz şəhərində “Əhməd” İdman Klubunun, eləcə də klubun nəzdində ağır atletika zalının fəaliyyəti ilə maraqlanaraq uğurlar arzuladıq. Eləcə də, “Dreamland” kompleksində yeni idman fitnes mərkəzləri - “Dream Trampoline”in və "Dream Body Athletic Club & Spa”nın açılışında iştirak etdik. Bundan başqa, ASK Arenada ağırlıqqaldırma üzrə yığma komandaların yeni təlim-məşq bazasının istifadəyə verilməsi də bu idman növünün inkişafında yeni təkan olacaq. Bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üzgüçülük hovuzu da istifadəyə verildi. İnanıram ki, su idman növlərinin tədrisi və inkişafı baxımından bu hovuzun böyük əhəmiyyəti olacaq. Bu, üzgüçülük dərsləri ilə yanaşı, əhalinin, xüsusən də uşaq və gənclərin üzgüçülüyə marağının artması üçün yaxşı fürsətdir”.

Qayıbovun sözlərinə görə, ilin ən yaddaqalan tədbirlərindən biri olacaq möhtəşəm hadisə idman paytaxtı Qubada baş tutub: “Bildiyiniz kimi, ötən il yeni layihəmiz olan “İdman paytaxtı”nın seçkilərində Quba ilk qalib şəhər oldu. Qubada “İdman paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirildi və “İdman paytaxtı”nın rəmzi açarını Quba rayonuna təqdim etdik. İnanıram ki, “İdmanın ürəyi Qubada döyünür” şüarı özünü doğruldacaq və estafet olaraq növbəti ilin “İdman paytaxtı” Qəbələyə uğurlu təcrübə ötürüləcək.
İlin startında idmançılarımızı sevindirəcək daha bir xəbər dövlətin idmana dəstəyinin artırılması ilə bağlı oldu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə bundan sonra Olimpiya Oyunları ilə yanaşı, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara da xüsusi təqaüdlər veriləcək. Həmçinin, bundan sonra Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançıların şəxsi məşqçiləri ilə yanaşı, milli yığma komandanın baş məşqçisi və məşqçiləri də təqaüd alacaqlar. Hökumətin daha bir qərarı isə paralimpiya və qeyri-olimpiya idman növlərinin təmsilçilərini sevindirdi. Belə ki, bundan sonra Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə dünya və Avropa çempionatları, birinciliklərində ən yüksək nəticələr göstərmiş idmançılarımız və onların məşqçilərinə də mükafatlar veriləcək. İdman ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan bu qərarlar idmançılarımız üçün əlavə stimul və motivasiya olacaq”.

O, federasiya nümayəndələri ilə 12-ci görüşün “İdman paytaxtı”mız Quba şəhərində keçirildiyini xatırlayıb: “Ənənəyə uyğun olaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələri birlikdə müzakirə etdik. Bu dəfə əsas diqqət, şübhəsiz ki, Paris-2024 Yay Olimpiya Oyunlarına idman növləri üzrə hazırlıq, 2024-2025-ci illər üçün inkişaf proqramı və digər məsələlərin müzakirəsinə yönəldi. Federasiyalardan söz düşmüşkən, daha bir federasiya ötən dövrdəki fəaliyyətinə nəzər salaraq, seçki keçirdi. Azərbaycan Respublikası Atçılıq Federasiya¬sının hesabat-seçki konfransında yenidən prezident seçilən Elçin Quliyevi təbrik edir və bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram”.

Nazir Paris-2024-ü izləmək üçün azarkeşlərə gözəl şans yaradıldığını da deyib: “İyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına yarım ildən də az vaxt qalır. Oyunlar zamanı idmançılarmıza Parisdə dəstək olmaq istəyən azarkeşlər bunun üçün əlverişli şans əldə ediblər. Yeni istifadəyə verilmiş www.hospitalitytravelpackages.paris2024.org portalına daxil olaraq istənilən idman növü üzrə yarışlara bilet almaq olar. Azarkeşlər yarışlara biletlərin daxil olduğu səyahət paketi və ya yalnız yarışlara bilet sifariş edə bilərlər”.

O bildirib ki, fəaliyyətin qanunauyğun təşkili vacib faktordur: “Nazirliyin növbəti Kollegiya iclasında bir sıra layihə və sənədləri müzakirə etdik. 2024-cü il idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı, 2024-cü il üçün təqvim planı və digər mühüm sənədləri təsdiqlədik. Kollegiyanın qərarı ilə pauerliftinq, stronqman, qol güləşi idman növləri və onların fənləri Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının fəaliyyət istiqamətinə əlavə edildi”.

İdman.biz

Məqalədə: