“Qazimizin yaralı ayaqla dünya ikincisi olması möcüzədir” - Millimizin məşqçisindən İDMAN.BİZ-ə AÇIQLAMA - FOTO

15 Sentyabr 2026 15:23
76
“Qazimizin yaralı ayaqla dünya ikincisi olması möcüzədir” - Millimizin məşqçisindən İDMAN.BİZ-ə AÇIQLAMA

Muay tay üzrə Azərbaycan millisi Kosovoda keçirilən dünya çempionatına qısa müddətdə hazırlaşmasına baxmayaraq, yüksək nəticələr göstərib.

Bu barədə İdman.Biz-ə millimizin böyük məşqçisi Mürsəl Yekbaşov deyib.

“Gözlədiyimizdən daha uğurlu oldu. Dörd idmançıya dörd medal (bir qızıl, iki gümüş və bir bürünc medal) – mənə elə gəlir ki, 100 faizlik nəticədir”, – deyə o vurğulayıb.

Döyüşçülər arasında onu daha çox təəccübləndirən isə Nurlan Məmmədov olub.

“İdmançılarımızdan biri qazidir. 57 kq çəki dərəcəsində ikinci yerə çıxdı. Bu, bizi çox təəccübləndirdi. Ayağında yara, zədə var idi. Həm də qısa müddətdə hazırlaşan bir idmançıdır. Gümüş medal qazanması bizim üçün möcüzə oldu”, – deyə məşqçi bildirib.

Yekbaşovun sözlərinə görə, hazırda milli komanda Fransada 16-26 oktyabr tarixlərində keçiriləcək Avropa çempionatına hazırlaşır. Həmin yarışda 2027-ci il Avropa Oyunları üçün lisenziyalar uğrunda mübarizə aparılacaq.

“İstərdim ki, hər bir çəki dərəcəsində lisenziya qazanaq. Amma burada şans məsələsi də var. İnşallah, biz idmançılara inanırıq”, - deyə mütəxəssis əlavə edib.

Mürsəl Yekbaşov həmçinin muay taya ölkədə göstərilən maraq və bu idman növünün gənclər arasında inkişafından danışıb:

“İnsanların çoxu çəkinir, çünki zədələnmə riski olan və çətin idman növüdür. Onu öyrətmək və öyrənmək asan deyil. Muay tayın öz qaydaları, öz stili var. Digər döyüş növlərindən sərt diz və dirsək zərbələri ilə fərqlənir.

Eyni zamanda, bizdə gənclər arasında sırf muay tay üzrə nəticə verə biləcək çox yaxşı idmançılarımız var. İstedadlı gənc qızlarımız da yox deyil. İnşallah, çalışacağıq, noyabr ayında keçiriləcək Gənclər Dünya Çempionatına yeniyetmələrdən ibarət komanda hazırlayarıq. Fürsətdən istifadə edərək, muay taya göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Bizə göstərilən diqqət və dəstək bizim üçün çox önəmlidir”.

İdman.Biz