Fərid Qayıbov: “Məqsədimiz çempionlar yetişdirməklə yanaşı, uğurları davamlı etməkdir”

4 Noyabr 2026 11:14
51
Fərid Qayıbov: “Məqsədimiz çempionlar yetişdirməklə yanaşı, uğurları davamlı etməkdir”

“Qazanılan uğurlar və nəticələr idmanda və gənclər siyasətində görülən işlərin görünən tərəfidir. Əsl nəticə isə yetişən insanlarda, formalaşan dəyərlərdə və yaradılan imkanların gələcək uğurlara çevrilməsində özünü göstərir. Buna görə də hər bir nailiyyətə yalnız əldə olunmuş nəticə kimi deyil, yeni inkişaf mərhələsinin başlanğıcı kimi yanaşmaq vacibdir. Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyinin möhkəmlənməsi, idmançılarımızın dünya arenalarında qazandıqları qələbələr, bölgələrdə idman imkanlarının genişlənməsi və gənclərin beynəlxalq layihələrdə iştirakı bir-birini tamamlayan proseslərdir”.

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ənənəvi “Nazirin Nöqteyi-Nəzəri” qeydlərində bildirib.

Nazir qeyd edib ki, dövlət başçısının diqqəti və Bakının "Dünya İdman Paytaxtı" statusu çərçivəsində keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir:

“Dövlətimizin başçısı cənab İlham Əliyevin cüdo üzrə dünya çempionatının açılışında, FIFA U-15 dünya çempionatı və festivalının açılış və bağlanış mərasimlərində iştirakı, idmançılarla səmimi görüşləri, Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivini və paralimpiyaçıları təbrik etməsi, onları təltif etməsi idmana göstərilən yüksək diqqət və qayğının növbəti təzahürü oldu. 2026-cı ildə “Dünya İdman Paytaxtı” statusunu daşıyan Bakı beynəlxalq idman həyatının mühüm mərkəzlərindən birinə çevrildi. Cüdo və sumo üzrə dünya çempionatlarının, Avropa Su İdmanı Konqresinin paytaxtımızda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirləri təşkil etmək imkanlarını və əməkdaşlıq potensialını bir daha nümayiş etdirdi. Beynəlxalq yarışlara ev sahibliyi etmək yalnız yüksək təşkilatçılıq bacarığının göstəricisi deyil. Belə tədbirlər ölkəyə təcrübə qazandırır, əlaqələri genişləndirir və gənclərin dünyagörüşünə təsir göstərir. İdmançılarımızın uğurları bu inkişafın digər mühüm göstəricisidir. Əhməd Yusifovun cüdo, Əmrah Şəfiyevin sumo üzrə dünya çempionu olması, güləşçilərimizdən Eldəniz Əzizlinin beşinci dəfə dünya çempionluğu qazanması, Sənan Süleymanovun Olimpiya çəkisində qızıl medal əldə etməsi Azərbaycan idmanının potensialını və ənənələrini bir daha təsdiqlədi”.

Fərid Qayıbov idman infrastrukturlarının inkişafına toxunarkən bildirib ki, əsas məqsəd ayrı-ayrı çempionlar yetişdirməklə kifayətlənməmək, onların uğurlarını davam etdirəcək idman mühiti formalaşdırmaqdır:

"Bu baxımdan idman infrastrukturunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Bir çox Olimpiya və dünya çempionları yetişdirmiş Respublika Olimpiya İdman Liseyinin inzibati binasının, sinif və yataq otaqlarının, yunan-Roma, sərbəst güləş və cüdo zallarının, eləcə də yeməkxanasının təmirdən sonra istifadəyə verilməsi gələcək idmançılar üçün yaradılan imkanların daha da yaxşılaşdırılması deməkdir. “Ski Center Baku”, “Go Prime Crossfit” zalı və Qaradağ rayonunun Lökbatan qəsəbəsində “TT FIGHT” idman zalının açılışı da idmanla məşğul olmaq üçün şəraitin genişləndirilməsinə xidmət edir. Lakin infrastrukturun əsl dəyəri onun fiziki imkanlarından daha çox, insanlara qazandırdığı fayda ilə ölçülür. Hazırda özəl sektorun idman sahəsinə investisiya qoyuluşları artmaqdadır. Bu, ölkəmizin idman infrastrukturunun zənginləşməsində, yeni özəl klubların yaranmasında, sağlam rəqabət mühitinin formalaşmasında və peşəkar idmançıların yetişməsində də önəmli rol oynayır”.

Altı ölkədən 97 iştirakçının qatıldığı və Qəbələ-Ağdaş-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə 192 kilometr məsafəni əhatə edən III beynəlxalq Xankəndi ultramarafonunun idmanın insanları birləşdirən gücünü nümayiş etdirdiyini söyləyən nazir, “Bakı – Dünya İdman Paytaxtı 2026” çərçivəsində Müstəqilliyin Bərpası Günü münasibətilə Dağüstü parkda keçirilən yürüşdə təxminən 500 iştirakçının 566 pilləni birlikdə qalxdığını da xüsusi vurğulayıb:

"Bu tədbirlərin əhəmiyyəti yalnız məsafə, iştirakçı sayı və ya fiziki nəticələrlə məhdudlaşmır. Onlar iradə, dözümlülük və birlik kimi keyfiyyətləri təşviq etməklə yanaşı, idmanın gündəlik həyatın bir hissəsinə çevrilməsinə şərait yaradır. İdmanın bölgələrdə inkişafı da bu ümumi məqsədin mühüm hissəsidir. Mingəçevirin qadınlardan ibarət “Kür” həndbol komandasının EHF Avropa Kubokunun III seçmə mərhələsinə, Tovuzun “Turan” qadın voleybol komandasının isə CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanması, eləcə də Mingəçevirin kişilərdən ibarət “Kür” həndbol komandasının EHF Avropa Kubokunun II seçmə mərhələsində və “Gəncə” basketbol klubunun FIBA Avropa Kubokunun qrup mərhələsində iştirakı regionlarda komanda oyun idman növlərinin inkişafı baxımından sevindiricidir. Bu uğurlar yerli komandaların beynəlxalq təcrübə qazanması, idman ənənələrinin güclənməsi və bölgələrdə yeni istedadların üzə çıxması üçün əlavə imkanlar yaradır”.

Beynəlxalq əməkdaşlıq istiqamətində Beynəlxalq Sumo Federasiyasının prezidenti Hakuho Şo, Belarus Respublikası Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko və Ruandanın idman üzrə dövlət naziri Rveqp Nqarambe ilə görüşlərin keçirlidiyini bildirən Fərid Qayıbov Yeni Dehlidə UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin 10-cu Konfransı çərçivəsində Hindistanın gənclər işləri, idman, əmək və məşğulluq naziri Mansuk Mandaviya ilə də əməkdaşlıq məsələlərini müzakirə etdiklərini qeyd edib:

"Bu görüşlərin əhəmiyyəti beynəlxalq əlaqələrin genişləndirilməsi ilə yanaşı, təcrübə mübadiləsinin konkret nəticələrə çevrilməsindədir. Müxtəlif ölkələrin gənclər mübadiləsi proqramlarının iştirakçıları ilə görüşlərimizdə ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə məlumat verdik, onların suallarını cavablandırdıq. Gənclərimizin “TEKNOFEST 2026” çərçivəsində keçirilən “Onkolojide 3T” yarışında, “Caspian Cup-2026” intellektual oyunlar üzrə beynəlxalq turnirdə, eləcə də Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə keçirilən “World Food Forum 2026” tədbirində iştirakı müxtəlif sahələrdə təcrübə qazanmaq imkanlarını genişləndirdi”.

Gənclərlə iş istiqamətində görülən işlərə də toxunan nazir bildirib ki, Bakıda ilk dəfə keçirilən “GənclikFest” festivalına gün ərzində 10 mindən çox gəncin qoşulması onların birgə fəaliyyətə və yeni təşəbbüslərə marağını nümayiş etdirib:

"İntellektual yarışları, əyləncəli oyunları və konsert proqramını birləşdirən festival gənclərin sosiallaşması, yaradıcı potensialının üzə çıxarılması və sağlam həyat tərzinin təşviqi baxımından əhəmiyyətli oldu. Ucar şəhərində təşkil olunan I Çəltik festivalı da gənclərin fəallığı və Gənclər evlərinin fəaliyyəti baxımından diqqətəlayiq idi”.

Son olaraq Qayıbov qeyd edib ki, idman və gənclər siyasətini birləşdirən əsas məqam insanın öz potensialını reallaşdırması üçün şərait yaratmasıdır:

"İdman məqsəd qoymağı, çətinlikləri aşmağı və komanda ilə işləməyi öyrədir. Gənclərlə iş isə təşəbbüskarlığın, müstəqil düşüncənin və sosial məsuliyyətin inkişafına imkan yaradır. Hər iki istiqamətdə uğurun davamlılığı yaradılan imkanların insanın şəxsi inkişafına və cəmiyyətə faydasına çevrilməsindən asılıdır”.

İdman.Biz