Bakıda keçirilən yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında döyüş açılışı növünün qalibləri və mükafatçıları müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, noyabrın 7-də kişilər arasında 21-ci, qadınlar arasında isə 12-ci dünya çempionatı çərçivəsində bu növ üzrə komanda yarışları keçirilib.
Kişilərin mübarizəsində Qazaxıstan komandası bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub. Monqolustan yığması gümüş, Özbəkistan isə bürünc medal qazanıb.
Qadınların yarışında Rusiya komandası birinci yeri tutub. Belarus təmsilçiləri ikinci, Qazaxıstan idmançıları isə üçüncü pillədə qərarlaşıblar.
Qaliblərə və mükafatçılara medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib.
Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.
