Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib.
İdman.Biz xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasında təşkil olunan təlimdə AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov iştirakçılara antidopinq sahəsinin əsas istiqamətləri barədə məlumat verib.
Təlim çərçivəsində dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, həmçinin antidopinq qaydalarının pozuntuları və onların hüquqi nəticələri ətraflı izah olunub.
Seminar zamanı dopinq vasitələrindən istifadənin insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr, eləcə də bunun idmançıların peşəkar fəaliyyəti və gələcək karyerasına mənfi təsirləri diqqətə çatdırılıb.
Təlimdə təmiz idman prinsiplərinə riayət olunmasının və ədalətli rəqabət mühitinin qorunmasının vacibliyi də vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
