Sentyabrın 4-də “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışı çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları keçirilib.
İdman.Biz xəbər verir ki, idmanın və sağlam həyat tərzinin təbliği məqsədi daşıyan tədbirlərdə müxtəlif yaş qruplarından uşaqlar, həvəskar atletlər və onların ailələri iştirak ediblər.
“IRONKIDS” yarışında iştirakçılar 5-8 yaş, 9-13 yaş və 14-17 yaş kateqoriyaları üzrə 500 metr, 1 və 2 kilometr məsafələrdə yarışıblar.
“Fun Run” qaçışında isə iştirakçılar 5 kilometr məsafə qət ediblər.
Kişilər arasında Marius Holgersen birinci, Cavid Cəfərov ikinci, Pavel Kiniçev üçüncü olub. Qadınlarda isə Tatyana Zaxarçenkova qalib gəlib. Qreysi-Rouz Volters ikinci, Yaroslava Volkova üçüncü yeri tutub.
Yarışın sonunda qaliblərin və mükafatçıların təltifetmə mərasimi keçirilib.
Qeyd edək ki, “Alufar IRONMAN 70.3 Baku” sentyabrın 5-də keçiriləcək. Yarışda 62 ölkədən 1500 iştirakçı, o cümlədən 123 Azərbaycan təmsilçisi iştirak edəcək. Atletlər 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərindən ibarət məsafəni qət edəcəklər.
Yarışlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub.
