Fərid Qayıbov: “Gənclər siyasətini gənclərlə birlikdə həyata keçiririk”

1 Sentyabr 2026 10:59
91
Fərid Qayıbov: “Gənclər siyasətini gənclərlə birlikdə həyata keçiririk”

“Dəyişən dünyada əldə olunan təcrübəni düzgün qiymətləndirmək və onu gələcək imkanlara çevirmək inkişafın əsas şərtlərindən biridir. Müasir dövrdə bilik, bacarıq və təcrübə yalnız fərdi üstünlük deyil, həm də cəmiyyətin inkişaf potensialını müəyyən edən mühüm resursdur”.

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ənənəvi “Nazirin Nöqteyi-Nəzəri” qeydlərində bildirib.

Nazir qeyd edib ki, bu baxımdan hər bir beynəlxalq əməkdaşlıq, yarış, təlim və gənclər təşəbbüsü gələcəyə qoyulan sərmayədir.

“Ötən ay keçirilən beynəlxalq görüşlər və tədbirlər bir daha göstərdi ki, gənclər və idman sahəsində davamlı inkişaf ölkəmizin beynəlxalq tərəfdaşlıqlarının genişlənməsi ilə sıx bağlıdır. Bakıda səfərdə olan Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti, İranın gənclər və idman naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlər, iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planının imzalanması, eləcə də Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriçlə aparılan müzakirələr səmərəli oldu”, - deyə Fərid Qayıbov vurğulayıb.

Nazir beynəlxalq arenada təcrübə qazanan idmançı və gənclərlə keçirilən görüşlərə də toxunub:

“Beynəlxalq yarışlarda uğur qazanan idmançılarla, eləcə də nazirliyin dəstəyi ilə beynəlxalq müsabiqə və olimpiadalarda iştirak etmiş gənclərlə görüşlərimizdə onların təəssüratlarını dinlədik. Fərqli ölkələrdə və rəqabətli mühitlərdə qazanılan təcrübə gənclərin dünyagörüşünü genişləndirir, idmançıların isə peşəkar inkişafını yeni səviyyələrə ucaldır və inanıram ki, onlar bu təcrübədən maksimal yararlanacaqlar”.

Fərid Qayıbov avqustda Azərbaycan idmançılarının əvvəlki aylardakı uğurlu çıxışlarını davam etdirdiyini bildirib.

“Hər bir medal və kubok arxasında idmançının əzmi, məşqçinin zəhməti, düzgün hazırlıq prosesi və yaradılmış imkanlar dayanır. Bakıda qadın voleybolçular arasında 34-cü Avropa çempionatının, Gəncədə 150 nəfərin, o cümlədən paralimpiya, deflimpiya və xüsusi olimpiya idmançılarının qatıldığı “Ganja Cup 2026” üzgüçülük yarışları təşkil edildi”, - deyə nazir qeyd edib.

O, Mingəçevirdə beşinci dəfə keçirilən “Kürü keçək?!” açıq suda üzmə yarışının da idmanın kütləviləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb:

“Bu dəfə də müxtəlif yaş kateqoriyaları üzrə çox sayda qadın, kişi, yaşlı və uşaq Kürün bir sahilindən digərinə keçmək üçün Mingəçevirə gəlmişdilər. Artıq beşinci dəfə keçirdiyimiz və əhalinin maraqla qatıldığı yarış həm idmanın kütləviliyi, həm də sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətlidir”.

Nazir gənclərlə iş istiqamətində yeni təcrübələrin tətbiq edildiyini və diqqət mərkəzindən kənarda qalan yeni gənclər kateqoriyalarının müxtəlif layihələrə cəlb olunmasının vacibliyini qeyd edib.

“AVAZ” Gənclərin Xor Düşərgəsi, “Həyat bacarıqları” inklüziv düşərgəsi, “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi, “Region Gənclərinin IV Liderlik Məktəbi”, “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgələri adi istirahət düşərgələri deyil - gənclərimizin müxtəlif istiqamətlərdə öz potensiallarını reallaşdırılması üçün yeni platformalardır”, - deyə o vurğulayıb.

Fərid Qayıbov Şamaxıda “YayFest” çərçivəsində gənclərlə süni intellekt, kibertəhlükəsizlik, texnoloji mühəndislik və digər mövzularda keçirilən dialoqların da gənclər siyasətinin yeni mərhələsinə xidmət etdiyini bildirib:

“Bu dialoqun məqsədi gənclər siyasətinin yeni mərhələsində gənclərin iştirakına şərait yaratmaqdır. Biz gənclər siyasətini və onun icrasını gənclər üçün və gənclərlə birlikdə aparırıq”.

Nazir son olaraq vurğulayıb ki, hər bir nəticənin arxasında qazanılan medalın, dostluğun, yeni yaranan ideyanın, eləcə də əzmkarlıq və istəyin izləri dayanır.

İdman.Biz