İngiltərəyə qarşı keçirilən silsilə matçlardakı biabırçı məğlubiyyətlərdən sonra Pakistan kriket millisi ilə bağlı gözlənilməz və sərt addım atılıb. Federasiya rəhbərliyi komanda heyətini və məşqçi korpusunu silsilənin gedişində tamamilə yeniləyib.
İdman.Biz xəbər verir ki, ilk iki matçda alınan ağır məğlubiyyətlərdən sonra milli komandanın 7 oyunçusu – Məhəmməd Rizvan, İmam-ul-Haq, Salman Əli Ağa, Əli Usman, Xurram Şahzad, Amır Camal və Məhəmməd Avais Cəfər heyətdən kənarlaşdırılaraq evə göndərilib.
Bununla da kifayətlənməyən federasiya baş məşqçi Sərfəraz Əhməd və onun köməkçisi Ömər Qul ilə yolları ayırıb. Onların yerinə ağ topla oyuna cavabdeh olan məşqçi Mayk Hesson və avstraliyalı mütəxəssis Aşli Nofke gətirilib.
Sentyabrın 9-da Birmingemdə keçiriləcək III matç üçün heyətə 7 yeni kriketçi dəvət olunub. Onlardan 5-i milli komandada debüt edəcək.
Qeyd edək ki, komandadakı kadr dəyişiklikləri siyasi və psixoloji qalmaqallarla müşayiət olunub. İkinci matç zamanı Pakistan Kriket Şurası Böyük Britaniya kanalında həbsdə olan keçmiş baş nazir İmran Xanla bağlı yayımlanan müsahibəyə görə turniri yarıda kəsmək və evə qayıtmaqla hədələmişdi.
