Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban Əliyeva 1983-cü ildə ailə həyatı qurublar. Bu evlilikdən üç övladları olub. Mehriban Əliyevanın müsahibələrində dediyi kimi, onun ixtisas seçimində həm anasının xəyalları, həm də İlham Əliyevin anası Zərifə Əliyevanın məsləhəti önəmli rol oynayıb.

O, 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Həmin vaxt federasiyanın fəaliyyətində 4 gimnastika növü yer alırdısa, hazırda Azərbaycanda 9 gimnastika növü inkişaf etdirilir. Azərbaycan gimnastları Olimpiya Oyunlarında iştirak edib, dünya və Avropa çempionatlarında medal qazanıblar. Ölkəmizdə gimnastika üzrə 17 Dünya Kuboku yarışı, 2 dünya çempionatı və 5 Avropa çempionatı təşkil olunub. 2014-cü ildən dünyada nadir idman qurğularından biri hesab olunan Milli Gimnastika Arenası gimnastların hazırlığı və beynəlxalq yarışların keçirilməsi üçün istifadə olunur. AGF-nin məlumatına görə, gimnastika bölmələri Azərbaycanın 18 regionunda fəaliyyət göstərir. AGF-nin Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mükafatlandırdığı 10 milli federasiyanın reytinq siyahısında 6 il ardıcıl yer alması və son 3 ildə siyahıya liderlik etməsi də bu sahədə əldə olunan nəticələrdən biridir.

Qeyd edək ki, 2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub.

Mehriban Əliyeva 2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.
2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib.

İdman.Biz saytının kollektivi adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!
