Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyində (ROİL) genişmiqyaslı təmir və yenidənqurma işləri başa çatıb.
İdman.Biz xəbər verir ki, yenilənən təhsil müəssisəsinin açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında görülən işlərdən və liseyin Azərbaycan idmanının inkişafındakı rolundan danışıb.
Nazir bildirib ki, uzun illərdir fəaliyyət göstərən liseyin yenilənməsində Gənclər və İdman Nazirliyi ilə yanaşı, tərəfdaş qurumlar və idman federasiyaları da yaxından iştirak ediblər.
Təmir çərçivəsində sərbəst və yunan-Roma güləşi, eləcə də cüdo zalları müvafiq idman növlərinin standartlarına uyğunlaşdırılıb. Bundan əlavə, yataqxana, yeməkxana, sinif otaqları və kommunikasiya xətləri yenilənib.
F.Qayıbov liseyin gələcək inkişafı ilə bağlı əlavə planların olduğunu da diqqətə çatdırıb:
“Bu lisey uzun müddətdir ki, fəaliyyət göstərir. Təmirdə federasiyalar da iştirak etdilər. Növbəti mərhələdə bura ilə bağlı bəzi planlarımız var. Lisey idmanın inkişafı üçün vacib təhsil ocağıdır.
Güləş, cüdo, boks idman növlərindən olan idmançılar burada yetişiblər. Onların arasında olimpiya və dünya çempionları var. Burada 450 şagird təhsil alır. Onlar ölkəmizin müxtəlif bölgələrindəndirlər. İnanıram ki, olimpiya və dünya çempionlarının sayı artacaq”.
Hazırda liseydə Azərbaycanın müxtəlif bölgələrindən seçilən istedadlı gənclər sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo və futbol üzrə təhsil alır və məşq edirlər. Onların arasında 15 yaşadək idmançılar üzrə Avropa çempionları və mükafatçıları da var.
Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyi 1963-cü ildən Bakıda fəaliyyət göstərir. Təhsil müəssisəsinin Qax rayonunda da şöbəsi mövcuddur. Lisey Qax şöbəsi daxil olmaqla, ümumilikdə 700 şagird üçün nəzərdə tutulub.
İdman, yataqxana və tədris hissələrindən ibarət müəssisənin Nabran qəsəbəsində təlim-məşq toplantılarının keçirilməsi üçün düşərgəsi də var. Liseyin şagirdləri gündə üç dəfə yeməklə təmin olunurlar.
