Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı olub - FOTO/VİDEO

13 Oktyabr 2026 12:54
93
Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı olub - FOTO/VİDEO

Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyi (ROİL) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

İdman.Biz xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, eləcə də tanınmış idmançılar iştirak ediblər.

Tədbir çərçivəsində Fərid Qayıbov liseydə aparılan təmir və yenidənqurma işləri ilə tanış olub.

Liseyin sərbəst güləş, yunan-Roma güləşi və cüdo zalları əsaslı təmir edilib. Bundan başqa, yataqxana, yeməkxana binası və sinif otaqları yenidən qurulub.

Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyi 1963-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Liseyin Qax rayonunda da şöbəsi var. Hazırda liseydə beş idman növü mövcuddur: sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo və futbol. Qax şöbəsi daxil olmaqla, lisey 700 nəfər şagirdin təhsil almaği üçün nəzərdə tutulub.

Foto: İslam Atakişiyev

ROİL idman, yataqxana və tədris hissəsindən ibarətdir. Bundan əlavə Nabran qəsəbəsində liseyin təlim-məşq toplantıları üçün düşərgə sahəsi də mövcuddur. Şagirdlər gündə üç dəfə yeməklə təmin olunur.

İdman.Biz