Bu gün Ümumdünya Fotoqrafiya Günüdür. Fotojurnalistlər idmanın həyatında xüsusi rol oynayır, qələbələri, emosiyaları və bütöv bir dövrü fotolarda qoruyub saxlayırlar. Azərbaycanın idman fotojurnalistikasının ön cəbhəsində uzun illərdir fəaliyyət göstərən şəxslərdən biri də İdman.Biz-in əməkdaşı İslam Atakişiyevdir.
İslam müəllim bir çox çempionumuzun yolunun necə başladığını görüb. O, müxtəlif nəsillərin idman ictimaiyyətində təkcə peşəkar kimi deyil, həm də mehriban və səmimi insan kimi tanınır. Futbol matçlarından heç vaxt əliboş qayıtmır: evinin həyətində qonşu uşaqları onu gözləyir və oyundan bayraq, proqram və ya məlumat vərəqələri kimi nəsə gətirməsini xahiş edirlər.
O, hər kəslə asanlıqla ünsiyyət qurur. Xarici jurnalistlərə mütləq Tofiq Bəhramovun II Elizabetlə olan fotosunu göstərir və həmin kadrın tarixçəsini izah etməyə çalışır.
O, həmçinin fotoaparatlarına xüsusi diqqətlə yanaşır və içində avadanlıq olan çantanı heç vaxt yerə qoymur. Baxmayaraq ki, yaş artdıqca ağır kameranı saatlarla belində daşımaq getdikcə çətinləşir.
İdman.Biz Azərbaycan idman tarixinin bir hissəsinə çevrilmiş İslam Atakişiyevlə söhbətləşib. O, fotoqrafiyadakı yolundan, idmançılardan, voleybolun “qızıl” illərindən, Heydər Əliyevdən və yaddaşında əbədi qalan kadrlardan danışıb.
- Fotoqrafiya ilə maraqlanmağa nə vaxt başlamısınız?
- Uşaqlıqdan fotoşəkil çəkməyi sevirdim. Məndə geniş lentli belə bir uşaq fotoaparatı var idi. Yadımdadır, ilk dəfə kameranı əlimə götürdüm, şəkillər çəkdim və baxmaq üçün açdım ki, görüm içində nəsə varmı. Mənə dedilər: “Sən nə edirsən? Bu belə işləmir”. Mən isə heç nə bilmirdim.
Sonra sakit-sakit öz səhvlərimdən öyrənməyə başladım. Qonşumuz da fotoqrafiya ilə maraqlanırdı. İkimiz şəhəri gəzib maraqlı şeyləri çəkirdik. İllər keçdikcə yeni avadanlıq aldım, öz laboratoriyamı açdım. 1980-ci illərdə isə bununla pul qazanmağa başladım.

- O vaxtlar yəqin ki, fotoqraflar az idi?
- Barmaqla sayılacaq qədər. Cəmi üç-dörd nəfər idik. İş tapmaq da asan idi. Demək olar ki, özüm iş axtarmırdım - məni axtarırdılar. Məlumatlar ağızdan-ağıza yayılırdı. İndi isə kimə nə gəldi, hamı fotoqrafdır. Kamera alırlar, “selfi-melfi” çəkirlər və sosial şəbəkələrdə yazırlar: “Mən peşəkar fotoqrafam”.
- Mütəxəssis kimi formalaşmağınıza ən çox hansı təcrübə təsir edib?
- Lider TV-də işləməyim. Bu, böyük və çox güclü məktəb idi. O dövrdən möhtəşəm xatirələrim var. Orada sosial mövzuları, mədəniyyəti, siyasəti, idmanı - hər şeyi çəkirdim. Məsələn, “Maşın Şou”nu, müxtəlif ulduzları - Aygün Kazımovanı, Royanı və başqalarını fotoşəkillərə köçürürdüm.

- Bəs məhz idman fotoqrafiyasını nə vaxt sevdiniz?
- Çoxdan, hələ Lider TV-də işləməmişdən əvvəl. Futbol çəkirdim, fotoları qəzetlərə aparırdım, onlar da çap edirdilər. Amma sonra məyus oldum. Daim “məğlubiyyət, məğlubiyyət”... Ölkəyə Faiq Qarayev gələndə mənə Azərbaycan Voleybol Federasiyasının rəsmi fotoqrafı olmağı təklif etdilər. Onu prezidentimiz dəvət etmişdi. O, Türkiyədə işləyirdi, bütün qızları gətirdi və güclü komanda qurdu.
Bu iş çox xoşuma gəlirdi. Onlar kuboklar qazananda bütün bunları mən çəkirdim. İlk böyük qələbəmiz olanda bütün stadion ağlayırdı, mən də ağlayanların arasında idim. Voleybolu çox sevdim. Foto çəkəndə əslində oyunu görmürdüm – kadrı tutmağa fokuslanırdım. Amma sonra evə gəlib oyunlara böyük zövqlə yenidən baxırdım.
- Bildiyimə görə, siz voleybol kollektivinin ayrılmaz hissəsinə çevrilmişdiniz...
- Bəli. Polina Rəhimovanın oyununu çox bəyənirəm. Səfərlərdə tez-tez haradasa oturur, çay içir və söhbətləşirdik. Çox pozitiv insandır. Digər qızlar da möhtəşəmdirlər. Legionerlərlə də yaxşı ünsiyyət qururdum: kimləsə rus dilində, kimləsə jestlərlə. Bir-birimizi necə olur-olsun anlayırdıq.
Yadımdadır, bir dəfə hamımız oturmuşduq, Yekaterina Qamova danışırdı ki, Şəkidə bir ağac var: onun altında dayansan, tezliklə ərə gedəcəksən. Deyir: “Mən dayandım, artıq neçə il keçib, amma hələ də ərə gedə bilmirəm”. Biz də gülürük... Sonra onun gələcək soyadını seçməyə başladıq, hansının ona daha çox yaraşacağını müzakirə etdik (gülür). O da bizə dedi: “Bəsdir artıq”. Belə vaxtlar idi.
Məndən tez-tez işdən kənarda da foto çəkməyimi xahiş edirdilər. Bir dəfə voleybolçulardan birinin anası qızlarının məktəbi bitirmə mərasiminə gəlməyimi xahiş etdi. Yadımdadır, sinfə girdim, orada oğlanlar oturmuşdu. Onlara dedim: “Uşaqlar, bu üç qız tezliklə Azərbaycan millisində olacaq. Vaxt gələcək, onlarla birlikdə oxuduğunuz üçün sevinəcəksiniz”. Onlar heyrətləndilər: “Vau, vau!” Və dediklərim özünü doğrultdu. Hazırda onlar milli komandada çıxış edirlər.

2011-ci il tarixində qadın voleybol klubları arasında keçirilən CEV “Challenge Cup” qalibi olmuş “Azərreyl” komandasının mükafatlandırılma mərasimində İlham Əliyev cənabları və Birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Qələbədən sonra Prezident İlham Əliyev kuboku “Azərreyl” komandasının kapitanına təqdim etdi və komanda ilə birlikdə xatirə şəkli çəkdirdi. Orada mən də iştirak edirdim və foto çəkmişdim.

- Voleybolun ölkədə gerilədiyini görmək sizin üçün necə idi?
- Kədərli idi, çox kədərli. Zaman keçdikcə bir çox güclü voleybolçularımız və legionerlərimiz getməyə başladılar. Onlarla vidalaşmaq çətin idi. Sonra nəsil dəyişdi və voleybol da dəyişdi.
- Amma siz hələ də bu sahədə qaldınız. İdmanı çəkməkdə sizi cəlb edən nədir?
- İdmana ilk gəldiyim vaxt əvvəlcə detallara fikir vermirdim. Sonra iri planla çəkməyə, maraqlı məqamları axtarmağa başladım. Hətta məndə çox güclü, əsl şedevr sayılacaq fotolar da var.
Bu kadrlar həyatın bir anıdır. İdmanda bəzi məqamları hər zaman tutmaq olmur, onları hiss etmək lazımdır. İndi 20 fotoşəkildən 15-i yaxşı alınırsa, əvvəllər cəmi üç-dörd yaxşı kadr əldə edirdim. Studiyada foto çəkmək daha asandır: insana necə dayanmalı olduğunu, nə etməli olduğunu deyirsən. İdman jurnalistikasında isə söhbət saniyənin kiçik hissələrindən gedir.
Futbolda elə olurdu ki, özümüz yaxşı anları qaçırırdıq. Futbolçu qapıya doğru qaçır, biz isə qışqırmağa başlayırdıq: “Hadi, vur, qol vur! Ura!” Və hətta foto çəkməli olduğumuzu belə unudurduq (gülür). Elə olurdu ki, lent köhnə və ya keyfiyyətsiz çıxırdı: fotoları yuyursan və birdən – kadrlar korlanıb.
- Ən çox hansı fotolarınızla fəxr edirsiniz?
- Çoxlu yaxşı kadrlarım var. Məsələn, bir dəfə çimərlik voleybolu çəkirdim və topa zərbə vurulan anı tutdum. Həmin anda top formasını dəyişib oval şəkil almışdı. Belə bir şeyi gözlə görmək mümkün deyil.
Həmçinin voleybol klubu “Rabitə”nin baş məşqçisi Zoran Qayiçi çəkdiyim üçün çox fəxr edirəm. O, hazırda Serbiyada idman naziridir.
Ümumiyyətlə, çoxlu idmançı ilə tanış olduğum üçün fəxr edirəm. Məsələn, voleybolçular Alla Həsənova, Valeriya Korotenko və başqaları. İdman dünyasından olan insanlarla heç vaxt xoşagəlməz vəziyyətim olmayıb. Ona görə də idmançıların “ulduz xəstəliyinə” tutulduğunu deyəndə – bu, belə deyil!
İqor Getman, keçmiş oyunçumuz, Vadim Vasilyev... Yadımdadır, Vadimi artıq xəstə olduğu vaxt gördüm. Onun evinə müsahibə almağa getmişdik. Məni xatırladı. Qucaqlaşdıq - az qala hər ikimiz ağlayacaqdıq. Çoxları məni xatırlayır. İndi fotolara yenidən baxanda hisslərim qarışıq olur. Kədər - çünki həmin günlər geridə qalıb. Sevinc isə ona görədir ki, həmin fotoları mən çəkmişəm.

- İdman fotojurnalistikasının digər veteranları ilə əlaqə saxlayırsınız?
- Bəli, əlbəttə. Valera, Dilavər, İlqar və başqaları ilə. Hamımız hələ də əlaqə saxlayırıq, bir-birimizlə zarafatlaşa da bilirik. Çoxları artıq təqaüdə çıxıb. Biz həmişə bir-birimizə kömək edirdik. Məsələn, eyni saatda üç-dörd tədbir keçirilirdi. Fotoqraflarla razılaşırdıq: hər kəs öz tədbirinə gedirdi, sonra bir yerə yığışıb fotoları bir-birimizə paylayırdıq. İndi hər şeyi internet vasitəsilə göndərmək mümkündür, amma o vaxt fotolar kağız üzərində çap olunurdu və onları fiziki olaraq götürmək lazım gəlirdi.
Onlarla çoxlu yaxşı xatirələrim var. Bir dəfə futbol çəkirdik. Stadionda işıqlar söndü və Azərbaycan komandasına texniki məğlubiyyət verildi. Hamımız pərişan halda gedirdik. Birdən rəqib komandanın məşqçisinin belə dediyini eşitdik: “Mən bura bunun üçün gəlməmişəm. Oynamaq istəyirəm və sabah davam edəcəyik!” Hamımız qucaqlaşdıq... Belə hadisələr də olurdu.
- O vaxtdan bəri idman dəyişib?
- Bəli, jurnalistikanın iş prinsipləri də dəyişib. Yadımdadır, əvvəllər televiziya üçün hər bir oyunçunun ayrıca fotosunu çəkməli idik. Matçdan əvvəl onları bir-bir göstərir, aşağıda adını, soyadını, boyunu və yaşını yazırdılar.
Əvvəllər hər şey bir növ daha asan idi. İndi isə sanki müəyyən ciddilik yaranıb. Elə futbola baxaq. O illərdə meydanın demək olar ki, istənilən yerində dayanıb çəkə bilirdik. İndi isə fotoqraflar yalnız qapının arxasında dayanırlar - vəssalam, başqa yerə hərəkət etmək olmaz.
O vaxt yarışlara azarkeşlər də daha çox gəlirdi. Voleybolda yadımdadır: biletlər pullu idi, amma tamaşaçı çox olurdu. Hətta azarkeşlər üçün nəzərdə tutulmayan yerlərdə belə dayanırdılar. İndi isə giriş pulsuzdur, amma zallar boşdur.

- Siz Heydər Əliyevi fotoşəkillərə köçürdüyünüzü danışmısınız. Onunla görüşünüz sizə necə təsir edib?
- Hər adama belə bir insanı fotoşəkil çəkmək imkanı nəsib olmur. Bir dəfə onun fotosunu çəkdim, qəzetə apardım və rəhbərim həmin fotonu A1 formatında çap etməyimi xahiş etdi. Sonra şəkli çərçivəyə salıb apardılar. Onu kimə hədiyyə etdiklərini bilmirəm. Ola bilsin ki, elə Heydər Əliyevin özünə.
Bir hadisə də yadımdadır. Bir qəsəbənin rəhbəri danışırdı ki, hər evdə telefon quraşdırılıb. Biz də həmin yerdən çəkiliş aparırdıq. Heydər Əliyev dedi: “Mən yoxlayacağam”. Görüşün sonunda həqiqətən də dedi: “Gedək, telefonlara baxaq”. Onlar ora tərəf getdilər, mən isə qabağa çıxıb onu çəkməyə başladım. Yol hələ asfaltlanmamışdı, hər tərəf daş idi. Gedə-gedə foto çəkirdim, o da mənə dedi: “Yavaş, oğlum, yıxılarsan”. Mən bunu indi də xatırlayıram.
Mən onu çox sevirdim. Xarakterindəki bəzi xüsusiyyətlər mənə yaxın gəlirdi, atamı xatırladırdı. Heydər Əliyev vəfat edəndə bunu çox ağır keçirdim. İndi də onu göz yaşları ilə xatırlayıram. 2002-ci ildə Heydər Əliyevin iştirak etdiyi Şəki Olimpiya İdman Kompleksinin açılışını çəkmişdim. Ötən il MDB Oyunları zamanı ora getdim. Dayanıb həmin günləri xatırladım və gözlərimdən yaş axdı.
Xatırlayıram ki, 50 yaşımda Lider TV-nin kollektivi ilə Heydər Əliyev zirvəsinə qalxmaq mənə qismət oldu. Həmin zirvədə də xatirə şəkilləri çəkdik.

- İslam müəllim, siz uzun illərdir bu peşədəsiniz və çoxdan əmək fəaliyyətinizi başa vurub dincələ bilərdiniz. Sizi hələ də fotoaparatı əlinizə götürüb yarışlara getməyə vadar edən nədir?
- Bu işə olan sevgim. Fotoşəkil çəkməyi sevirəm. İşimi davam etdirmək mənim üçün heç də çətin deyil. Sadəcə, fotoaparatın xarab olacağından qorxuram. Söhbət çörək pulumdan getmir, yox. Pulun fərqi yoxdur. Mən məsuliyyət hiss edirəm. Və bunu gənc nəslə də öyrədirəm.
