Çin şirkətinin robotu Useyn Boltun rekordunu keçdi - VİDEO

18 Avqust 2026 17:29
90
Çin şirkətinin robotu Useyn Boltun rekordunu keçdi - VİDEO

Çinin “Unitree” şirkətinin yeni humanoid robotu “Superman” 12,66 m/s sürətə çataraq Useyn Boltun 2009-cu ildə müəyyənləşdirdiyi maksimal sürət göstəricisini keçib.

İdman.Biz xəbər verir ki, şirkətin açıqladığı məlumata görə, robot eyni zamanda 2 metr hündürlüyündə şaquli sıçrayış həyata keçirə bilir.

Robotun əldə etdiyi 12,66 m/s sürət təxminən 45,6 km/saat təşkil edir. Boltun 2009-cu ildə 100 metr məsafəyə dünya rekordunu müəyyənləşdirdiyi qaçış zamanı maksimal sürəti 12,42 m/s olub.

Bununla belə, “Unitree”nin göstəricisi hələ müstəqil şəkildə təsdiqlənməyib.

Lakin sınaq hər şey planlaşdırıldığı kimi başa çatmayıb. Yüksək sürətlə hərəkət edən robot bir müddət sonra idarəetməni itirərək elektrik şkafına çırpılıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər robotun yüksək sürətdən sonra vaxtında əyləcləyə bilməməsinə diqqət çəkiblər.

“Unitree” bildirib ki, “Superman” prototipi cəmi üç aydan bir qədər çox müddətdə hazırlanıb və hələ yekun inkişaf mərhələsinə çatmayıb. Robotun ayaqlarının uzunluğu təxminən 85 santimetrdir.

İdman.Biz
Məqalədə: