2026-cı ilin “İdman Paytaxtı” Qazax şəhərində İdman Festivalı keçirilir.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, festivalda 13-15 yaşlı uşaqlardan ibarət idmançılar atletika, ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, boks, cüdo, futbol, gimnastika, həndbol, alpinizm, qılıncoynatma, qış idman növləri, kamandan oxatma, reqbi, stolüstü tennis, su idman növləri, taekvondo, güləş, tennis, triatlon, velosiped, voleybol və üzgüçülük idman növləri üzrə təmsil olunurlar.
Festival çərçivəsində ilkin tibbi yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə, xilasetmə, konstitusiya, skautinq, Milli Antidopinq Agentliyi (AMADA) və süni intellekt (AI) mövzularında təlimlər keçirilir. Bununla yanaşı, iştirakçılar arasında kamandan oxatma yarışı da təşkil olunub.
Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, onlarla söhbət edib və suallarını cavablandırıb.
Səmimi şəraitdə keçən görüşdə müxtəlif idman növlərini təmsil edən iştirakçılar festivalla bağlı təəssüratlarını bölüşüblər.
Sonda Fərid Qayıbov idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, festivala noyabrın 22-də yekun vurulacaq.
