Azərbaycanın uşu-sanda üzrə gənclərdən ibarət yığması Türkiyənin Bolu şəhərində keçirilən IX Açıq Balkan Çempionatı və Avrasiya Kubokunda uğurlu nəticə göstərib. Komandamız yarışı 19 medalla başa vurub. Bundan əlavə, komanda yarışlarında iştirak edən gənclərdən ibarət yığmamız Türkiyə komandasından sonra ümumi hesabda ikinci yeri tutub.
İdman.Biz uğurlu nəticələri nəzərə alaraq, Azərbaycanın uşu-sanda üzrə gənclərdən ibarət yığmasının baş məşqçisi Elçin Eminovdan açıqlama alıb.
Mütəxəssis yarışın yüksək səviyyədə təşkil olunduğunu, bu il iştirakçı ölkələrin sayının artdığını və rəqabətin güclü olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan komandası yarışa ciddi hazırlaşıb və idmançılarımızın böyük əksəriyyəti final mərhələsinədək irəliləyib.
“Balkan çempionatı bu il çox yüksək səviyyədə təşkil olundu və keçirildi. Artıq komandamız olaraq hər il ənənəvi şəkildə Balkan çempionatında iştirak edirik.
Qeyd etmək istəyirəm ki, builki yarış ötən illə müqayisədə təşkilatçılıq baxımından daha yüksək səviyyədə idi. Həm yarışın təşkilindən, həm də hakimlərin idarəçiliyindən və qəbul etdikləri qərarlardan tam razı qaldıq.
İlk dəfə olaraq Balkan çempionatında 21 ölkənin komandaları iştirak edirdi. Bu da yarışda rəqabətin kifayət qədər güclü olacağından xəbər verirdi. Lakin bizim əsas rəqibimiz qardaş Türkiyə komandası idi.
Demək olar ki, 18 idmançımızın hamısı final mərhələsinə qədər irəlilədi. İdmançılarımız arasında elələri də var idi ki, təcrübə çatışmazlığı səbəbindən məğlub oldular. Amma bu məğlubiyyətlər də onlar üçün böyük təcrübə və gələcək yarışlara hazırlıq baxımından mühüm dərs oldu.
Bu yarışa var gücümüzlə hazırlaşmışdıq. Hətta Fransada keçirilən son Avropa çempionatında çempion olan idmançılarımızı da bu yarışda sınaqdan keçirmişdik.
Onların arasında 56 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionumuz Xəyal İbrahimov, həmçinin gənclər arasında Avropa çempionu Zaur Quluzadə xüsusi fərqləndilər. Zaur Quluzadə Premyer Sanda üzrə peşəkarlar arasında keçirilən döyüşlərdə Türkiyənin ən güclü idmançılarına qalib gələrək öz gücünü bir daha sübut etdi.
Qızıl medal qazanan digər idmançılarımız arasında Əli Cabbarov və Nihat Əsgərovu da xüsusi qeyd etmək istərdim.
Bu nəticələr idmançılarımızın yarışa nə qədər ciddi hazırlaşdığını və Azərbaycan uşu-sanda məktəbinin gücünü bir daha nümayiş etdirdi!
Əlbəttə, bu gün qazandığımız nəticələr göz qabağındadır. Artıq bizim gənclərimiz yetişir və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Bu uğurlar məni sevindirsə də, əldə olunan nəticələrlə kifayətlənmək fikrində deyilik. Biz arxayınlaşmırıq, daim qarşıdakı yarışları və yeni hədəflərimizi düşünürük. Çünki hər bir yarış bizi məqsədimizə bir addım da yaxınlaşdırır.
İnanıram ki, bu yarışda mübarizə aparan gənc idmançılarımız qarşıda böyüklər arasında keçiriləcək Dünya çempionatına da vəsiqə qazana biləcəklər.
Əsas hədəfimiz isə 2027-ci ildə Filippində keçiriləcək və iki ildən bir təşkil olunan uşu-sanda üzrə Dünya çempionatında iştirak etmək, ölkəmizi layiqincə təmsil edərək əvvəlki uğurlarımızı təkrarlamaqdır.
Komandamız üçün yaradılan şəraitə və göstərilən dəstəyə görə Azərbaycan Uşu Federasiyasının prezidenti, dəyərli Azər Həsənsoya bütün komandamız adından dərin təşəkkürümü bildirirəm”.
Sonda Elçin Eminov qarşıdakı əsas hədəfin 2027-ci ildə Filippində keçiriləcək dünya çempionatı olduğunu vurğulayıb. Baş məşqçi yetirmələrinin bu yarışda da ölkəmizi layiqincə təmsil edəcəyinə və əvvəlki uğurları təkrarlayacağına inandığını bildirib.
