Quba və Xaçmazda şəhidlərin adlarını daşıyan stadionlar yararsız vəziyyətdədir - VİDEO

30 İyul 2026 18:55
77
Quba və Xaçmazda şəhidlərin adlarını daşıyan stadionlar yararsız vəziyyətdədir

Quba və Xaçmaz rayonlarında şəhidlərin adını daşıyan kənd stadionlarının baxımsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

İdman.Biz bildirir ki, Quba və Xaçmazda şəhidlərin adını daşıyan stadionlar uzun müddətdir diqqətdən kənarda qalıb.

Belə ki, Shimal.News-a daxil olan müraciətlərdə, Quba rayonunun Xucbala kənd sakinləri Şəhid Sənan Nəsimi oğlu Qəhrəmanovun adını daşıyan stadionun yararsız olduğunu bildiriblər. Qeyd olunur ki, ərazidə mal-qara otlayır, şüşə qırıntıları var. Stadionun qapıları təmir olunacağı adı ilə sökülsə də, bir ildən artıqdır bərpa edilməyib. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə kənd nümayəndəliyinə və aidiyyəti qurumlara müraciət etsələr də, nəticə olmayıb.

Oxşar vəziyyət Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən Şəhid Qabil Laçın oğlu Alışovun adına olan stadionda da müşahidə edilir. Sakinlərin iddiasına görə, qəsəbədən axan çirkab suları stadion ərazisinə dolur, uşaqlar antisanitar şəraitdə idman etməyə məcbur qalırlar. Həmçinin qoruyucu hasarın olmaması səbəbindən heyvanların da stadiona daxil olduğu qeyd edilir.

Sakinlər deyirlər ki, şəhidlərin adını daşıyan stadionların bu vəziyyətdə qalması yolverilməzdir və aidiyyəti qurumlardan problemin qısa zamanda həllini tapmasını gözləyirlər.

İdman.Biz