Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərinə səfər edib.
İdman.Biz xəbər verir ki, nazir səfər çərçivəsində “Alem.AI” Beynəlxalq Süni İntellekt Mərkəzində keçirilən “Phygital Sports Summit Astana 2026” beynəlxalq idman sammitində iştirak edib.
Sammit zamanı Fərid Qayıbov “Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik” mövzusunda təşkil olunan sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar “Gələcəyin oyunları”nın rəsmi açılış mərasimini izləyiblər. Mərasimdə Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri də iştirak ediblər.
Səfər çərçivəsində Fərid Qayıbov Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov, eləcə də Özbəkistanın idman naziri Ədhəm İkramov ilə ikitərəfli görüşlər keçirib.
Nazir həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin baş qərargahını da ziyarət edib. Ziyarət zamanı Azərbaycanın hazırda sədrlik etdiyi AQEM (CICA) Gənclər Şurası çərçivəsində son iki il ərzində ölkəmizdə təşkil olunan tədbirlərdə könüllü kimi fəal iştirak etmiş və fərqlənmiş gənclərlə görüş keçirilib. Görüşdə gənclərə AQEM Katibliyinin fəaliyyəti, təşkilatın əsas istiqamətləri və beynəlxalq təşkilatlarda karyera imkanları barədə ətraflı məlumat verilib. Nazir Fərid Qayıbov həmçinin AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb. Görüşdə AQEM ilə gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
