Böyük idmanın arxasında öz işini ürəkdən sevən və ona bütün varlığı ilə bağlı olan milyonlarla insan dayanır. Onlar dünya ulduzları deyillər, amma məhz onların sayəsində idman sadəcə mövcud olmur - inkişaf edir, insanları birləşdirir və ilham verir.
Onlardan biri də Los-Ancelesdən olan 21 yaşlı Eyoel Mammodur.
İdman.Biz futbol üzrə dünya çempionatı zamanı ABŞ-da səfəri çərçivəsində onunla tanış olmaq və qeyri-adi hekayəsini dinləmək imkanı əldə edib.
Bu, Los-Ancelesin ən məşhur məhəllələrindən biri olan Venisdə növbəti səs-küylü futbol günü idi. Braziliya - Şotlandiya oyunundan sonra küçələr qələbəni qeyd edən braziliyalı azarkeşlərlə dolmuşdu. Mən isə onların arasında qısa sorğu üçün həmsöhbətlər axtarırdım. Diqqətimi Braziliya millisinin formasını geyinmiş bir gənc çəkdi. Lakin məlum oldu ki, o, əslində Efiopiya əsilli yerli sakindir. Həmin gün üzərində beşqat dünya çempionlarının forması olsa da, onu futbolla daha çox braziliyalıların əsas rəqibi Lionel Messi bağlayır.

Gənc uşaqlıqdan argentinalı ulduzun azarkeşidir, özü də futbol oynayır, hazırda uşaqları məşq etdirir və bazar günləri keçirilən pulsuz futbol oyunlarının təşkilinə kömək edir. Bir gün Mammo elə bir elanla rastlaşıb ki, bu elan sonradan ona təkcə 5 min dollar (8 500 manat) qazandırmayıb, həm də uşaqlıq kumiri ilə görüş bəxş edib.
Elanda cəmi bir cümlə yazılmışdı: “Futbol haqqında sənədli film üçün enerjili azarkeşlər axtarılır. Ödəniş – 5 min dollar”
“Fikirləşdim ki, yaxşı, niyə də yox? Heç nə itirmirəm”, – deyə Mammo xatırlayır.
O, müraciət edib, bütün həyatı boyu futbol oynadığını və uşaqlara məşq keçdiyini danışıb. Daha sonra müsahibələr və bir neçə seçim mərhələsi olub. Altı ay sonra Eyoel Mammo layihənin on iştirakçısından biri seçilib. Halbuki heç ağlına da gəlmirdi ki, çox keçmədən öz həyat hekayəsini sənədli film üçün yox, canlı futbol əfsanəsi Lionel Messinin özünə danışacaq.
Mammonun sözlərinə görə, o, hekayəsi qeyri-adi olduğu üçün seçilməyib.
“Mən Venisdə bazar günləri keçirilən pulsuz futbol oyunlarının təşkilinə kömək edirəm. Düşünürəm ki, bu vacibdir, çünki bizdə pulsuz futbol imkanları çox deyil. Bundan başqa, uşaqları məşq etdirirəm. Amma bunu edən çox adam var. Yəni burada qeyri-adi heç nə yoxdur. Düşünürəm ki, onlar sadəcə normal insan olduğumu və Messini çox sevdiyimi gördülər. Çünki anketdə onun adını dəfələrlə qeyd etmişdim, halbuki bunun onunla hansısa əlaqəsinin olduğunu bilmirdim”.
Layihənin əsas qəhrəmanının məhz Messi olacağı iştirakçılara əvvəlcədən deyilməmişdi. Hər şey bir anda baş verib. Çəkiliş zamanı Eyoel Mammo qapını açıb və ömrü boyu oyununu izlədiyi futbolçunu qarşısında görüb.
“İnsanın daxilində eyni anda o qədər hiss baş qaldırır ki, nə hiss etdiyini anlaya bilmirsən. Şok. Sevinc. Hətta qəribə bir hiss... Əlbəttə, kədər yox. Sadəcə qarşında doğulduğun gündən izlədiyin, kumirin olan insan dayanıb. Elə bil yuxudur. Hələ də buna inana bilmirəm” – deyə qəhramanımız bildirib.
Посмотреть эту публикацию в InstagramMəlum olub ki, Messi əvvəlcədən bütün iştirakçıların hekayələri ilə tanış olub. Tərcüməçinin köməyi ilə onlar bir qədər söhbət ediblər, görüşün xatirəsi olaraq isə üzərində soyadları yazılmış formaları bir-birilərinə hədiyyə ediblər.
“O mənə dedi: ‘Venisdə gördüyün bütün işlərə, uşaqları məşq etdirdiyinə görə sənə təşəkkür edirəm’. Mən isə düşündüm: ‘Sən mənə təşəkkür edirsən? Əslində milyonlarla səbəbə görə sənə təşəkkür etməli olan mənəm’”, – deyə gənc danışır.
Mammo üçün ən cəsarətli addım isə Messidən onunla “divar ötürməsi” etməsini xahiş etmək olub:
“Mən improvizə olunmuş qapıya qol vurdum, sonra qolu qeyd etdim və onu qucaqladım. Bu, sadəcə inanılmaz idi. O, həqiqətən də çox mehriban insandır”.
Eyoel Mammonun sözlərinə görə, həyatda onun kumiri çoxlarının təsəvvür etdiyi kimi utancaq deyil. Əksinə, açıqürəkli, gülərüz və azarkeşlərlə vaxt keçirməkdən səmimi zövq alan bir insandır:
“Bəlkə də bu, klişe səslənəcək, amma içəri girən kimi insanların danışdığı o hissi – sanki insanın ətrafında xüsusi bir aura, xüsusi işıq varmış kimi – həqiqətən hiss etdim. Bu, heyrətamiz idi. Boyu hündür deyil. Tutaq ki, qarşımda Maykl Cordan olsaydı, təkcə boyuna görə təsirlənərdin. Amma Messidə elə bir enerji var ki, mən ondan təxminən 12 santimetr hündür olsam da, elə hiss edirdim ki, sanki o məndən qat-qat böyükdür”.
Mammonun Messiyə sevgisi atasından başlayıb. Atası “Barselona” azarkeşi olub. Argentinalının ən parlaq illəri də məhz onun uşaqlıq dövrünə təsadüf etdiyindən, o, böyüyərkən daim kumirinin oyununu izləyib:
“Bu, heç də mənim şüurlu seçimim olmayıb. Daha çox atam bu seçimi mənim əvəzimə edib. Böyüdükcə isə əmin oldum ki, o, futbol tarixinin ən böyük oyunçusudur. Nəyə görə başqa birini axtarmalıyam ki? Siz onun necə oynadığını görmüsünüz. O, sanki başqa planetdəndir. Adi insanlar belə oynaya bilməz”.
Mammo etiraf edir ki, məhz Messi onu futbola azarkeşlik etməyə yox, həyatını futbola həsr etməyə ruhlandırıb:
“Futbol mənim üçün hər şeydir. ABŞ-da böyüyəndə hamı soruşurdu: ‘Məktəbdən sonra nə edəcəksən? Hara qəbul olacaqsan? Hansı peşəni seçəcəksən?’ Mənim isə heç vaxt konkret cavabım olmayıb. Alim və ya başqa bir peşə sahibi olmağı arzulamamışam. Mən sadəcə futbolu sevirdim.
Bu sevginin məni hara aparacağını bilmirdim. Amma Allaha şükür ki, bu gün uşaqlara məşq keçməklə pul qazanıram. Paralel olaraq isə futbol oynamaq istəyən hər kəsə pulsuz futbol oynamaq imkanı yaratmağa kömək edirəm. Futbol insanları birləşdirir. Bizim oyunlara gələnlərin yarısı heç ingilis dilini də bilmir, onlar portuqalca danışırlar. Amma sözlərə ehtiyac yoxdur. Qarşında futbol topu olanda xüsusi bir hiss yaranır”.
Eyoel Mammo üçün onu bu yola gətirən insanla görüş sadəcə birgə şəkil çəkdirmək və ya bir neçə dəqiqə söhbət etməkdən qat-qat böyük məna daşıyır. Ola bilsin ki, məhz həmin gün onun həyatı üçün yeni başlanğıc nöqtəsinə çevrilsin.
“Məhz Messiyə görə futbol oynayıram. Hər şey onun sayəsində başladı. Buna görə də bu görüş mənim üçün hər şey demək idi. Həyatımı dəyişəcəkmi, yoxsa məni hansısa istiqamətə sövq edəcəkmi – hələ bilmirəm. Ola bilsin ki, bunu bir qədər sonra anlayacağam”, - deyə o, fikrini yekunlaşdırıb.


