Dördüncü Avropa Oyunlarına bir il qaldı: Azərbaycan idmançılarını nə gözləyir? - İDMAN.BİZ-in İCMALI

15 İyul 2026 13:11
87
Dördüncü Avropa Oyunlarına bir il qaldı: Azərbaycan idmançılarını nə gözləyir? - İDMAN.BİZ-in İCMALI

İstanbulda keçiriləcək dördüncü Avropa Oyunlarının startına düz bir il qalır. Yarışın proqramı artıq təsdiqlənib - çoxnövlü idman forumunda 26 idman növü təmsil olunacaq və onların bir qismi üçün bu yarış Los-Anceles Olimpiadasına vəsiqə qazanmaq baxımından mühüm seçmə mərhələsi olacaq.

İdman.Biz xəbər verir ki, Avropa Oyunları idmançıların dördilliyin əsas yarışına vəsiqə qazanması üçün mühüm platformaya çevriləcək. Burada həm birbaşa olimpiya lisenziyaları, həm də olimpiya reytinqinə təsir edən xallar uğrunda mübarizə aparılacaq. İdman növlərinin yekun şəkildə proqramda yer alması isə müvafiq federasiyalarla razılaşmaların imzalanmasından asılıdır.

İstanbuldakı Avropa Oyunlarının proqramında akademik avarçəkmə (sahil sprinti), ağır atletika və skvoş debüt edəcək. Skvoş (Oyunçular kiçik rezin topu raketlə ön divara vururlar - red.) eyni zamanda ilk dəfə Olimpiya Oyunlarının da proqramına daxil ediləcək. Bununla yanaşı, Krakov-2023 Oyunlarında proqramdan kənarda qalan gimnastika, voleybol və güləş yenidən Avropa Oyunlarına qayıdacaq.

Avropa Olimpiya Komitələrinin (EOC) Koordinasiya Komissiyasının sədri Mixay Kovaliu bildirib ki, “İstanbul-2027” Los-Anceles Olimpiadasına gedən yolda mühüm mərhələ olacaq:

“26 idman növü və geniş təsnifat imkanları sayəsində Oyunlar Avropa idmançılarına yüksək səviyyəli çıxış və seçmə mərhələsi üçün əla platforma təqdim edəcək”.

“İstanbul-2027” Təşkilat Komitəsinin baş direktoru Vəli Ozan Çakır isə əlavə edib:

“İstanbuldakı Avropa Oyunları qitədə idmanın gücünü və müxtəlifliyini nümayiş etdirəcək. Biz həm idman ustalığını, həm də şəhərimizin baxışını əks etdirən proqram hazırlamışıq”.

Beləliklə, Avropa Oyunlarının proqramına 3x3 basketbol, su idman növləri, oxatma, atletika (Avropa komanda çempionatı), badminton, boks, kayak və kanoe (sprint), qılıncoynatma, gimnastika, cüdo, karate, kikboksinq, müasir beşnövçülük, muay-tay, padel, akademik avarçəkmə (sahil sprinti), reqbi-7, atıcılıq, idman dırmanması, skvoş, stolüstü tennis, taekvondo, triatlon, voleybol, ağır atletika və güləş daxil edilib.

Çoxnövlü idman forumunun yarış cədvəlinə gəlincə, açılış mərasimi iyunun 16-na, bağlanış mərasimi isə iyunun 27-nə planlaşdırılıb.

İndi növbə ayrı-ayrı idman növləri üzrə Avropa federasiyaları ilə EOC və Təşkilat Komitəsi arasında müqavilələrin imzalanmasınadır. Xüsusilə, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov bildirib ki, çoxnövlü forum xüsusi diqqət mərkəzindədir.

“Biz proqrama ilk dəfə 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında, daha sonra isə Minskdə təqdim olunan eyni altı gimnastika növünü daxil etməyə çalışırıq. Bunlar kişi və qadın idman gimnastikası, bədii gimnastika, akrobatika gimnastikası, aerobika gimnastikası və batut gimnastikasıdır”, – deyə F.Qayıbov bildirib.

Olimpiya kvotalarına gəlincə, Krakov-2023 üçüncü Avropa Oyunlarında Paris Olimpiadasına 100-dən çox vəsiqə uğrunda mübarizə aparılmışdı. Güləşin də proqrama qayıtdığını nəzərə alsaq, İstanbulda bu sayın xeyli çox olması istisna edilmir. Hazırda çoxnövlü idman forumunun tam proqramının hazırlanması yekunlaşmaq üzrədir və onun yaxın vaxtlarda son formasını alacağı gözlənilir.

İdman.Biz