Ramil Quliyevin xanımının Olimpiya medalı əlindən alındı - FOTO

23 İyun 2026 10:49
142
Ramil Quliyevin xanımının Olimpiya medalı əlindən alındı - FOTO

Beynəlxalq Olimpiya Komitəsi London-2012 Yay Olimpiya Oyunlarının nəticələri ilə bağlı növbəti qərarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, dəyişiklik yüngül atletika üzrə qadınların 800 metr məsafəyə qaçış yarışına aiddir. BOK-un qərarına əsasən, Yekaterina Quliyevanın həmin yarışdakı nəticəsi ləğv edilib.

Rusiya yığmasının heyətində Yekaterina Poistoqova soyadı ilə çıxış edən idmançı əvvəlcə London-2012-də bürünc medal qazanıb. Sonradan Mariya Savinovanın dopinqə görə diskvalifikasiyasından sonra Poistoqova gümüş medalçı elan olunub.

Eyni müddətdə Poistoqova da dopinq pozuntularına görə iki il müddətinə diskvalifikasiya edilsə də, İdman Arbitraj Məhkəməsinin qərarı ilə Olimpiya medalını qoruya bilib.

Lakin Rusiya Atletika Federasiyası Moskva Antidopinq Laboratoriyasının yeni qərarından sonra onun da adı medalçılar siyahısından çıxarılıb.

"Athletics Integrity Unit"in məlumatına görə, Quliyevadan 2012-ci ilin iyulunda götürülən nümunələrdə qadağan olunmuş DHEA, androstenedion və boldenon maddələri aşkarlanıb. Nəticədə onun 2012-ci il iyulun 17-dən 2014-cü il oktyabrın 20-dək olan nəticələri ləğv edilib. London Olimpiadası da məhz bu dövrə təsadüf edib. 2025-ci ilin mayında idmançının apellyasiya şikayəti qəti şəkildə rədd olunub, bundan sonra BOK medal bölgüsünü yeniləyib.

Beləliklə, London-2012-nin qadınlar arasında 800 metr yarışında medal bölgüsü yenidən formalaşıb. Cənubi Afrika Respublikasının idmançısı Kaster Semenya qızıl medalçı kimi qalır. Keniyalı Pamela Celimo gümüş, ABŞ təmsilçisi Alisiya Montanyo isə bürünc medal alacaq.

Qeyd edək ki, Quliyeva hazırda Türkiyəni təmsil edir. O, yüngül atletika üzrə 2017-ci il Dünya Çempionatının və 2018-ci il Avropa Çempionatının qalibi, Azərbaycan əsilli Ramil Quliyevin həyat yoldaşıdır.

İdman.Biz